

“Məlumdur ki, Gürcüstan Cənubi Qafqaz regionunda ənənəvi olaraq Azərbaycanın ən yaxın müttəfiqidir. Birmənalı olaraq deyə bilərik ki, ölkələrimiz arasında ali səviyyədə fəal siyasi dialoq mövcuddur. Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin bu vəzifəyə seçildikdən sonra aprelin 16-da ilk olaraq məhz Azərbaycana rəsmi səfər eməsi də bunu bir daha təsdiq edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana indiyədək 1 dövlət, 1 rəsmi, 9 işgüzar səfərlər olmaqla ümumilikdə 11 dəfə səfər etmişdir. Həmçinin Gürcüstanın sabiq prezidenti xanım Zurabişvili də ölkəmizə 2 dəfə səfər etmişdir. Eyni zamanda bu gün Azərbaycan ilə Gürcüstan arasında ölkə parlamentləri səviyyəsində də möhkəm əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti kifayət qədər effektivliyi ilə diqqəti cəlb edir. Gürcüstan Parlamentinin Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq qrupu mövcuddur. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya platformaları vacib rol oynayır. Həmçinin ölkələrimiz arasında ikitərəfli əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda Azərbaycan və Gürcüstan bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər. İndiyədək Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin hüquq bazasını təşkil edən 119 sənəd imzalanmışdır. Bütün bunlar ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
Fikirlərini davam etdirən deputat daha sonra cənab Prezident İlham Əliyevin aprelin 16-da mətbuata bəyanatla etdiyi çıxışında səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq bunları deyib: “Azərbaycan-Gürcüstan əlaqələrinin xalqlarımız arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq münasibətləri əsasında qurulması həm ölkələrimiz üçün, həm də bütün Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir. Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr ölkələrimizi bir-birinə strateji cəhətdən bağlayır. Buna paralel olaraq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Ölkələrimiz arasında siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda gedir və bu, münasibətlərə strateji xarakter verir. Cənab Prezident İlham Əliyevin aprelin 16-da mətbuata bəyanatla etdiyi çıxışında da xüsusi olaraq vurğulandı ki, bu gün Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri Avropa ölkələrinin enerji təhlükəsizliyinə böyük töhfələr verməkdədir. Hazırda Azərbaycan qazı Gürcüstan da daxil olmaqla 12 ölkəyə ixrac edilir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanı, həm də Gürcüstanı Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Bu gün Orta Dəhliz layihəsi Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün hökumətlərimiz tərəfindən əlavə addımlar atılır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Beləliklə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdıqları nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, həmçinin regionumuzun hüdudlarını aşaraq qlobal miqyasda enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər