DÖVLƏTİN ƏBƏDİ SÖZÜ: AZƏRBAYCAN KONSTİTUSİYASININ TARİXİ VƏ SİYASİ MƏNASI

DÖVLƏTİN ƏBƏDİ SÖZÜ: AZƏRBAYCAN KONSTİTUSİYASININ TARİXİ VƏ SİYASİ MƏNASI

Azərbaycan Respublikasının Konstitusiya Günü dövlətçilik tariximizin ən mühüm siyasi-hüquqi hadisələrindən birinin – müstəqil dövlətimizin Əsas Qanununun qəbul edilməsinin tarixi əhəmiyyətini ifadə edir. Hər il noyabrın 12-də qeyd olunan bu əlamətdar gün Azərbaycan xalqının dövlət müstəqilliyinə, suverenliyinə, hüquqi dövlət quruculuğuna və milli iradəsinə əsaslanan inkişaf yolunun mühüm mərhələsini xatırladır. Konstitusiya yalnız dövlətin idarəçilik mexanizmini müəyyənləşdirən hüquqi sənəd deyil, həm də xalqın siyasi düşüncəsini, tarixi təcrübəsini, milli maraqlarını və gələcəyə dair strateji məqsədlərini özündə birləşdirən fundamental dövlətçilik aktıdır. Onun qəbul edilməsi Azərbaycanın müstəqillik tarixində yeni siyasi-hüquqi mərhələnin başlanğıcı olmuşdur.
Azərbaycanın konstitusiya quruculuğu tarixini araşdırarkən bu prosesə yalnız 1995-ci ildən başlayan hüquqi hadisə kimi yanaşmaq düzgün olmazdı. Ölkəmizin konstitusiya ənənələri XX əsrin əvvəllərində formalaşmağa başlamış, müxtəlif siyasi rejimlərin təsiri altında fərqli inkişaf mərhələlərindən keçmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də elan etdiyi istiqlal dövlətçilik tariximizdə fundamental dönüş yaratmışdı. Şərqdə ilk parlamentli demokratik respublikalardan biri olan Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətin siyasi və hüquqi əsaslarını yaratmağa çalışırdı. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın sovet Rusiyası tərəfindən işğalı nəticəsində Cümhuriyyətin mövcudluğuna son qoyuldu. 23 aylıq müstəqillik dövründə Cümhuriyyətin ayrıca Konstitusiyası qəbul edilmədi. Bununla belə, 1918–1920-ci illərdə həyata keçirilən dövlət quruculuğu tədbirləri, parlamentçilik təcrübəsi, vətəndaş hüquqlarına verilən əhəmiyyət və milli suverenlik ideyası sonrakı konstitusiya inkişafı üçün tarixi zəmin yaratdı.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edildi. Bu sənəd Azərbaycan Sovet Sosialist Respublikasının siyasi və hüquqi sistemini müəyyənləşdirirdi. Lakin həmin dövrün konstitusiya quruculuğunun mahiyyətini qiymətləndirərkən nəzərə almaq lazımdır ki, Azərbaycan artıq müstəqil siyasi iradəyə malik dövlət deyildi. Sovet hakimiyyətinin ideoloji və inzibati idarəçilik sistemi respublikanın hüquqi institutlarının fəaliyyətinə birbaşa təsir göstərirdi. 1925-ci il martın 14-də SSRİ-nin yaradılması ilə əlaqədar Azərbaycan SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiya qəbul edildi. 1927-ci il martın 26-da isə Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiqləndi.
1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsindən sonra Azərbaycan SSR-də də yeni Əsas Qanunun hazırlanması zərurəti yarandı. Nəticədə 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edildi. Bu sənəd sovet dövlətçiliyinin siyasi, iqtisadi və sosial prinsiplərini respublikanın hüquqi sistemində təsbit edirdi. Lakin formal olaraq respublikanın dövlətçilik atributları və müəyyən səlahiyyətləri mövcud olsa da, real siyasi qərarların qəbulunda mərkəzi sovet hakimiyyətinin üstün mövqeyi qorunurdu. Beləliklə, konstitusiya normaları ilə faktiki siyasi idarəçilik arasında müəyyən fərqlər meydana çıxırdı.
