Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə barədə

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə barədə

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin xarakteri tarixi varislik prinsipi üzərində qurulduqda daha davamlı və məhsuldar olur. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında formalaşmış tərəfdaşlıq bunun bariz nümunəsidir. 2026-cı il noyabrın 12-də İrlandiyanın paytaxtı Dublin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması iki ölkə arasındakı diplomatik və siyasi dialoqun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.
Bu sənədi tarixi baxımdan dəyərləndirərkən onu əvvəlki dövrlərdən təcrid olunmuş şəkildə deyil, məhz 1994-cü il 23 fevral tarixli “Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə” və 1998-ci il 21 iyul tarixli “Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə başlanan siyasi xəttin məntiqi davamı kimi qiymətləndirmək lazımdır. Müstəqilliyin ilk illərində əsası qoyulan bu etimad mühiti bu gün BMT Nizamnaməsinin ali prinsiplərinə – dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına qarşılıqlı sadiqliklə daha da möhkəmlənir. Xüsusilə Cənubi Qafqazda yeni reallıqların formalaşdığı, 2025-ci il 8 avqust Vaşinqton Sülh Zirvəsi Bəyannaməsindən sonra Azərbaycan-Ermənistan normallaşma prosesinin davam etdiyi bir dövrdə Londonun Bakının regional sülh təşəbbüslərinə verdiyi dəstək böyük siyasi əhəmiyyət daşıyır.
Dublin Bəyannaməsi təkcə siyasi niyyətləri deyil, həm də üç əsas istiqamət üzrə dərinləşən praktik əməkdaşlıq mexanizmlərini müəyyən edir. İlk növbədə, müdafiə və təhlükəsizlik sahəsində birgə fəaliyyət diqqət çəkir. Qlobal təhdidlərin mürəkkəbləşdiyi müasir dövrdə tərəflərin müdafiə sənayesi, hərbi təlimlər, sərhəd idarəçiliyi və hüquq-mühafizə orqanları arasında təcrübə mübadiləsini genişləndirmək barədə razılığa gəlməsi regional sabitliyin qorunmasına xidmət edir.
İkinci mühüm istiqamət iqtisadiyyat, ticarət və investisiya əlaqələrinin şaxələndirilməsidir. Ənənəvi enerji tərəfdaşlığı ilə yanaşı, artıq bərpaolunan enerji, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar ön plana çıxır. Eyni zamanda, Avrasiyanın nəqliyyat xəritəsində mühüm yer tutan Orta Dəhlizin inkişafına Böyük Britaniyanın verdiyi dəstək Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi mövqeyini daha da gücləndirir. Bu prosesdə Hökumətlərarası Komissiyanın fəaliyyəti birgə layihələrin koordinasiyası üçün əsas platforma rolunu oynayır.
Nəhayət, sənəddə gələcəyə yönəlik ən vacib məqamlardan biri təhsil, elm və innovasiya sahəsindəki əməkdaşlıqdır. Ali və peşə təhsilinin inkişafı, süni intellekt, rəqəmsal idarəetmə və universitetlərarası elmi mübadilələr gənc nəslin müasir əmək bazarına hazırlanmasına yönəlib. Tarix sübut edir ki, dövlətlər arasındakı ən möhkəm körpülər məhz insanlararası təmaslar və intellektual mübadilə vasitəsilə qurulur.
Beləliklə, Dublin şəhərində imzalanmış Birgə Bəyannamə otuz ildən artıq bir dövrü əhatə edən Azərbaycan-Britaniya münasibətlərinin təkamülünü əks etdirən mühüm tarixi sənəddir. Bu razılaşma iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığın gələcək onilliklərdə də dinamik inkişafı üçün etibarlı yol xəritəsi rolunu oynayacaqdır.
Bakı şəhəri Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta ümumtəhsil məktəblərinin tarix müəllimi İbrahimova Pərvin 


Tarix: Bu gün, 10:03


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30