
Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışı ölkəmizin beynəlxalq arenada artan nüfuzunun və güclənən mövqeyinin bariz göstəricisinə çevrildi. Prezidentin çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın bu gün MDB məkanında sülh, sabitlik və əməkdaşlığın aparıcı qüvvəsi olduğunu bir daha təsdiqlədi. Dövlət başçısının “Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsini dəstəklədiklərinə görə təşəkkürümü bildirirəm” sözləri həm diplomatik jest, həm də milli qürurun təzahürü kimi səsləndi.
Laçın şəhərinin bu statusu qazanması Azərbaycanın mədəni və mənəvi dirçəliş siyasətinin uğurlu nəticəsidir. İşğaldan azad olunmuş Laçın qısa müddətdə tamamilə bərpa edilərək müasir və gözəl şəhərə çevrilib. Prezident İlham Əliyevin Düşənbədə qeyd etdiyi kimi, “tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib”. Bu fakt Azərbaycanın yenidənqurma potensialını və dövlətçilik iradəsini aydın şəkildə nümayiş etdirir.
Eyni zamanda, Gəncədə keçirilən III MDB Oyunları da ölkəmizin beynəlxalq əməkdaşlıq və humanitar diplomatiya sahəsində qazandığı nailiyyətlərin göstəricisidir. Bu yarışlarda 13 ölkədən 1600-dən çox idmançının iştirakı Azərbaycanın qonaqpərvərliyinin, təşkilatçılıq bacarığının və sabit inkişafının təzahürü oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, “bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir.”
Laçının mədəniyyət paytaxtı seçilməsi və Gəncədə beynəlxalq idman oyunlarının təşkili Azərbaycanın regionda mədəni və humanitar inteqrasiyanın əsas mərkəzinə çevrildiyini sübut edir. Bu hadisələr bir daha göstərir ki, Azərbaycan artıq təkcə iqtisadi baxımdan deyil, həm də mənəvi və siyasi sahədə nüfuzlu lider dövlət kimi çıxış edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslı və uzaqgörən siyasət MDB məkanında qarşılıqlı etimadı, sülhü və əməkdaşlığı möhkəmləndirir. Laçında alovlanan mədəniyyət çırağı ilə Gəncədə yüksələn idman ruhu eyni ideyanın – müstəqil, qalib və güclü Azərbaycanın simvoluna çevrilib
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Çiçək Daşdəmirova
Bölməyə aid digər xəbərlər