Azərbaycanın konstitusiya tarixində 1978-ci il xüsusi əhəmiyyətə malikdir. Həmin il aprelin 21-də Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edildi. Bu sənədin hazırlanması prosesində dövlət dili məsələsi xüsusi yer tuturdu. 1978-ci il aprelin 2-də Konstitusiya layihəsinin müzakirəsi zamanı Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması təmin edildi. Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili olduğu rəsmiləşdirildi. Bu, sovet ideoloji sisteminin mövcud olduğu mürəkkəb tarixi şəraitdə milli-mənəvi dəyərlərin, ana dilinin və milli kimliyin qorunması baxımından mühüm hadisə idi. Həmin addım Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi ilə yanaşı, gələcək müstəqil dövlətçilik düşüncəsinin inkişafına da təsir göstərdi. 
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin siyasi və hüquqi sisteminin yeni prinsiplər əsasında qurulması tarixi zərurətə çevrildi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı müstəqil dövlətin hüquqi əsaslarını müəyyənləşdirdi. Bununla belə, müstəqilliyin ilk illərində ölkədə baş verən siyasi proseslər, hakimiyyət böhranı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, iqtisadi tənəzzül və dövlət idarəçiliyində yaranmış ciddi problemlər hüquqi dövlət quruculuğunun həyata keçirilməsini çətinləşdirirdi. Müstəqilliyin formal hüquqi elan edilməsi ilə onun real dövlət institutları vasitəsilə təmin olunması arasında ciddi fərq mövcud idi.
1993-cü ildə Azərbaycanda siyasi hakimiyyət dəyişikliyi və Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıdışı dövlətçiliyin qorunması baxımından həlledici mərhələ oldu. Həmin dövrdə ölkənin qarşısında duran əsas vəzifələrdən biri siyasi sabitliyin bərpa edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və hüquqi idarəçilik sisteminin formalaşdırılması idi. Dövlətin siyasi suverenliyinin təmin edilməsi üçün yalnız inzibati idarəçilik tədbirləri kifayət etmirdi. Müstəqil Azərbaycanın bütün dövlət orqanlarının səlahiyyətlərini, vətəndaşların hüquq və azadlıqlarını, hakimiyyətin fəaliyyət prinsiplərini müəyyənləşdirən yeni Konstitusiyaya ehtiyac yaranmışdı.
Məhz bu tarixi zərurətdən irəli gələrək, Cənab Prezident Heydər Əliyevin rəhbərliyi ilə yeni Konstitusiya layihəsinin hazırlanması istiqamətində mühüm işlər həyata keçirildi. 1995-ci ildə Konstitusiya layihəsini hazırlayan xüsusi komissiya yaradıldı və onun fəaliyyətinə Cənab Prezident Heydər Əliyev rəhbərlik etdi. Layihənin hazırlanması zamanı Azərbaycanın tarixi dövlətçilik ənənələri, beynəlxalq hüququn fundamental prinsipləri, müasir demokratik idarəçilik təcrübəsi və insan hüquqlarının qorunması məsələləri nəzərə alındı. Sənədin hazırlanması yalnız hüquqi normaların toplusunun yaradılması deyildi; bu, müstəqil Azərbaycanın gələcək inkişaf modelinin müəyyənləşdirilməsi prosesi idi.
1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumu Azərbaycan tarixində mühüm siyasi-hüquqi hadisəyə çevrildi. Xalqın iradəsi əsasında müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Həmin tarix ölkənin konstitusiya quruculuğunda yeni mərhələnin başlanğıcı kimi tarixə düşdü. Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Beləliklə, Azərbaycan özünün müstəqil dövlətçilik modelini vahid və ali hüquqi sənəd əsasında müəyyənləşdirdi. Noyabrın 12-nin Konstitusiya Günü kimi qeyd olunması da məhz bu tarixi hadisə ilə bağlıdır. 
