
Azərbaycan xalqının dövlətçilik tarixində 28 May xüsusi əhəmiyyətə malikdir. Bu tarix 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gün olmaqla yanaşı, milli dövlətçilik ənənələrinin bərpasının simvolu, 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. Bu faktın özü cümhuriyyətin yaradılmasının nə qədər önəmli hadisə olduğunu bir daha təsdiqləyir. Rəsmi olaraq Müstəqillik Günü kimi qeyd olunan 28 May tarixi Azərbaycanın müasir müstəqil dövlətinin təməl daşlarından biridir.
Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə Tiflis şəhərində yaradılmış və Şərqdə ilk parlamentli respublika kimi tarixə düşmüşdür. AXC-nin formalaşması, Rusiya imperiyasının süqutundan sonra yaranan milli özünüdərkin və azadlıq ideallarının məhsulu idi. Bu dövlət qısa, lakin zəngin fəaliyyəti ilə müstəqil Azərbaycan Respublikasının ideoloji-siyasi əsaslarını qoymuşdur.
AXC-nin yaradılması ilə Azərbaycan tarixində ilk dəfə olaraq parlamentli idarəetmə formasına keçid təmin edildi. Dövlətin idarəçiliyi hüquqi legitimlik əsasında formalaşmış, hakimiyyət bölgüsü prinsipləri tətbiq olunmuşdur. Müasir dövrün tələblərinə cavab verən hüquq sistemi, milli ordu və dünyəvi təhsil sistemi qurulmuşdur. Parlamentdə çoxpartiyalılıq təmin olunmuş, müsəlmanlarla yanaşı digər millətlərin nümayəndələri də təmsil olunmuşdur. Bu fakt AXC-nin multikultural, tolerant və hüquqi cəmiyyət modeli qurmaq niyyətinin göstəricisidir.
Əlbəttə, burada bəzi məqamları xatırlatmaq yerinə düşərdi: 1918-ci ilin mayında AXC-ni yaradan şəxslər sözün həqiqi mənasında Azərbaycanı böyük bir təhlükədən qurtardılar. O dövrdə zaman hadisələri olduqca kəskin qoymuşdu. Rusiyada baş verən inqilab imperiyanı dağıtmışdı. Belə bir mürəkkəb geosiyasi şəraitdə, daha doğrusu, o dövrün dünya nizamının qurulduğu bir dövrdə ya öz müstəqilliyini elan etməli idin, ya da kiminsə əlavəsinə çevrilməli idin. Əgər bu addım atılmasaydı, Azərbaycan ərazisi Rusiya, Ermənistan və Gürcüstan arasında bölüşdürüləcəkdi. Azərbaycan ərazisinin bölüşdürülməsi ideyası heç də əsassız deyil. Çünki Azərbaycanın müstəqilliyini həzm edə bilməyən, ona varlığına xüsusi nifrət və düşmənçiliklə yanaşan dövlətlər var idi. Bu baxımdan milli dövlətin bərpası faktı özü millətin taleyində mühüm hadisələrdən biri kimi təqdirəlayiqdir. AXC qısa bir müddət ərzində öz parlamenti, hökuməti, ordusu, pul vahidi olan demokratik respublikaya çevrildi. Bu cümhuriyyət bütün şərqdə, islam və türk dünyasında ilk demokratik respublika üsul-idarəsi idi. Bundan başqa, milli azadlıq mübarizəsi nəticəsində Azərbaycan xalqının müstəqilliyini elan etməklə AXC beynəlxalq münasibətlərin iştirakçısına və beynəlxalq hüququn subyektinə çevrildi.
Ümumiyyətlə, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC mühüm sosial və iqtisadi islahatlara da imza atmışdır. Bakı Dövlət Universitetinin təsisi (1919), ilk milli valyutanın dövriyyəyə buraxılması, milli ordu quruculuğu, torpaq islahatları, poçt-rabitə sisteminin formalaşması və qadınlara seçki hüququnun verilməsi bu sahədəki mühüm nailiyyətlərdəndir. Xüsusilə qadınlara seçki hüququ verilməsi Azərbaycanı həmin dövr üçün Avropa ölkələrinin çoxundan qabaqlamışdır. Bu, AXC-nin mütərəqqi və modern cəmiyyət ideyasına sadiqliyini göstərir.
Bir anlıq təsəvvürümüzə gətirsək ki, Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, ərazilərimiz müxtəlif dövlətlər arasında bölüşdürülsəydi, dövlətçiliyimizin və xalqımızın aqibətimiz necə olacaqdı? Bu cümhuriyyət qurulmasaydı, SSRİ-nin tərkibində halımız necə olacaqdı, hansı adla anılacaqdıq? Bu cümhuriyyət qurulmasaydı, indiki vəziyyətimiz necə olacaqdı?
