
Sumqayıt maşın bazarının müdiri
Müşfiq Tarverdiyev
Bu gün Azərbaycan dünyada müstəqil siyasət həyata keçirən suveren dövlət kimi tanınır. Yəni bir sıra ölkələrdən fərqli olaraq dövlət müstəqilliyimiz kağız üzərində deyil, əməldə - siyasətdə, istənilən qərarın qəbulunda və icrasında özünü göstərir. Azərbaycanın müstəqillik zirvəsinə yüksəlməsi isə lider - şəxsiyyət amili, daha dəqiq desək, Ümummilli Lider Heydər Əliyevin müstəsna-tarixi xidmətləri sayəsində mümkün olmuşdur. Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ikinci ilinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
Müstəqilliyin ilk illərində Azərbaycan böhran və tənəzzül ilə qarşı-qarşıya idi. Həmin dövrdə hakimiyyəti qəsb etmiş AXC-Müsavat cütlüyü isə Azərbaycanı, sözün əsl mənasında, ayrı-ayrı xarici qüvvələrin “döyüş meydanı”na çevirmiş, ölkədə xaos və anarxiya idarəolunmaz həddə çatmışdı. Belə şəraitdə separatizm meyilləri baş qaldırmağa başlamışdı. Artıq ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi.
Belə bir vəziyyətdə xalqımız 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.
Heç şübhəsiz, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev milli maraqlara xidmət edən qərarları və addımları ilə ölkədə milli həmrəyliyi, sabitliyi və inkişafı təmin etdi. Xüsusi olaraq söyləmək yerinə düşər ki, bu seçkilər ölkədə keçirilmiş ilk demokratik prezident seçkiləri idi. 10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə qeyd etmişdi.
Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Liderin ideyaları əsasında inkişaf edərək öz qüdrətini daha da artırır. Ulu Öndərin layiqli varisi və alternativsiz siyasətinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanır, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız ən yüksək zirvələrdə əzəmətlə və qürurla dalğalanır.
Dövlət başçısının həyata keçirdiyi uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Bu strateji kurs Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması isə zəngin dövlətçilik tariximizin ən qürurlu səhifəsidir.
Əlbəttə, Heydər Əliyevin Qayıdışı və Onun adı ilə bağlı olan Milli Qurtuluşumuz olmasaydı, Azərbaycanın müstəqil dövlət kimi inkişafı da, torpaqlarımızın erməni vandalizmindən, hərbi-siyasi əsirlikdən qurtuluşu da, soydaşlarımızın öz əzəli yurdlarına qayıdışı – Böyük Qayıdış da mümkün olmayacaqdı. Ona görə də 15 iyun tarixi dövlətçilik təqvimimizdə əsl müstəqilliyimizin, xilasımızın, qurtuluşumuzun rəmzi kimi müstəsna yer tutur. 15 iyun, eyni zamanda, tərəqqi və Zəfər yolunun Şuşa zirvəsində möhtəşəm hadisənin - iki dost, qardaş və tərəfdaş ölkə - Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin tarixidir.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Sevindirici haldır ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2022-ci ilin iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda, 2023-cü ilin iyunun 15-də “Heydər Əliyev İli” çərçivəsində Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” mövzusunda, həmçinin 2024-cü ilin iyunun 15-də “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfranslar keçirilmişdir.
Qurtuluşun və böyük Zəfərin təntənəsi olan, Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində dörd il əvvəl imzalanan tarixi Şuşa Bəyannaməsi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi işinə, eləcə də dövlətimizin başçısının vurğuladığı kimi, yeni dünya düzəninə mühüm töhfədir.
Heç şübhəsiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı rəşadətli parlaq Qələbə sayəsində Milli Qurtuluş Günündən Şuşa Bəyannaməsinə aparan əzəmətli Zəfər yolu və bu yola bağlı olan bütün varlığımız əbədiyyətə qədər türk dünyasının birlik, həmrəylik, şərafət və qürur məkanı olacaqdır. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan dövləti bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq.
Bölməyə aid digər xəbərlər