
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri yalnız diplomatik protokol çərçivəsində baş verən bir hadisə deyil. Bu səfər, Bakı ilə Əbu-Dabi arasında münasibətlərin artıq sadə tərəfdaşlıq səviyyəsini aşaraq strateji etimada və ortaq vizyona əsaslanan dərin əməkdaşlıq mərhələsinə çatdığını təsdiqləyir. Qısa müddət ərzində BƏƏ Azərbaycanın regiondakı ən etibarlı və proqnozlaşdırılan tərəfdaşlarından birinə çevrilmişdir.
Əməkdaşlıq artıq sadəcə iqtisadi və ticarət sahələri ilə məhdudlaşmır. Bu gün Azərbaycan və BƏƏ birgə enerji layihələri, investisiya təşəbbüsləri, “yaşıl” texnologiyalar, humanitar sahə və təhlükəsizlik istiqamətlərində sıx əməkdaşlıq həyata keçirir. Xüsusilə postmünaqişə bərpa və iqtisadi transformasiya dövründə BƏƏ şirkətlərinin fəallığı, eyni zamanda bərpa olunan enerji layihələrinə maraqları, tərəfdaşlığın praktik və davamlı xarakterini nümayiş etdirir.
Ötən ilin sentyabr ayında BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın Bakıya və Şuşaya səfəri siyasi və simvolik baxımdan böyük önəm daşıyırdı. Bu səfər, Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqların qəbul edildiyini, ölkəmizin suveren seçiminə və inkişaf yoluna hörmət göstərildiyini nümayiş etdirdi. Şuşaya səfər isə BƏƏ-nin Azərbaycanın uzunmüddətli tərəfdaş kimi görülməsinin və postmünaqişə dövründə bərpa proseslərinə dəstək verdiyinin ən bariz göstəricisi oldu.
Dövlət başçımızın BƏƏ-yə bu günkü səfəri, strateji əməkdaşlığın davamlı xarakter daşıdığını göstərir. Münasibətlər artıq yalnız bəyanatlar səviyyəsində deyil, konkret layihələr və institusional mexanizmlər vasitəsilə möhkəmləndirilir. Yüksək səviyyəli dialoqun intensivliyi Bakı və Əbu-Dabi arasında uzunmüddətli, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinin ardıcıl inkişaf etdiyini ortaya qoyur.
Xüsusi diqqət çəkən istiqamətlərdən biri hərbi əməkdaşlıqdır. Birgə hərbi təlimlərin keçirilməsi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Əvvəllər belə dərin hərbi əməkdaşlıq yalnız Türkiyə ilə həyata keçirilirdisə, indi BƏƏ də strateji etimad dairəsinə qoşulub. Bu təlimlər yalnız döyüş hazırlığı üçün deyil; iki ölkənin silahlı qüvvələri arasında operativ əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsi və ümumi müdafiə potensialının artırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Bu əməkdaşlıq eyni zamanda müsəlman dünyasında təhlükəsizlik sahəsində yeni tərəfdaşlıq modelinin formalaşmasına töhfə verir. Qarşılıqlı fəaliyyət və real əməkdaşlıq prinsiplərinə əsaslanan bu model, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin praktik təzahürü kimi də qiymətləndirilə bilər.
Azərbaycan–BƏƏ yaxınlaşmasının geosiyasi əhəmiyyəti də böyükdür. Beynəlxalq münasibətlərin sürətlə dəyişdiyi və qlobal güc balanslarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya arasında etibarlı körpü rolunu gücləndirir. BƏƏ isə Bakını sabitliyi təşviq edən, etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş kimi qəbul edir. Bu qarşılıqlı yanaşma radikal meyllərin qarşısının alınması, konstruktiv regional gündəmin təşviqi və təhlükəsizlik mühitinin möhkəmləndirilməsi baxımından da önəmlidir.
Artıq Azərbaycan yalnız enerji sahəsində tərəfdaş kimi deyil, həm də sülh, inkişaf və postmünaqişə bərpası gündəliyini formalaşdıra bilən nüfuzlu siyasi aktor kimi qəbul olunur. BƏƏ ilə strateji əməkdaşlıq bu yeni statusun ən parlaq göstəricisidir.
Əldə olunmuş yüksək etimad səviyyəsi və çoxşaxəli əməkdaşlıq perspektivdə daha da dərinləşəcək. Azərbaycan və BƏƏ dünya səviyyəsində sürətlə dəyişən çağırışlara birlikdə cavab verəcək və regionda davamlı sabitliyin möhkəmlənməsinə mühüm töhfələr verəcəklər. Bu strateji tərəfdaşlıq həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində real nəticələr doğurur və gələcəyə yönəlik bir model təqdim edir.
Bölməyə aid digər xəbərlər







