Eltun Süleymanov: "Bakının azad olunması milli dövlətçilik yolunda həlledici qələbə oldu"

Eltun Süleymanov: "Bakının azad olunması milli dövlətçilik yolunda həlledici qələbə oldu"

Azərbaycan tarixində elə günlər var ki, onlar həm xalqın taleyini dəyişir, həm də milli dövlətçiliyin təməl daşlarını möhkəmləndirir. 1918-ci il sentyabrın 15-də Bakının azad olunması məhz belə tarixi dönüş nöqtələrindən biridir. Bu zəfər Azərbaycan Xalq Cümhuriyyətinin taleyini müəyyənləşdirməklə yanaşı, milli suverenlik ideyasının da parlaq ifadəsi oldu.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, Cümhuriyyətin yaradılmasından cəmi bir neçə ay sonra yeni dövlət ciddi sınaqlarla üz-üzə qalmışdı. Paytaxt Bakının düşmən işğalı altında qalması Cümhuriyyətin mövcudluğunu sual altına alırdı. Elə bu səbəbdən də Azərbaycan hökuməti Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusuna müraciət etdi. Qardaşlıq, həmrəylik və azadlıq uğrunda mübarizə idealları ilə birləşən bu ordu 1918-ci ilin sentyabrında qəhrəmanlıqla Bakını işğaldan azad etdi. Bakının azad olunması yalnız hərbi qələbə deyildi. Bu hadisə Azərbaycan xalqının siyasi iradəsinin, milli dövlətçilik arzusunun və azadlıq idealına sadiqliyinin təcəssümü idi. Əgər bu qələbə olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti dövlət kimi tarix səhnəsində çox qısa müddət qalardı. Ən mühüm məqam isə odur ki, 1918-ci ilin bu tarixi zəfəri qardaşlıq və həmrəylik nümunəsi kimi yadda qaldı. Türk və azərbaycanlı igidlərin birgə mübarizəsi göstərdi ki, milli azadlıq uğrunda mübarizə sərhəd tanımır. Bu hadisə həm də Türk dünyasının birlik ideyasının parlaq səhifəsi oldu. Bu gün biz həmin tarixi zəfəri böyük qürurla xatırlayırıq. Çünki 1918-ci ildə Bakının azad olunması ilə başlayan yol, 1991-ci ildə müstəqilliyimizin bərpasına, 2020-ci ildə isə torpaqlarımızın işğaldan azad olunmasına qədər uzanan böyük milli mübarizə zəncirinin mühüm halqasıdır. Beləliklə Bakının azad olunması Azərbaycan xalqının əbədi mübarizə ruhunun, milli iradəsinin və dövlətçilik əzminin rəmzi olaraq tarixdə düşdü. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi vaxt Bakı şəhəri daşnak-bolşevik və xarici qüvvələrin əlində idi. Şaumyanın rəhbərliyi altında təşkil edilmiş Bakı Soveti paytaxtı nəzarətdə saxlayaraq, hökumətin Gəncədə fəaliyyət göstərməsinə səbəb olmuşdu. Ancaq Azərbaycan paytaxtı olmadan “yarımçıq dövlət” görünürdü. Dövlətçiliyin tam güclə möhkəmlənməsi, idarəetmənin formalaşması və diplomatik əlaqələrin genişlənməsi yalnız Bakının azad edilməsi ilə mümkün idi. Müstəqilliyini qorumaq üçün Azərbaycan hökuməti qardaş Osmanlıya müraciət etdi. 1918-ci il iyunun 4-də imzalanmış müqavilə nəticəsində Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycan əsgərləri ilə birlikdə döyüş meydanına atıldı. Göyçaydan başlanan mübarizə gedişində düşmən qüvvələri darmadağın edilərək paytaxt istiqamətində irəliləyiş təmin olundu. 1918-ci ilin sentyabr ayına gəldikdə artıq Bakı uğrunda həlledici döyüşlərin vaxtı çatmışdı. Qafqaz İslam Ordusunun və azərbaycanlı döyüşçülərin qəhrəmanlığı nəticəsində sentyabrın 14-dən 15-nə keçən gecə başlanan əməliyyat uğurla başa çatdı. İngilis, rus və erməni qüvvələri məğlubiyyətə uğrayaraq şəhəri tərk etdilər. Sentyabrın 15-də Bakı tam azad edildi. Bu zəfər böyük qurbanlar bahasına başa gəldi – Qafqaz İslam Ordusu və milli qüvvələr yüzlərlə şəhid verdi. Onların fədakarlığı Azərbaycan xalqının azadlıq tarixinin parlaq səhifəsinə çevrildi. Paytaxtın işğaldan qurtarılması ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçdü. Parlamentin və hökumətin fəaliyyəti burada cəmləşdi, dövlət strukturlarının formalaşdırılması sürətləndi. Azərbaycan beynəlxalq müstəvidə özünü daha inamla təqdim etməyə başladı. Bakı isə milli dövlətçiliyin beyni və ürəyi olaraq yeni bir mərhələyə qədəm qoydu. Bakının xilası həm də Türkiyə-Azərbaycan qardaşlığının möhtəşəm nümunəsi idi. Osmanlı əsgərlərinin göstərdiyi fədakarlıq bu gün də xalqımızın yaddaşında qardaşlıq və həmrəylik simvolu kimi yaşayır. Azərbaycan dövləti bu tarixi hadisəyə daim böyük önəm verir. Şəhid türk əsgərlərinin xatirəsinə Bakıda ucaldılmış “Türk Şəhidliyi” abidəsi, 2018-ci ildə Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən hərbi parad və cənab Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı bu yaddaşın davamlılığını nümayiş etdirir. 1918-ci ildə Bakının azad olunması sübut etdi ki, xalqımız azadlığı uğrunda mübarizədən heç vaxt geri çəkilməyib. Həmin zəfərin varisi olan müasir müstəqil Azərbaycan dövləti bu gün də o qəhrəmanlıq irsindən güc alaraq gələcəyə inamla addımlayır-deyə E. Süleymanov fikrini tamamlayıb.


Tarix: Bu gün, 10:10


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930