
“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi bu sözlər artıq gerçəkliyə çevrilib.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məslisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Azərbaycan xalqının yaddaşında elə şəhərlər var ki, onların adı çəkiləndə tariximizin həm ağrılı səhifələri, həm də qürur doğuran zəfərləri göz önündə canlanır. Qarabağın qədim və zəngin tarixə malik şəhərlərindən olan Ağdam da məhz belə şəhərlərdəndir. Bu şəhərin taleyi Azərbaycanın mübarizə əzminin, milli iradəsinin, torpaq sevgisinin və yenilməz ruhunun parlaq təcəssümüdür. 20 Noyabr – Ağdam Şəhəri Günü yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün işğalın ağrı-acısını yaşamış insanların doğma yurda qayıdış ümidinin, milli birliyimizin və tarixi ədalətin bərpasının rəmzidir. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi Ağdamın müasir tarixində bu günün xüsusi yerini müəyyənləşdirmişdir. Qarabağın mərkəzində yerləşən Ağdam qədim yaşayış məskənlərindən biri kimi tarix və mədəniyyət baxımından mühüm əhəmiyyətə malikdir. Rayon 1930-cu ildə yaradılmış, 1094 kvadratkilometr ərazisi ilə Qarabağın geniş və strateji əhəmiyyətli bölgələrindən birinə çevrilmişdir. Ağdamın tarixi yalnız xanlıqlar dövrü ilə məhdudlaşmır. XX əsrin 50-ci illərindən etibarən aparılan arxeoloji tədqiqatlar bu ərazidə qədim insan məskənlərinin mövcudluğunu üzə çıxarmışdır. Üzərriktəpədə aşkarlanan maddi-mədəniyyət nümunələri, taxıl və üzüm qalıqları burada qədim əkinçilik və maldarlıq mədəniyyətinin inkişaf etdiyini göstərir. Bu tapıntılar Ağdamın minilliklər boyu formalaşmış yaşayış ənənələrinə malik olduğunu təsdiqləyən mühüm elmi mənbələrdir. Pənahəli xanın İmarət kompleksi, Şahbulaq qalası, Qiyaslı məscidi və Ağdam Cümə məscidi bölgənin zəngin tarixi-mədəni irsinin mühüm nümunələridir. Ağdam həm də Qarabağın musiqi, sənətkarlıq və muğam ənənələrinin yaşadığı məkanlardan biri olmuşdur. Bu şəhərin adı uzun illər boyu qurub-yaradan insanları, məhsuldar torpaqları, zəngin mədəni həyatı və qonaqpərvər sakinləri ilə yanaşı çəkilmişdir. 1993-cü ilin yayı Ağdamın taleyində ən ağır dövrlərdən biri oldu. 42 gün davam edən döyüşlərdən sonra iyulun 23-də rayon ərazisinin böyük hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altına keçdi. Təqdim olunan tarixi məlumatlara əsasən, rayonun 1094 kvadratkilometr ərazisinin 882 kvadratkilometri, rayon mərkəzi və 90 kəndi işğal olundu. İşğal yalnız ərazilərin itirilməsi ilə nəticələnmədi. Ağdamın iqtisadi və mədəni həyatı da ağır zərbə aldı. Onlarla sənaye və kənd təsərrüfatı obyekti, məktəblər, mədəniyyət evləri, kitabxanalar və digər ictimai müəssisələr dağıdıldı və ya talan edildi. Bir zamanlar bölgənin mədəni həyatının mühüm mərkəzlərindən biri olan, nadir eksponatları ilə tanınan Çörək Muzeyi də məhv edilən mədəni irs nümunələri sırasında yer aldı. Ağdamın xarabalıqlara çevrilmiş mənzərəsi işğalın dağıdıcı nəticələrinin rəmzinə çevrildi. Vaxtilə həyatın qaynadığı küçələr səssizliyə qərq oldu, yaşayış evləri viran qaldı, tarixi və dini abidələr zərər gördü. Məhz buna görə Ağdam tez-tez “Qafqazın Xirosiması” adlandırılır. Bu ifadə şəhərin üzləşdiyi dəhşətli dağıntıların miqyasını təsvir edir. Ağdamın işğalı beynəlxalq hüququn prinsiplərinə zidd idi. BMT Təhlükəsizlik Şurası 29 iyul 1993-cü ildə qəbul etdiyi 853 saylı qətnamədə Ağdam rayonunun və Azərbaycanın digər işğal olunmuş ərazilərinin tutulmasını pisləmiş, işğalçı qüvvələrin həmin ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi. Lakin beynəlxalq qərarlar uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etmədi. İşğal davam etdi, məcburi köçkünlərin doğma yurda qayıtmaq arzusu reallaşmadı.
