Razim Rüstəmov: Dövlətçilik zirvəsinin əbədi simvolu – Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə ithaf


Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti təkcə yaşadıqları dövrü deyil, gələcək nəsillərin taleyini də müəyyən edir. Heydər Əliyev məhz belə dahilərdən biridir. Onun anadan olmasının 103-cü ildönümü yalnız bir tarix deyil, bu həm də milli yaddaşın, dövlətçilik irsinin və xalqın gələcəyə olan inamının təcəssümüdür. Ulu Öndərin həyatı, fəaliyyəti və ideyaları bu gün də Azərbaycanın inkişaf yoluna işıq salır.

Heydər Əliyevin siyasi fəaliyyəti hər zaman uzaqgörənlik, prinsipiallıq və milli maraqlara bağlılıq üzərində qurulmuşdur. O, hakimiyyətə gəldiyi bütün dövrlərdə Azərbaycanı inkişaf edən, güclənən və müstəqil qərarlar qəbul edən dövlətə çevirmək üçün yorulmadan çalışmışdır. Xüsusilə sovet dönəmində onun rəhbərliyi ilə Azərbaycan iqtisadi, sənaye və mədəni sahələrdə böyük sıçrayış yaşadı. Bu inkişaf sonradan müstəqillik dövrü üçün möhkəm baza rolunu oynadı.

Lakin Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri 1990-cı illərin çətin və mürəkkəb dövründə özünü göstərdi. Dövlətçiliyimizin təhlükə altında olduğu, siyasi xaosun hökm sürdüyü bir zamanda onun hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaqdan xilas etdi. Ulu Öndərin qətiyyəti və müdrikliyi nəticəsində ölkədə sabitlik bərqərar olundu, hüquqi dövlət quruculuğuna başlanıldı və milli ordu formalaşdırıldı.

Onun rəhbərliyi ilə həyata keçirilən neft strategiyası – xüsusilə “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyini təmin edən mühüm addım oldu. Bu strateji qərar ölkəmizi qlobal enerji bazarının mühüm iştirakçısına çevirdi və gələcək nəsillər üçün dayanıqlı iqtisadi inkişafın əsasını qoydu. Heydər Əliyev iqtisadi siyasəti ilə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına da nail oldu.

Ulu Öndər Heydər Əliyevin ən böyük nailiyyətlərindən biri də milli ideologiyanın formalaşdırılması oldu. Onun əsasını qoyduğu azərbaycançılıq ideyası bu gün də cəmiyyətimizin mənəvi dayağıdır. O, xalqın milli kimliyini qoruyaraq onu müasir dünya ilə ayaqlaşan güclü bir millətə çevirmək məqsədi güdürdü. Bu ideologiya sayəsində Azərbaycan cəmiyyəti bir amal ətrafında birləşərək inkişaf yolunda inamla irəliləyir.

Bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilmiş, iqtisadi və siyasi sahədə mühüm uğurlar əldə etmişdir. Onun həyata keçirdiyi islahatlar, sosial layihələr və beynəlxalq təşəbbüslər ölkənin gücünü və nüfuzunu daha da artırmışdır.

Xüsusilə, Azərbaycan tarixinin ən şanlı hadisələrindən biri olan Qarabağın azad olunması Ulu Öndərin illərlə arzuladığı ədalətin bərpası idi. Bu qələbə təkcə hərbi uğur deyil, həm də siyasi iradənin, xalq birliyinin və güclü dövlətçilik ənənələrinin nəticəsi oldu. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Bu gün işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur bölgələri sürətlə dirçəlir, yeni həyat başlayır. Müasir şəhərlər, kəndlər, yollar və sosial obyektlər inşa olunur. Bu proses həm də Heydər Əliyev ideyalarının real həyata tətbiqinin ən bariz nümunəsidir.

Heydər Əliyevin dövlətçilik məktəbi bu gün də Azərbaycan gəncliyi üçün bir örnəkdir. Onun həyat yolu, xalqa xidmət fəlsəfəsi və milli maraqlara sadiqliyi hər bir vətəndaş üçün bir nümunədir. Bu irs nəsildən-nəslə ötürülərək Azərbaycanın gələcək inkişafına xidmət edir.

Ümummilli Liderin 103-cü ildönümü münasibətilə onu dərin hörmət və ehtiramla anarkən, bir daha anlayırıq ki, onun ideyaları yaşayır, onun qurduğu dövlət isə daha da güclənir. Heydər Əliyevin adı Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq və onun siyasi irsi gələcək nəsillər üçün daim yol göstərici olacaq.


Tarix: Dünən, 23:44


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930