1995-ci il Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixində keyfiyyətcə yeni mərhələ yaratdı. Konstitusiyanın Preambulasında xalqın çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsi, dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması, demokratik quruluşun təmin edilməsi, hüquqi və dünyəvi dövlətin qurulması, insan hüquq və azadlıqlarının müdafiəsi kimi fundamental məqsədlər ifadə olunmuşdur. Bu müddəalar müstəqil Azərbaycan dövlətinin ideoloji və hüquqi istiqamətlərini müəyyənləşdirən əsas prinsiplərdir.
Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri dövlət hakimiyyətinin mənbəyinin xalq olması prinsipinin təsbit edilməsidir. Əsas Qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu prinsip demokratik dövlət idarəçiliyinin fundamental əsasını təşkil edir. Dövlət hakimiyyətinin xalqın iradəsinə əsaslanması seçkilərin, referendumların və digər demokratik iştirak mexanizmlərinin hüquqi əhəmiyyətini artırır. Bu baxımdan Konstitusiya xalqı yalnız dövlət idarəçiliyinin təsir dairəsində olan subyekt kimi deyil, həm də siyasi hakimiyyətin legitim mənbəyi kimi müəyyən edir.
Konstitusiyanın 7-ci maddəsində Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olması təsbit edilmişdir. Bu dörd prinsip dövlətin siyasi və hüquqi mahiyyətini müəyyənləşdirir. Demokratiklik xalqın hakimiyyətin formalaşmasında iştirakını, hüquqi dövlət qanunların aliliyini və dövlət orqanlarının hüquq çərçivəsində fəaliyyətini, dünyəvilik din və dövlət münasibətlərinin hüquqi əsaslarla tənzimlənməsini, unitar quruluş isə ölkənin vahid dövlət sistemi əsasında idarə olunmasını ifadə edir.
Hakimiyyət bölgüsü prinsipi də 1995-ci il Konstitusiyasının mühüm yeniliklərindən biri idi. Qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin ayrı-ayrı dövlət institutları tərəfindən həyata keçirilməsi dövlət idarəçiliyində səlahiyyətlərin müəyyənləşdirilməsi və qarşılıqlı fəaliyyət mexanizminin qurulması baxımından mühüm əhəmiyyət daşıyırdı. Milli Məclis qanunvericilik hakimiyyətini, Prezident icra hakimiyyətini, məhkəmələr isə məhkəmə hakimiyyətini həyata keçirir. Bu sistem dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivəsini müəyyənləşdirir və dövlət hakimiyyətinin təşkilində institusional tarazlığın yaradılmasına xidmət edir.
Konstitusiyanın əsas istiqamətlərindən biri də insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasıdır. Əsas Qanunun 12-ci maddəsində insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyənləşdirilmişdir. Bu müddəa dövlətin fəaliyyətində insan amilinin prioritet olduğunu göstərir. Yaşamaq hüququ, şəxsi toxunulmazlıq, fikir və söz azadlığı, vicdan azadlığı, mülkiyyət hüququ, təhsil hüququ, əmək hüququ və digər fundamental hüquqlar Konstitusiyada öz əksini tapmışdır. Bununla Azərbaycan dövləti vətəndaşla dövlət arasında münasibətlərin hüquqi əsaslarını müəyyənləşdirmiş, insan ləyaqətinin və azadlıqlarının müdafiəsini konstitusion öhdəlik səviyyəsinə yüksəltmişdir.
Konstitusiyanın qəbulundan sonrakı dövrdə Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən dəyişikliklər Əsas Qanunun təkmilləşdirilməsini də zəruri etmişdir. Hər bir konstitusiya dövlətin inkişaf səviyyəsi, cəmiyyətin ehtiyacları və siyasi-hüquqi münasibətlərin dəyişməsi ilə əlaqədar müəyyən yenilənmə prosesindən keçir. Azərbaycan Konstitusiyasına da ümumxalq referendumları vasitəsilə bir sıra əlavə və dəyişikliklər edilmişdir.
