
Bəzən bir bayraq bütöv bir xalqın tarixini, mübarizəsini, arzularını və gələcəyə inamını özündə yaşadır. Azərbaycan bayrağı da məhz belə müqəddəs dəyərlərin rəmzidir. O, sadəcə dövlət atributu deyil, hər bir azərbaycanlının qəlbində yaşayan Vətən sevgisinin, milli birliyin və azadlıq eşqinin təcəssümüdür. Göy üzündə dalğalanan üçrəngli bayrağımıza baxanda tariximizin şanlı səhifələri, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə, qəhrəman oğul və qızlarımızın Vətənə sədaqəti göz önündə canlanır. Mavi rəngimiz milli köklərimizi, qırmızı rəngimiz inkişaf və müasirlik arzularımızı, yaşıl rəngimiz isə mənəvi dəyərlərimizi ifadə edir. Aypara və səkkizguşəli ulduz isə bayrağımıza xüsusi məna və gözəllik bəxş edir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayraq müstəqil dövlətçilik tariximizin əsas yadigarlandandır. Sovet hakimiyyəti illərində bu bayrağa həsrət qalan xalqımız müstəqilliyin bərpası ilə öz müqəddəs rəmzinə yenidən qovuşdu. Bu tarixi prosesdə ulu öndər Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyevin dövlətçilik siyasəti nəticəsində milli rəmzlərimizə ehtiram, Vətənə bağlılıq və azərbaycançılıq ideologiyası dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bayrağı beynəlxalq arenalarda, mötəbər tədbirlərdə və dünyanın müxtəlif ölkələrində qürurla dalğalanır. Xüsusilə torpaqlarımızın işğaldan azad olunmasından sonra üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda dalğalanması xalqımızın çoxəsrlik tarixində unudulmaz hadisəyə çevrildi. Bu mənzərə bizə bir daha sübüt etdi ki, bayraq yalnız yüksəkliklərdə dalğalanmır, o, həm də xalqın qəlbində, yaddaşında və milli ruhunda yaşayır. Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün adi təqvim günü deyil. Bu gün müstəqilliyimizin dəyərini anlamaq, şəhidlərimizin əziz xatirəsini yad etmək, qazilərimizin qəhrəmanlığını ehtiramla xatırlamaq və gələcək nəsillərə Vətən sevgisini aşılamaq günüdür. Müəllim olaraq hesab edirəm ki, gənc nəslin dövlət rəmzlərimizə hörmət ruhunda yetişdirilməsi əsas vəzifələrimizdəndir. Şagirdlər bilməlidirlər ki, bayrağımızın hər bir rəngi, hər bir simvolu xalqımızın keçdiyi tarixi yolu, milli kimliyimizin və müstəqilliyimizin ifadəsidir. Bayrağa sevgi Vətənə sevgidir. Onu qorumaq isə milli qürurumuzu qorumaq deməkdir. Bayrağımız - qürurumuz, fəxrimiz, kimliyimizdir! Sabunçu rayonu, Z. Bəhmənov adına 68 nömrəli məktəb Azərbaycan dili və ədəbiyyat müəllimi: İsmayılova Gülzar
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.