

Bugünkü buraxılışımızda Azərbaycanın öz qlobal missiyasını həyata keçirmək məqsədilə atdığı addımlar, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
- Eldar müəllim, bu gün Azərbaycana müxtəlif ölkələrin dövlət və hökumət başçılarının rəsmi səfərlərində də bir intensivlik müşahidə etməkdəyik. Təbii ki, bu faktın özü də ölkəmizin beynəlxalq mövqelərinin getdikcə gücləndiyini təsdiq edən mühüm məqamlardan biridir. Bu baxımdan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 1-də Azərbaycana ilk dəfə etdiyi rəsmi səfəri necə şərh edərdiniz?
- Azərbaycan artıq neçə müddətdir ki, Avropa İttifaqı ölkələri ilə əlaqələrini həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq təsisatların tərkibində uğurla genişləndirir, inkişaf etdirir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələlərində, eləcə də bu qitənin Mərkəzi Asiya, Uzaq Şərq, Cənub-Qərbi Asiya və Çinlə ticarət əlaqələrində getdikcə artan rolu Azərbaycanın beynəlxalq mövqelərinin hər keçən gün daha da möhkəmlənməsinə xidmət edir. Lakin qarşılıqlı münasibətlərin formalaşmasında, daha dəqiq desək məhz hansı formatda qurulmasında təsiredici faktor kimi çıxış edən bir çox digər amillər də mövcuddur. Bu gün dünyanın, o cümlədən Avropanın aparıcı gücləri artıq aydın başa düşürlər ki, Cənubi Qafqaz kimi geostrateji baxımdan son dərəcə mühüm regionda təmsil olunmaq, öz maraqlarını təmin etmək üçün ilk növbədə Azərbaycanla hesablaşmaq və ölkəmizin bu xüsusda müsbət rəyini almaq lazımdır. Hazırda Azərbaycanla əməkdaşlıq əlaqələrini davamlı şəkildə inkişaf etdirən ölkələrdən biri də Almaniya Federativ Respublikasıdır. Birmənalı olaraq deyə bilərik ki, Almaniya Prezidentinin Azərbaycana rəsmi səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafında yeni, daha dinamik mərhələyə keçid üçün möhkəm zəmin yaradacaq. Mən bir məqamı xüsusi qeyd etmək istərdim ki, bu məqam Prezident Ştaynmayerin Bakıda mətbuata verdiyi bəyanatda öz əksini tapmaqla, bir daha ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində məhz cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət kursunun əsas amil kimi çıxış etdiyini təsdiq edir. Bildiyiniz kimi, Almaniya Avropa iqtisadiyyatının əsas aparıcı qüvvəsi hesab olunur. Eyni zamanda da Avropa İttifaqının xarici siyasətinin formalaşmasında bu ölkənin rolu, sözünün çəkisi müstəsna önəm daşıyır. Bununla belə, Almaniya Prezidenti aprelin 2-də Bakıda mətbuata bəynatla etdiyi çıxışında Azərbaycanın hələ 2022-ci ildə onun ölkəsi üçün böyük rol oynadığını xatırlatdı və buna görə bir daha cənab Prezident İlham Əliyevə öz təşəkkürünü bildirdi. Qeyd olundu ki, həmin vaxt Almaniyanın Rusiyadan aldığı qaz təchizatında dayanma baş verdiyi zaman məhz Azərbaycan üzərinə böyük məsuliyyət götürərək Federativ Respublikanın enerji təhlükəsizliyinə mühüm töhfə vermişdi. Bu epizod bir daha dövlət başçımızın uğurla həyata keçirdiyi xarici siyasətin sözün əsil mənasında müstəqil olduğunu nümayiş etdirir və eyni zamanda da bu siyasətin Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində müstəsna rol oynadığını göstərir.
- Bu gün Azərbaycanın xarici əlaqələrinin coğrafiyasında cənub-şərqi Avropa və Balkan yarımadası ölkələri də xüsusi yer tutur. Bu baxımdan Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın ölkəmizə martın 11-də etdiyi rəsmi səfərin nəticələrini necə qiymətləndirirsiniz?
- Şimali Makedoniya ilə Azərbaycanın əlaqələri bu gün kifayət qədər yüksək dinamika ilə inkişaf edir. Bu baxımdan Şimali Makedoniya Prezidentinin ölkəmizə qeyd etdiyi rəsmi səfəri də əlbəttə ki, böyük əhəmiyyət kəsb edir. Əlbəttə, ölkələrimiz arasında bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Lakin Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfərindən sonra bu boşluğun doldurulması üçün yeni perspektivlər yaranıb. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında iki ölkənin energetika sahəsində əməkdaşlığa başlamasını son ayların müsbət əlaməti kimi qeyd etdi. Azərbaycan qazı artıq keçən ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılmışdır. Gələcəkdə Azərbaycan lazım olan həcmdə qaz təchizatını artıra bilər. Çünki ölkəmiz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır. Məlumdur ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir ki, bu ölkələrin də yerləşmələri Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10-nu isə bilavasitə Avropa ölkəsidir. Avropa Azərbaycan qazına ehtiyac duyur və bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq ölkəmiz üçün çox önəmlidir və bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa yol açacaq. Öz çıxışında cənab Prezident İlham Əliyev bildirdi ki, bu gün ölkələrimiz arasında eyni zamanda həm siyasi əlaqələrin daha da inkişafı üçün əlavə tədbirlər görülməlidir, həm də iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır.
