
Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ölkəmizin çoxşaxəli və balanslı xarici siyasətinin məntiqi nəticəsi kimi tarixə düşdü. Fevralın 10-da baş tutan bu mühüm hadisə Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Xartiyanın imzalanması bir daha sübut edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və praqmatik siyasət Azərbaycanı qlobal proseslərin fəal iştirakçısına çevirib. Dövlət başçısının ardıcıl diplomatik xətti ölkəmizin milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirir.
Sənəddə tərəflərin bir-birinin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır. Bu müddəa Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və haqlı siyasətinin ABŞ kimi qlobal güc tərəfindən açıq şəkildə ifadə olunan dəstəyidir.
Strateji Tərəfdaşlıq Xartiyası regional bağlantılar sahəsində də yeni perspektivlər açır. Orta Dəhlizin inkişafı, nəqliyyat, enerji və tranzit imkanlarının genişləndirilməsi Azərbaycanın Avrasiya məkanında mühüm logistik və iqtisadi mərkəzə çevrilməsi strategiyasına tam uyğundur.
Enerji sahəsində əməkdaşlıq Xartiyanın əsas sütunlarından biridir. Əsrin Müqaviləsi və Cənub Qaz Dəhlizi kimi qlobal layihələrin müəllifi və uğurla icraçısı olan Azərbaycan bu gün də enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi qəbul olunur. Bu etimad Prezident İlham Əliyevin uzunmüddətli enerji siyasətinin nəticəsidir.
İqtisadi sərmayələr, süni intellekt və rəqəmsal infrastrukturla bağlı müddəalar Azərbaycanın gələcəyə yönəlik inkişaf strategiyasını əks etdirir. Dövlət başçısının innovasiyalara, yüksək texnologiyalara və rəqəmsal transformasiyaya verdiyi önəm ölkəmizi regionda texnoloji mərkəzə çevirməyi hədəfləyir.
Xartiyada özəl sektorun fəal iştirakı ilə iqtisadi və texnoloji əməkdaşlığın təşviqi Azərbaycan iqtisadiyyatının açıq və rəqabətədavamlı modelə əsaslandığını göstərir. Bu yanaşma Prezident İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi xüsusi diqqətin beynəlxalq müstəvidə də qəbul edildiyini nümayiş etdirir.
Təhlükəsizlik sahəsində əməkdaşlıq bölməsi Azərbaycanın regional və beynəlxalq sülhə verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin göstəricisidir. Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq sülhməramlı missiyalarda iştirakı ölkəmizin məsuliyyətli və etibarlı tərəfdaş imicini möhkəmləndirib.
Xartiyada terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunması məsələlərinə xüsusi yer ayrılması müasir çağırışlara qarşı birgə yanaşmanın formalaşdırıldığını göstərir. Bu da Prezident İlham Əliyevin təhlükəsizlik konsepsiyasının nə qədər müasir və çevik olduğunu sübut edir.
Humanitar minatəmizlənmə sahəsində əməkdaşlıqla bağlı müddəalar isə Azərbaycanın üzləşdiyi real problemlərin beynəlxalq səviyyədə diqqətə çatdırılmasının nəticəsidir. Dövlət başçısının bu məsələdə apardığı ardıcıl diplomatik fəaliyyət artıq konkret beynəlxalq dəstəyə çevrilir.
İnstitusional çərçivənin müəyyənləşdirilməsi və işçi qruplarının yaradılması Xartiyanın kağız üzərində qalmayacağını, real layihələr və yol xəritələri ilə icra olunacağını göstərir. Bu, Prezident İlham Əliyevin hər zaman üstünlük verdiyi nəticəyönümlü siyasətin davamıdır.
Nəticə etibarilə, Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın əldə etdiyi növbəti diplomatik və strateji nailiyyətdir. Bu sənəd ölkəmizin qlobal arenada mövqelərini daha da gücləndirir, regional və beynəlxalq əməkdaşlıq üçün yeni üfüqlər açır və Azərbaycanın gələcək inkişafına möhkəm zəmin yaradır.
Bölməyə aid digər xəbərlər








