Azərbaycan bayrağının hər bir rəngi dərin mənaya malikdir

Azərbaycan bayrağının hər bir rəngi dərin mənaya malikdir

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın azadlıq, milli qürur və dövlət müstəqilliyinin ən uca rəmzlərindən biridir. Bu üçrəngli bayraq xalqımızın tarixi yaddaşını, milli dəyərlərini və gələcəyə olan inamını özündə birləşdirir. Hər bir Azərbaycan vətəndaşı üçün bayraq müqəddəsdir, çünki o, dövlətçiliyimizin, millibirliyimizin və müstəqilliyimizin təcəssümüdür.
Ulu Öndər Heydər Əliyev bu bayrağın mənəvi gücünü yüksək qiymətləndirərək deyirdi: “Azərbaycan Bayrağı sadəcə bir bayraq deyil, o, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.” Bu sözlər bir millətin taleyini, onun azadlıq iradəsini və vətənə olan sədaqətini ifadə edir. Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı ilin noyabrında Naxçıvanda ilk dəfə üçrəngli bayrağımız yenidən dövlət rəmzi kimi qaldırıldı və bu, milli tariximizdə dönüş nöqtəsi oldu.
Azərbaycan bayrağının hər bir rəngi dərin mənaya malikdir. Mavi rəng türklüyümüzü, mənəvi köklərimizi və milli kimliyimizi simvollaşdırır. Qırmızı rəng inkişaf, tərəqqi və müasir dünya ilə ayaqlaşmaq istəyimizi ifadə edir. Yaşıl rəng isə İslam mədəniyyətinə bağlılığımızı, mənəvi təmizliyimizi və əxlaqi dəyərlərimizi təcəssüm etdirir. Bu üç rəng bir araya gələrək, xalqımızın keçmişi, bu günü və gələcəyi arasında sarsılmaz bir körpü yaradır.
Bu gün üçrəngli bayrağımız dünyanın hər yerində, beynəlxalq təşkilatların qarşısında və azad edilmiş torpaqlarımızda qürurla dalğalanır. Prezident İlham Əliyevin dediyi kimi, “Bizim bayrağımız qürur mənbəyimizdir, bizim canımızdır, ürəyimizdir.” Bayrağımızın hər dalğalanışı xalqımızın birliyini, dövlətimizin gücünü və müstəqilliyimizin əbədiliyini göstərir.
9 Noyabr – Dövlət Bayrağı Günü təkcə bir tarix deyil, bu gün Azərbaycan xalqının azadlıq ideallarına sədaqətinin, milli kimliyinə olan sevgisinin və dövlətinə olan inamının bayramıdır. Bu gün hər bir azərbaycanlı qürurla üçrəngli bayrağımıza baxaraq deyir: Bu bayraq bizim kimliyimizdir, bu bayraq Azərbaycanın ruhudur!

Zabrat qəsəbəsi, 81 saylı tam orta məktəbin
Tarix müəllimi Arzu Abbasova


Tarix: Dünən, 14:22


Bölməyə aid digər xəbərlər