
34 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı xalqımızın, dünya ictimaiyyətinin yaddaşında sağalmaz iz buraxıb. Hər il soydaşlarımız, o cümlədən dünya azərbaycanlıları bu dəhşətli faciəni – insanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayəti dərin hüznlə yad edirlər. Bununla əlaqədar paytaxtda və respublikamızın bütün bölgələrində anım mərasimləri keçirilir, faciə qurbanlarının xatirəsi yad edilir, ruhlarına dualar oxunur. Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə ABŞ, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Belarus, Çexiya, Fransa, Gürcüstan, İndoneziya, İsveç, İngiltərə, İsrail, İordaniya, Kanada, Qətər, Qazaxıstan, Özbəkistan və Yaponiyada təqdim olunan 17 ekspozisiya və nəşrlərlə yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, İspaniya, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə və Türkmənistan ictimaiyyəti də Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə etmişdir.
Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti də yüksək qiymətə layiqdir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır. Hazırda dünyanın bir sıra ölkələrində bu qətliamın ildönümü ilə əlaqədar anım mərasimləri keçirilir. Artıq ABŞ kimi qüdrətli dövlətdə də Xocalı faciəsinin ildönümü qeyd edilir. ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhər merləri 26 Fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıblar.
Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əksini tapır. Dünyanın 15-dən çox ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Xocalı soyqırımı ilə bağlı aparılan istintaq zamanı 2213 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilmiş, 800-dən çox ekspertiza həyata keçirilmişdir. Rusiya, Qazaxıstan və Özbəkistanın prokurorluqlarına bir sıra məsələlər, o cümlədən 366-cı motoatıcı alayın ermənilər tərəfindən ələ keçirilən hərbi texnikası, həmin hərbi texnikalarla atəşə tutulan Azərbaycanın yaşayış məntəqələri barədə məlumatlarla əlaqədar müraciətlər edilmişdir.
Dünyanın aparıcı kütləvi informasiya vasitələri, o cümlədən tanınmış hüquq müdafiəçiləri, ekspertləri, ictimai-siyasi xadimləri Xocalıda törədilən vəhşiliklərə biganə qala bilməmişdir. “Times”, “İzvestiya”, “Sunday Times”, “Financial Times”, “La Mond” qəzetləri, “Valeur actual” və “Krua l’Eveneman” jurnalları, həmçinin digər dünya şöhrətli mətbu orqanlar Xocalı qətliamından bəhs edən məqalələr dərc edərək, bu qətliamı bəşəri cinayət adlandırmışlar. Prezident İlham Əliyevin uğurlu xarixi siyasəti və ordu quruculuğunu daim diqqət mərkəzində saxlaması artıq öz bəhrəsini verdi. Xocalıların, həmçinin Vətənimizin azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin qanı yerdə qalmadı.
Bölməyə aid digər xəbərlər