- Eldar müəllim, bu gün Azərbaycanın xarici əlaqələri bütün istiqamətlərdə genişlənir və inkişaf edir. Əlbəttə ki, bu baxımdan aparıcı Asiya ölkələri ilə və xüsusən də dünyanın ən güclü iqtisadiyyatına malik ölkələrədən biri olan Çin ilə əlaqələr də müstəsna əhəmiyyət kəsb edir. Bu barədə nə deyə bilərsiz?
- İlk öncə mən demək istərdim ki, bu gün Azərbaycan özünün xarici əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğu qədər, dünyanın ən güclü iqtisadiyyata malik olan ölkələri üçün də Azərbaycanla əməkdaşlıq böyük maraq və önəm kəsb edir. O cümlədən, hazırda Azərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlıq kifayət qədər uğurla inkişaf edir. Məlumdur ki, ötən il Azərbaycan Prezidenti ilə Çinin Sədri arasında baş tutmuş görüşdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ölkələrimiz arasında ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Cənab Prezident İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində qeyd olunduğu kimi, strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir. Qeyd etmək lazımdır ki, dövlət başçımızın müsahibəsinin gedişində aparıcı tərəfindən səsləndirilən suallar dövlətlərarası münasibətlərdən başqa, Çin ictimaiyyətinin də Azərbaycana, ölkəmizdə gedən proseslərə marağının kifayət qədər böyük olduğunu deməyə əsas verir. O cünlədən Azərbaycanın BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlarla münasibətdə mövqeyi, ölkəmizin təhlükəsizlik, ticarət, iqtisadi inkişaf nöqteyi-nəzərindən Qlobal Cənubla bağlı aparılan müzakirələrə münasibəti barədə verilən suallar bir daha ölkəmizin rəyinin beynəlxalq arenada getdikcə daha çox çəkiyə malik olduğunu göstərir. Beləliklə, Azərbaycanın həm BRICS-in, həm də dialoq üzrə tərəfdaş statusuna malik olduğu Şanxay Əməkdaşlıq Təşkilatının üzv dövlətləri ilə çox yaxşı və dost münasibətləri var. Ölkəmizin coğrafi mövqeyi isə Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə verdiyi töhfələri daha əhəmiyyətli edir. Çin və Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın üzərində fəal iş apardığı məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir və praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilər.
- Eldar müəllim, müsahibəmizin sonuna yaxın mən yenidən ADA Universitetində keçirilmiş beynəlxalq forumda müzakirə olunan mövzulardan birinə qayıtmaq istəyirəm. Məsələ bundadır ki, bu gün Cənubi Qafqazda sülh və sabitliyin davamlı olmasından artıq regionumuzdan min kilometrlərlə uzaqda yerləşən ölkələrin də təhlükəsizliyi asılıdır. Yəni söhbət enerji təhlükəsizliyindən gedirsə də, bunun hazırda hər bir ölkə üçün milli təhlükəsizliyin bir elementi, həm də ən vacib elementlərindən biri olduğu artıq müzakirə belə olunmur. Bu baxımdan Azərbaycan ilə Ermənistan arasında sülh prosesi də hazırda bütün beynəlxalq ictimaiyyət tərəfindən xüsusi diqqətlə izlənir. Bu barədə hansı fikirlərinizi bizimlə bölüşə bilərsiz?