2002-ci il avqustun 24-də keçirilən referendum müstəqil Azərbaycanın konstitusiya inkişafında ilk mühüm dəyişiklik mərhələsi oldu. Bu dəyişikliklər prezident seçkiləri, parlament seçkilərinin nəticələrinin müəyyənləşdirilməsi, vətəndaşların hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və digər məsələləri əhatə edirdi. Həmin referendum Cənab Prezident Heydər Əliyevin siyasi rəhbərliyi dövründə həyata keçirilmiş konstitusiya islahatlarının mühüm tərkib hissəsi idi. Dəyişikliklərin əsas məqsədlərindən biri ölkənin hüquqi sisteminin inkişaf etdirilməsi və dövlət idarəçiliyinin yeni mərhələnin tələblərinə uyğunlaşdırılması idi.
2003-cü ildən sonra Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ başlandı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasi, iqtisadi və institusional islahatlar konstitusiya quruculuğuna da təsirsiz qalmadı. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial müdafiə sisteminin genişləndirilməsi, beynəlxalq münasibətlərdə Azərbaycanın mövqeyinin gücləndirilməsi və hüquqi institutların yenilənməsi dövlət siyasətinin mühüm istiqamətlərinə çevrildi.
2009-cu il martın 18-də keçirilən referendum Azərbaycan Konstitusiyasına edilən növbəti mühüm dəyişikliklərlə yadda qaldı. Bu referendum nəticəsində Əsas Qanunun bir sıra maddələrinə əlavə və dəyişikliklər edildi. Xüsusilə insan hüquq və azadlıqlarının müdafiəsi, sosial dövlət prinsipləri, dövlət orqanlarının fəaliyyəti və siyasi idarəçilik mexanizmləri ilə bağlı müddəalar yeniləndi. Konstitusiya dəyişikliklərinin bir qismi müasir sosial-iqtisadi münasibətlərin və dövlət idarəçiliyinin inkişaf edən tələblərinə uyğunlaşma məqsədi daşıyırdı.
2016-cı il sentyabrın 26-da keçirilmiş referendum isə Azərbaycan konstitusiya tarixində növbəti mühüm mərhələ oldu. Həmin referendum nəticəsində Konstitusiyanın bir sıra maddələrinə əlavə və dəyişikliklər edildi, yeni maddələr daxil olundu. Prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə çatdırılması, vitse-prezidentlik institutunun yaradılması və dövlət idarəçiliyinin müxtəlif istiqamətlərində institusional dəyişikliklər bu islahatların əsas nəticələri sırasında idi. Bu dəyişikliklər dövlət idarəçiliyinin təşkilati mexanizmlərinin yenilənməsinə yönəlmişdi. Eyni zamanda, hər bir konstitusiya islahatının mahiyyətinin qiymətləndirilməsi zamanı onun hüquqi nəticələri, hakimiyyət institutlarının fəaliyyətinə təsiri və demokratik idarəçilik prinsipləri ilə münasibəti elmi təhlil predmetinə çevrilməlidir. 
Azərbaycan Konstitusiyasının tarixi əhəmiyyətini müəyyənləşdirən məsələlərdən biri də dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlıdır. Müstəqilliyin ilk illərindən etibarən Azərbaycanın qarşılaşdığı ən ciddi problemlərdən biri Ermənistanın hərbi təcavüzü və ölkə ərazilərinin işğalı idi. Bu vəziyyət dövlətin suverenliyinin yalnız hüquqi sənədlərlə deyil, həm də siyasi, iqtisadi və hərbi vasitələrlə təmin edilməsinin zəruriliyini ortaya qoyurdu. Konstitusiyanın Preambulasında və müvafiq maddələrində ərazi bütövlüyünün qorunması dövlətin fundamental vəzifəsi kimi müəyyən edilmişdir.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin əsasını qoydu. Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində ərazilərin mühüm hissəsi işğaldan azad edildi, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bu hadisələr dövlətin suveren hüquqlarının və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində tarixi dönüş yaratdı. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində suverenliyi tam təmin olundu. Beləliklə, Konstitusiyada təsbit edilmiş ərazi bütövlüyünün qorunması prinsipi müasir Azərbaycan tarixinin mühüm siyasi-hüquqi reallığı ilə tamamlandı.
