
Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun aparıcı istiqamətlərindən biri olan kənd təsərrüfatı son illərdə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət dəstəyi, müasir infrastruktur layihələri və aqrar sahədə həyata keçirilən islahatlar nəticəsində bu sektor həm daxili bazarın təminatında, həm də ixrac imkanlarının genişlənməsində mühüm rol oynamağa başlayıb. Bu baxımdan cənab Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər də aqrar sahənin gələcək inkişaf prioritetlərini və qarşıda duran vəzifələri aydın şəkildə müəyyənləşdirir.
Dövlətimizin başçısı çıxışında bu məsələyə toxunaraq qeyd etdi ki, hələ 2004-cü ildə ilk dəfə prezident vəzifəsinə seçildikdən sonra irəli sürdüyü əsas təşəbbüslərdən biri regional inkişaf proqramı və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. Həmin proqramın prioritet istiqamətlərindən biri də kənd təsərrüfatının inkişafı, kənd yerlərində məşğulluğun artırılması və regionların iqtisadi potensialının gücləndirilməsi idi. Prezident bildirdi ki, 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi. Məhz buna görə də sonrakı illərdə ardıcıl olaraq yeni regional inkişaf proqramları qəbul edildi və həyata keçirildi. Bu proqramlar çərçivəsində elektrik, qaz və su təchizatının yaxşılaşdırılması, meliorasiya sistemlərinin yenilənməsi, fermerlərə dövlət dəstəyinin artırılması və kənd təsərrüfatı infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı işlər görüldü. Nəticədə regionlarda iqtisadi fəallıq artdı, minlərlə yeni iş yeri yaradıldı, kənd təsərrüfatı məhsullarının istehsalı və ixrac potensialı əhəmiyyətli dərəcədə genişləndi. Möhtərəm Prezidentin bu fikirləri bir daha göstərir ki, Azərbaycanın aqrar sahədə əldə etdiyi nailiyyətlər təsadüfi deyil, uzunmüddətli və ardıcıl dövlət siyasətinin nəticəsidir. Regional inkişaf proqramları vasitəsilə yaradılmış infrastruktur və iqtisadi baza bu gün kənd təsərrüfatının dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və regionların sosial rifahının yüksəldilməsinə xidmət edir. Bu siyasət gələcək illərdə də kənd təsərrüfatının modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün möhkəm zəmin yaradır.
Müşavirədə müəyyənləşdirilən hədəflər və verilən tapşırıqlar kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafını təmin etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi tərəqqisinin sürətlənməsinə və qeyri-neft sektorunun dayanıqlı inkişafına xidmət edəcək.
Alidə Aslanova-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Bölməyə aid digər xəbərlər






