Ağdərədə kütləvi məzarlıq aşkarlanıb, hərbçilərimizin qalıqları tapılıb

Ağdərədə kütləvi məzarlıq aşkarlanıb, hərbçilərimizin qalıqları tapılıb

Hazırda mütəxəssislərdən ibarət heyət Ağdərə rayonunda axtarış qazıntı işlərini davam etdirir.

Bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Mənə verilmiş məlumata əsasən, keçmiş döyüş mövqeyi olmuş yüksəklikdə növbəti kütləvi məzarlıq aşkarlanıb. İlkin məlumata əsasən, kütləvi məzarlıqda 10-dan çox Azərbaycan hərbçisinə aid meyit qalıqları müəyyən edilib. Tədbirin proqramına əsasən, sabah konfrans iştirakçılarının həmin əraziyə səfəri reallaşdırılacaq", deyə Ə. Nağıyev bildirib.

Xidmət rəisi itkin düşmüş şəxslərlə bağlı artıq üçüncü ildir təşkil olunan beynəlxalq tədbirin məqsəd və əhəmiyyəti barədə məlumat verib, Prezident İlham Əliyevə konfransın keçirilməsində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirərək, itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məsələsində dövlətimizin başçısının qətiyyətli və prinsipial mövqeyini qeyd edib.

Dövlət Komissiyasında 3990 nəfərin itkin şəxs kimi qeydiyyata alındığını, bu vaxtadək işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqlarının müəyyən olunaraq ekshumasiya edildiyini vurğulayan DTX-nin rəisi Əli Nağıyev itkin düşmüş şəxslərdən artıq 187 nəfərinin şəxsiyyətinin eyniləşdirilərək ailələrinə təhvil verildiyini diqqətə çatdırıb.


Tarix: Bu gün, 11:57


Bölməyə aid digər xəbərlər