Bu prosesdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət suverenliyinin təmin olunması yalnız hərbi-siyasi nəticə deyil, həm də konstitusion quruluşun ölkənin bütün ərazisində tam fəaliyyət göstərməsi üçün zəruri şərtdir. Konstitusiyanın aliliyinin təmin edilməsi, dövlət institutlarının vahid hüquqi sistem əsasında fəaliyyət göstərməsi və vətəndaşların hüquqlarının bütün ölkə ərazisində qorunması suveren dövlətçiliyin mühüm göstəriciləridir.
Azərbaycanın konstitusiya quruculuğunun müasir mərhələsi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesləri ilə də əlaqəlidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yenidən qurulması, əhalinin doğma torpaqlarına qayıdışı və iqtisadi fəaliyyətin bərpası dövlətin konstitusion öhdəliklərinin praktiki müstəvidə həyata keçirilməsinin nümunələridir. Burada əsas məsələ yalnız fiziki infrastrukturun yaradılması deyil, həmin ərazilərdə hüquqi dövlət prinsiplərinin, vətəndaş hüquqlarının və sosial təminat mexanizmlərinin tam bərqərar edilməsidir.
Konstitusiyanın əhəmiyyəti onun yalnız dövlət orqanlarının fəaliyyətini tənzimləməsi ilə məhdudlaşmır. Əsas Qanun cəmiyyətin siyasi mədəniyyətinin, hüquqi şüurunun və vətəndaş məsuliyyətinin formalaşmasında da mühüm rol oynayır. Hüquqi dövlətin mövcudluğu yalnız mükəmməl qanunların qəbul edilməsi ilə təmin edilmir. Bunun üçün cəmiyyətin bütün üzvlərinin qanunlara hörmət etməsi, hüquq və vəzifələrini dərk etməsi, dövlət institutlarının fəaliyyətində şəffaflıq və məsuliyyət prinsiplərinin qorunması vacibdir. Konstitusiyanın real ictimai dəyəri onun müddəalarının gündəlik həyatda nə dərəcədə təmin olunması ilə ölçülür.
Bu baxımdan təhsil sisteminin də xüsusi rolu vardır. Gənc nəslin Konstitusiyanın mahiyyətini, dövlətçilik tarixini, vətəndaş hüquqlarını və hüquqi məsuliyyət anlayışını dərindən mənimsəməsi milli dövlətçiliyin davamlılığı üçün mühüm şərtdir. Məktəblərdə Konstitusiya mövzusunun tədrisi şagirdlərə yalnız hüquqi biliklər verməklə kifayətlənməməli, onlarda hüquqa hörmət, vətəndaşlıq mövqeyi, ictimai məsuliyyət və dövlətçilik düşüncəsi formalaşdırmalıdır. Xüsusilə Azərbaycanın mürəkkəb tarixi keçmişinin, müstəqillik uğrunda mübarizəsinin və konstitusiya quruculuğunun mərhələli şəkildə öyrədilməsi gənclərin tarixi yaddaşının zənginləşdirilməsi baxımından əhəmiyyətlidir.