- Mən sizin bu fikrinizlə də tam razıyam ki, bu gün Cənubi Qafqazda sülh və sabitliyin əldə olunması artıq çoxdan regional əhəmiyyətli məsələ statusundan çıxıb. İndi bu göstərici həm Avropanın enerji təhlükəsizliyi üçün, həm də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin inkişafı üçün mühüm amilə çevrilib. Bu baxımdan da Azərbaycan-Ermənistan münasibətləri, sülh prosesinin hazırkı durumu forumda müzakirə edilən məsələlərdən biri kimi tədbir iştirakçılarını ən çox maraqlandıran mövzulardan olub. Qeyd edim ki, cənab Prezident İlham Əliyev forum iştirakçılarının diqqətini ilk növbədə Ermənistanın təcavüzkar separatizmlə səciyyələnən siyasətinin formalaşmasına səbəb olan tarixi məqamlara cəlb etmək üçün son dərəcə dəqiq bir bənzətmədən istifadə edərək belə dedi: “1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, əslində, zaman bombası idi və bu bomba separatçılara, onların sponsorlarına və münaqişəni öz siyasi məqsədləri üçün istifadə edən müxtəlif tərəflərə lazım olan anda partladı.” Ötən əsrin sonlarında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqazın nisbətən inteqrasiya olunmuş bölgə kimi bütün region xalqlarının bəhrələnə biləcəyi inkişafını mümkünsüz etdi. Halbuki, iqtisadi və nəqliyyat marşrutları və əlbəttə ki, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bu, baş verə bilərdi. Bütün bu seqmentlərdə Azərbaycanla Gürcüstan arasında mövcud olan əməkdaşlıq nümunəsi də bunu təsdiq edir. Lakin Ermənistan işğal və təcavüz siyasəti yürütməklə özünü Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi. Ermənilər faktiki olaraq real iqtisadi və siyasi müstəqilliklərini cəfəng “böyük Ermənistan” xülyasına qurban verdilər. Azərbaycan 2020-ci ildə tarixi Zəfərlə başa çatdırdığı Vətən müharibəsinin və 2023-cü ildə keçirdiyi bir günlük anti-terrot əməliyyatının sayəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, Qarabağda separatçılığın kökünü birdəfəlik kəsdi, sərhədlərinin toxunulmazlığını təmin etdi və bu gün bütün regionda davamlı sülhə və inkişafa nail olmaq üçün ciddi şəkildə çalışır. Bununla belə, hadisələrin bundan sonra hansı məcrada inkişaf edəcəyi indi məhz Ermənistanın yanaşmasından çox asılı olacaq. Ölkəmizin Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı gözləntiləri məlumdur. Əgər Ermənistan da sabitlik və inkişafda maraqlıdırsa, bunu Azərbaycanın irəli sürdüyü haqlı tələbləri qəbul edərək sülh sazişini imzalamaqla nümayiş etdirməlidir.
- Səhv etmirəmsə, Eldar müəllim, siz bu ilin fevral ayının 26-da İstanbulda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Daimi komitəsinin xüsusi iclasında “Tərəfdaşlıq münasibətlərinin gücü: mövcud əməkdaşlığın nəticələrinin qiymətləndirilməsi və gələcək imkanların nəzərdən keçirilməsi” mövzusunda çıxış edərkən Zəngəzur dəhlizinin açılmasını həm də regional sülhün fundamental elementlərindən biri kimi dəyərləndirmişdiniz...
- Tamamilə doğrudur. Mənim çıxışımda yer almış mühüm məqamlardan biri məhz Zəngəzur dəhlizi ilə bağlı olmuşdur. Bu gün Çin, Qırğızıstan və Özbəkistan arasında dəmiryolu əlaqəsinin yaradıldığını nəzərə alsaq, Zəngəzur dəhlizi “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Beləliklə Zəngəzur dəhlizi həm lokal, həm də interkontinental, yəni qitələrarası önəm daşıyır. Dəhlizin regional müstəvidəki qlobal əhəmiyyəti Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrut kimi ortaya çıxmasıdır. Bununla Zəngəzur dəhlizi qardaş Türkiyə üçün də mühüm önəm kəsb edən yoldur. Əlbəttə ki, dəhlizin mövcudluğu Türk dövlətlərinə də böyük töhfələr verəcək, bununla da Xəzər dənizində gəmi nəqliyyatının artmasını stimullaşdıracaqdır. Məhz bu baxımdan da mən öz çıxışımda Azərbaycanın tərəfdaşlıq əlaqələrinin inkişafı üçün böyük potensiala sahib olduğunu vurğulamışdım. Azərbaycanın həqiqətən də tərəfdaşlıq əlaqələrinin inkişafı üçün unikal imkanları var. Biz Avropa və Asiya nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşirik. Bu kontekstdə Zəngəzur dəhlizi bütün Avrasiya üçün əsas rol oynayacaq. Bu dəhliz nəinki müxtəlif regionları birləşdirəcək, həm də Avropa və Asiya arasında mal və xidmətlərin hərəkətini sürətləndirəcək mühüm logistik marşruta çevriləcək. Bu, daha səmərəli çatdırılmanı təmin edəcək və bu da öz növbəsində iştirakçı ölkələrin iqtisadi artımına töhfə verəcək. Buna görə də Zəngəzur dəhlizinin açılmasını həm də regional sülhün fundamental elementlərindən biri kimi dəyərləndirilməlidir. Çox vacib bir məqam kimi, Zəngəzur dəhlizinin açılması ilə xalqlar arasında mədəni mübadilə və qarşılıqlı anlaşma üçün yeni imkanların yaranacağını da diqqətə almaq lazımdır. Beləliklə, bu layihə region xalqlarının əməkdaşlıq və qlobal iqtisadiyyata inteqrasiya istəklərinin simvolu ola bilər.
- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.
- Mən də sizə dolğun suallarınıza görə təşəkkür edirəm. Sağ olun.
Söhbətləşdi: Azər Məmmədov
Bölməyə aid digər xəbərlər