Qələbəni şərtləndirən amil



Qələbənin ayaq səsləri hələ Aprel döyüşləri, Günnüt əməliyyatı və Tovuz döyüşlərindən gəlirdi. Bu döyüşlər göstərirdi ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaqdı. Vətən müharibəsinin başlandığı ilk günlərdən Azərbaycan xalqı hərbi əməliyyatlara tam dəstək nümayiş etdirdi. “Hər şey vətən üçün, Hər şey cəbhə üçün və hər şey qələbə üçün” şüarı ilə rəşadətli ordumuzun qələbəsi üçün əlindən gələni etdi. Qarabağı heç vaxt görməyən minlərlə vətənpərvər gənc könüllü şəkildə ordu sıralarına yazılıb cəbhəyə yolandı. “Qarabağ Azərbaycandır” ifadəsi hər kəsin dilində idi. Azərbaycan ordusu son nəticəyə qədər misli görülməmiş qəhrəmanlıqla vuruşdu. Bu böyük zəfərə gedən yolda öz canını əsirgəməyən vətən övladları bir an belə düşünmədən ölümün gözünə dik baxaraq gedirdi. Çünki onlar Mübariz İbrahimov, Polad Həşimov məktəbinin yetirmələri idi. Xalq öz Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşmişdi. Xalq-iqtidarordu birliyi qələbəni təmin edən əsas amil idi. Nəticədə 30 illik yolu 44 günə qət etdik. Təkcə hərbi sahədə deyil informasiya müharibəsində və diplomatiya sahəsində də böyük qələbə qazandıq. Prezident İlham Əliyev yorulmadan xarici KİV-lərə verdiyi müsahibələrlə və beynəlxalq tribunalarda qətiyyətli çıxışları ilə bu günə qədər Azərbaycan haqqında yaranmış yanlış fikirləri və erməni mifini dağıtdı. Hər üç cəbhədə qələbəni təmin edərək adını Azərbaycan tarixinə qalib sərkərdə, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən dövlət xadimi kimi yazdırdı. Gələcək nəsillərə Bütöv Azərbaycan əmanət etdi. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarına Allahdan rəhmət, yaralı hərbiçilərimizə şəfa diləyirik. Bu xalq sizi unutmayacaq. 
Sabunçu qəsəbəsi, 311 N-li məktəbin
tarix müəllimi Orxan Rüstəmov


Tarix: 11-12-2023, 11:20


Bölməyə aid digər xəbərlər