Millət vəkili onu da deyib ki, 2020-ci ildə başlanan Vətən müharibəsi bu uzunmüddətli mübarizənin dönüş nöqtəsi oldu. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində tarixi Zəfər qazanıldı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal altında qalan əraziləri Azərbaycana qaytarıldı. Beləliklə, 20 Noyabr Ağdamın müasir tarixində yeni bir səhifənin başlanğıcına çevrildi. Şəhərin və rayonun azad olunması ilə uzun illər doğma yurd həsrəti çəkən insanların qəlbində qayıdış ümidi yenidən alovlandı. Ağdamın azad edilməsində iştirak edən hərbi qulluqçuların xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 26 noyabr 2020-ci ildə “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Bu təltif Zəfərə gedən yolda göstərilən qəhrəmanlığın, fədakarlığın və Vətənə sədaqətin rəmzidir. Ağdamın azad olunması tarixi ədalətin bərpası ilə yanaşı, qarşıda böyük quruculuq vəzifələri də yaratdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin yenidən qurulması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 23 noyabr 2020-ci ildə Ağdama səfər edən dövlət başçısının şəhərdə Azərbaycan Bayrağını ucaltması və dağıdılmış Cümə məscidini ziyarət etməsi azadlığın ilk rəmzi addımlarından oldu. Sonrakı illərdə Ağdamın Baş planı təsdiq edildi, yaşayış məhəllələrinin, yolların, təhsil və səhiyyə müəssisələrinin, istehsal obyektlərinin və ictimai məkanların yaradılmasına başlanıldı. 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, eləcə də Ağdam Muğam Mərkəzinin açılışı şəhərin dirçəliş yolunda mühüm hadisələr oldu. Yeni nəqliyyat qovşağı Ağdamın ölkənin digər bölgələri ilə əlaqələrini gücləndirmək, Muğam Mərkəzi isə bölgənin zəngin musiqi ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək baxımından böyük əhəmiyyət daşıyır. Ağdamın bərpası həm də doğma yurda qayıdış deməkdir. İnsanların öz evlərinə dönməsi, uşaqların doğma məktəblərdə təhsil alması, ailələrin yenidən öz torpaqlarında məskunlaşması şəhərin həqiqi dirçəlişinin əsas göstəriciləridir.
Bu gün Ağdamın hər yeni binası işğalın dağıntılarına verilən cavab, hər açılan məktəbi gələcəyə yönəlmiş addım, hər doğma yurda qayıdan ailəsi isə tarixi ədalətin real təcəssümüdür. Şəhərin yenidən qurulması Azərbaycanın dövlət gücünü, iqtisadi imkanlarını və milli iradəsini nümayiş etdirir. 20 Noyabr – Ağdam Şəhəri Günü bizə həm keçmişi unutmamağı, həm şəhidlərimizin xatirəsini ehtiramla yad etməyi, həm də qazanılmış Zəfərin məsuliyyətini dərk etməyi xatırladır. Ağdamın yaraları sağaldıqca, küçələrində həyat canlandıqca, mədəni irsi bərpa olunduqca bu şəhər təkcə öz tarixini deyil, bütöv Azərbaycanın yenilməzliyini də yaşadır-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.