30 ilə yaxın davam edən işğal dövründə xalqımız böyük sınaqlardan keçmişdir

30 ilə yaxın davam edən işğal dövründə xalqımız böyük sınaqlardan keçmişdir


Azərbaycan xalqının yenilməz iradəsinin, milli həmrəyliyinin və müzəffər ruhunun təntənəsi olan 8 Noyabr — Zəfər Günü tariximizin ən parlaq səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin dediyi kimi: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.” 30 ilə yaxın davam edən işğal dövründə xalqımız böyük sınaqlardan keçmişdir. Lakin bu müddət ərzində Azərbaycan dövləti həm iqtisadi, həm də hərbi gücünü artıraraq qətiyyətlə Qələbəyə doğru irəliləmişdir. Cənab Prezident İlham Əliyevin sözləri ilə: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir... və biz buna nail olduq.” Bu illər ərzində dünya ictimaiyyəti münaqişəyə “dondurulmuş münaqişə” kimi yanaşsa da, Azərbaycan bu vəziyyəti heç vaxt qəbul etməmişdir. Nəhayət, 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi xalqımızın sarsılmaz əzmini bütün dünyaya göstərdi. Ordumuz hər gün irəliləyir, düşməni geri çəkilməyə məcbur edirdi. Müzəffər Ali Baş Komandan belə deyirdi: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.” Bu tarixi Qələbənin əsas səbəblərindən biri də güclü milli birlik və vətənpərvərlik idi. Hərbçilərimiz “öldü var, döndü yoxdur” şüarı ilə döyüşərək əsl qəhrəmanlıq dastanı yazdılar. Dövlət başçımızın vurğuladığı kimi: “Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq.” Bu Qələbə həm də Türkiyə–Azərbaycan qardaşlığının sarsılmazlığını bir daha təsdiqlədi. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.” Bu gün Qarabağda genişmiqyaslı bərpa-quruculuq işləri uğurla həyata keçirilir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçılar zərərsizləşdirilmiş, dövlət suverenliyimiz tam təmin edilmişdir. Dövlət başçımız dediyimi kimi: “Azərbaycan öz gücünü bir daha göstərdi.” Tarixi Qələbəmizin əbədiləşdirilməsi məqsədilə 8 Noyabr — Zəfər Günü təsis olunmuş, bu gün münasibətilə amnistiya elan edilməsi isə dövlətin öz xalqına olan minnətdarlığının təcəssümüdür. “Bu şanlı tarix bizimlə əbədi olacaq,” – deyə cənab Prezident İlham Əliyev bildirir ki, gələcək nəsillər bu Qələbə ilə həmişə fəxr edəcəklər.
Zəfər Günü Azərbaycan xalqının milli qürur günüdür. Şəhidlərimizin müqəddəs ruhu, qazilərimizin şücaəti, ordumuzun gücü və xalqımızın birliyi bu tarixi Qələbənin əsasını təşkil etmişdir. Qarabağın azadlığı, üçrəngli bayrağımızın Şuşada ucalması bizim əbədi Zəfərimizdir.


Maştağa qəsəbəsi, 128 saylı məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Cəvahir Rəsulzadə


Tarix: Bu gün, 12:45


Bölməyə aid digər xəbərlər