Elmi-tarixi baxımdan Azərbaycan Konstitusiyasının qəbulunu üç əsas istiqamətdə qiymətləndirmək mümkündür. Birincisi, bu sənəd müstəqil dövlətin siyasi və hüquqi quruluşunun əsaslarını müəyyənləşdirmişdir. İkincisi, hakimiyyət orqanlarının səlahiyyət bölgüsünü, dövlət-vətəndaş münasibətlərini və insan hüquqlarının müdafiəsi mexanizmlərini vahid hüquqi sistemdə birləşdirmişdir. Üçüncüsü, Azərbaycan dövlətinin beynəlxalq hüququn ümumtanınmış prinsiplərinə əsaslanan müasir inkişaf istiqamətini müəyyən etmişdir. Bu xüsusiyyətlər 1995-ci il Konstitusiyasını sadəcə tarixi sənəd deyil, ölkənin siyasi və hüquqi həyatını istiqamətləndirən fundamental normativ akt kimi səciyyələndirir.
Digər tərəfdən, konstitusiya quruculuğuna statik proses kimi yanaşmaq olmaz. Cəmiyyət dəyişdikcə, iqtisadi münasibətlər inkişaf etdikcə, texnoloji yeniliklər və beynəlxalq hüquqi standartlar meydana çıxdıqca dövlətin Əsas Qanununun müddəalarının tətbiqi və hüquqi institutların fəaliyyəti də yeni tələblərə uyğun təkmilləşdirilməlidir. İnsan hüquqlarının səmərəli müdafiəsi, məhkəmə hakimiyyətinin müstəqilliyi, qanunların aliliyi, dövlət idarəçiliyində hesabatlılıq və ictimai nəzarət hüquqi dövlətin inkişafını müəyyən edən əsas meyarlardır. Bu prinsiplərin davamlı təmin olunması Konstitusiyanın ictimai-siyasi həyatdakı rolunu daha da gücləndirir.
12 noyabr – Konstitusiya Günü Azərbaycan xalqının müstəqillik tarixini, dövlətçilik ənənələrini və hüquqi inkişaf yolunu bir daha xatırladan əlamətdar gündür. Bu tarix 1995-ci ildə xalqın iradəsi ilə qəbul edilmiş Əsas Qanunun müasir Azərbaycan dövlətçiliyinin formalaşmasındakı rolunu dəyərləndirmək üçün mühüm fürsətdir. Konstitusiya bir tərəfdən keçmişin tarixi təcrübəsini hüquqi müstəvidə ümumiləşdirir, digər tərəfdən isə gələcək nəsillərin yaşayacağı dövlətin siyasi və hüquqi əsaslarını müəyyən edir.
Cənab Prezident Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş 1995-ci il Konstitusiyası müstəqil Azərbaycanın dövlət quruculuğunun fundamental hüquqi bazasını yaratmışdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilmiş konstitusiya dəyişiklikləri və institusional islahatlar isə bu prosesin növbəti mərhələsini təşkil etmişdir. Hər iki siyasi mərhələnin tarixi təhlili göstərir ki, müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, suverenliyin qorunması və dövlət idarəçiliyinin təkmilləşdirilməsi Azərbaycan Respublikasının konstitusiya inkişafının əsas istiqamətlərindən olmuşdur.
Nəticə etibarilə, Konstitusiya yalnız dövlətin hüquqi sənədi deyil, milli müstəqilliyin, siyasi suverenliyin, hüquqi məsuliyyətin və vətəndaş birliyinin əsas ifadəsidir. Onun müddəalarına hörmətlə yanaşmaq, hüquqi prinsipləri gündəlik həyatda rəhbər tutmaq və qanunların aliliyini təmin etmək hər bir vətəndaşın məsuliyyətidir. Azərbaycan xalqının dövlətçilik tarixində qazandığı ən mühüm nailiyyətlərdən biri müstəqil dövlətin Əsas Qanununu yaratması və onu müasir dövlət quruculuğunun hüquqi dayağına çevirməsidir. Bu mənada 12 noyabr tarixi yalnız Konstitusiyanın qəbul edildiyi gün deyil, həm də Azərbaycan xalqının müstəqil dövlətçilik iradəsinin hüquqi ifadə tapdığı əlamətdar tarixdir.
Həsən Xələfov
Bakı şəhər 28 №-li tam orta məktəbin Tarix müəllimi


Tarix: Dünən, 11:40


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30