
Şəmkir rayon Kür bələdiyyəsinin sədri Elşad Hüseynov -1993-cü il Azərbaycan tarixinin mürəkkəb və məsuliyyətli mərhələlərindən biri kimi xarakterizə olunur. Müstəqilliyin ilk illərində ölkədə siyasi sabitliyin pozulması, sosial-iqtisadi çətinliklərin dərinləşməsi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi dövlətçiliyin qarşısında ciddi çağırışlar yaradırdı. Belə bir şəraitdə Azərbaycanın müstəqilliyinin qorunması və dövlət idarəçiliyinin möhkəmləndirilməsi əsas məsələlərdən birinə çevrilmişdi.
3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi məhz belə mürəkkəb siyasi şəraitə təsadüf etdi. Xalqın iradəsi ilə dövlət rəhbərliyinə qayıdan Ulu Öndərin qarşısında ölkədə sabitliyin bərqərar edilməsi, dövlət institutlarının fəaliyyətinin gücləndirilməsi və müstəqilliyin möhkəmləndirilməsi kimi mühüm vəzifələr dayanırdı. Heydər Əliyevin dövlətçilik konsepsiyasında müstəqil Azərbaycanın gələcək inkişafının siyasi, hüquqi və iqtisadi əsaslarının formalaşdırılması xüsusi yer tuturdu. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu bu siyasətin əsas istiqamətlərindən biri idi. Ulu Öndər dövlət quruculuğunun mahiyyətini insan hüquqları, demokratiya və hüququn aliliyi ilə əlaqələndirir, Azərbaycanın müstəqil inkişaf yolunun bu prinsiplər əsasında müəyyənləşdirildiyini bildirirdi. Bu dövrdə dövlət müstəqilliyinin möhkəmləndirilməsi yalnız siyasi idarəetmənin sabitləşdirilməsi ilə məhdudlaşmırdı. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması və Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası da dövlət siyasətinin mühüm istiqamətlərindən idi. İqtisadi dayanıqlılıq dövlətin müstəqil siyasət yürütməsi və sosial inkişafın təmin olunması üçün əsas amillərdən biri kimi nəzərdən keçirilirdi.
Ulu Öndərin dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biri də azərbaycançılıq ideologiyasının formalaşdırılması və cəmiyyətin müxtəlif təbəqələrini ümummilli dəyərlər ətrafında birləşdirən ideoloji əsasların möhkəmləndirilməsi idi. Azərbaycan dili, milli-mənəvi dəyərlər, mədəniyyət və adət-ənənələr bu konsepsiyanın əsas tərkib hissələrini təşkil edirdi. Heydər Əliyev azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin əsas ideyası kimi təqdim edir və milli mənsubiyyətin cəmiyyət üçün birləşdirici amil olduğunu vurğulayırdı.
Dövlətçilik siyasətinin digər mühüm istiqaməti Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi idi. Xarici siyasətdə milli maraqların qorunması, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın dünya birliyində layiqli yer tutması qarşıya qoyulan əsas məqsədlərdən idi. Ulu Öndərin çıxışlarında Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsinin xüsusi əhəmiyyət daşıdığı aydın şəkildə ifadə olunurdu.
Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs sonrakı illərdə də davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində Azərbaycanın siyasi və iqtisadi gücünün artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və milli maraqlarının ardıcıl şəkildə təmin olunması əsas istiqamətlər kimi müəyyənləşdirildi. Bu siyasətin nəticəsində Azərbaycan regional və beynəlxalq məsələlərdə fəal mövqeyə malik dövlət kimi çıxış etməyə başladı. Bu baxımdan 3 oktyabr 1993-cü il yalnız prezident seçkilərinin keçirildiyi tarix kimi deyil, Azərbaycanın müstəqil dövlətçilik yolunun əsas istiqamətlərinin müəyyənləşdiyi mühüm siyasi mərhələ kimi qiymətləndirilir. Həmin tarixdən sonra həyata keçirilən ardıcıl dövlət siyasəti Azərbaycanın siyasi sabitliyinin və iqtisadi inkişafının təmin olunmasına, dövlət institutlarının möhkəmləndirilməsinə və beynəlxalq mövqelərinin gücləndirilməsinə şərait yaratdı. Bu gün 3 oktyabr tarixinin siyasi və tarixi əhəmiyyəti müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu fonunda daha aydın görünür.
Dövlətçilik ənənələrinin qorunması, milli maraqların təmin edilməsi və müstəqil inkişaf kursunun davam etdirilməsi Azərbaycanın müasir dövlət siyasətinin əsas istiqamətlərindəndir. 3 oktyabr 1993-cü il isə bu siyasətin formalaşmasında mühüm dönüş nöqtələrindən biri kimi Azərbaycan dövlətçilik tarixində özünəməxsus yer tutur.
Bölməyə aid digər xəbərlər










Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.