Bir çox tarixçilərin və siyasi şərhçilərin də qeyd etdikləri kimi, əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də, bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar vilayət kimi daxil olardı və ya ərazilərimiz fərqli-fərqli dövlətlərin sərhədləri içərisində olacaqdı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya Federasiyasının subyekti kimi də hüquqi status qazana bilərdi.
Bu baxımdan 28 may tarixi, onun mahiyyəti – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizin ən parlaq səhifələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını və iki il ərzində fəaliyyət göstərməsini tarixi hadisə kimi səciyyələndirib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi”.
Xalqımız SSRİ-nin süqutundan sonra XX əsrdə ikinci dəfə öz müstəqil dövlətini qurdu. Amma elə bir dövrdə ki, geosiyasi vəziyyət olduqca mürəkkəb idi, digər tərəfdən də daxili problemlər son dərəcə gərgin idi. Həm Ermənistanla müharibə, həm də siyasi çəkişmələr ölkə həyatını tamamilə iflic etmişdi. Məhz belə bir ağır şəraitdə dövlətçilik ənənələrinə böyük önəm verən xalq yeganə doğru seçim etdi və böyük öndər Heydər Əliyevi təkidlə müstəqil Azərbaycanın rəhbərliyinə çağırdı. Hələ Naxçıvanda işlədiyi dövrlərdə siyasi hadisələrin gedişinə təsir etmək imkanına sahib olan ulu öndər Heydər Əliyev diqqətini milli dövlətçilik məsələsi ilə millətin tarixini bu məcraya yönəltmişdi. Heç təsadüfi deyildir ki, Cümhuriyyətin üçrəngli bayrağının yenidən Dövlət Bayrağı kimi qəbul edildi. Belə ki, 1990-cı ilin noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR-in 12-ci çağırış Ali Məclisin ilk sessiyası Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul etmişdi. Ən əsası isə muxtar respublikanın Аli Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. O, hər zaman qətiyyətlə bildirirdi ki, “Azərbaycan dövləti - Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”.
Azərbaycan Xalq Cümhuriyyəti tarixdə qısa müddət mövcud olsa da, onun siyasi və hüquqi təcrübəsi, cəmiyyətə təqdim etdiyi demokratik dəyərlər, müasir Azərbaycanın ideoloji və tarixi əsaslarını formalaşdırmışdır. Bu səbəbdən də 28 May – Müstəqillik Günü təkcə tarixi bir hadisə deyil, həm də milli dövlətçilik təfəkkürünün simvoludur.
Hazırda Azərbaycan özünün ən qüdrətli günlərini yaşayır. Tarixən mövcudiyyətimizi həzm edə bilməyən, varlığımızı şübhə altına almağa çalışan, hər fürsətdə torpaqlarımızı bizdən qoparıb özümüzdən ayırmağa çalışan, müəyyən mənada bunlara nail olan güclər qarşısında Azərbaycan dövləti elə bir tarixi zəfərə imza atdı ki, bu nəinki bizlər üçün böyük bir qürur mənbəyi, eyni zamanda gələcək nəslə ötürülən şərəfli bir tarixi irsdir. Strateji məqamın yetişməsi ilə Azərbaycan 2020-ci ilin sentyabrında Ermənistan qarşısında güc və qətiyyət nümayiş etdirərək özünün “dəmir yumruq” əməliyyatını reallaşdırıb, bu dövləti ağır məğlubiyyətə uğratdı və işğal altındakı torpaqlarını xilas etdi. Qeyd etmək lazımdır ki, Ermənistan həmişə geosiyasi şahmat taxtasında piyada statusuna malikdir, amma dünyanın böyük oyunçuları ilə münasibətlərdə özünü ağır fiqur kimi təsəvvür etmişdir. Heç təsadüfi deyildir ki, Azərbaycanın dünyanın böyük şahmat taxtasında Ermənistanın necə bir mövqeyə sahib olduğunu həm onun özünə, həm də bütün dünyaya sübut etdi. 44 günlük Vətən müharibəsindən ötən 3 il ərzində Azərbaycanın mövqeyi daha da möhkəmləndi. 2023-cü ilin sentyabrın 19-da isə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam təmin etdi. 24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış erməni silahlı birləşmələri təslim olaraq bütün şərtləri qəbul etdilər. Cəsarətlə qeyd etmək mümkündür ki, hal-hazırda Azərbaycan beynəlxalq siyasətdə özünəməxsus nüfuz qazanmış, gedişata uyğun olaraq güclü strategiya müəyyənləşdirmişdir. Bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətçiliyimizin möhkəmləndirilməsinə, ölkənin beynəlxalq münasibətlər sistemində ciddi mövqe tutmasına, milli maraqlarının təmin olunmasına və ərazi bütövlüyünün bərpa edilməsinə hesablanmış Heydər Əliyev strategiyasını uğurla davam etdirir.
Bölməyə aid digər xəbərlər