
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” sözləri Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına bağlılığının parlaq ifadəsidir.
Müstəqilliyin ilk illərində yaşanan problemlər Azərbaycanı ciddi sınaqlarla üz-üzə qoymuşdu. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edilmiş, ölkədə siyasi qeyri-sabitlik və hakimiyyət çəkişmələri yaranmışdı. İqtisadi vəziyyətin ağırlaşması, qanunsuz silahlı qrupların fəaliyyət göstərməsi və vətəndaş qarşıdurması təhlükəsi dövlət müstəqilliyimizi risk altında qoyurdu. Belə bir dövrdə ölkəni bu ağır vəziyyətdən çıxara biləcək nüfuzlu siyasi liderə ehtiyac duyulurdu.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın taleyində mühüm dönüş yaratdı. Azərbaycan Ali Sovetinin Sədri seçilən Ulu öndər Heydər Əliyev ölkənin gələcəyi ilə bağlı üzərinə düşən məsuliyyəti dərindən dərk edərək dövlət müstəqilliyinin qorunmasını və möhkəmləndirilməsini qarşıda duran ən vacib vəzifələrdən biri kimi müəyyənləşdirdi. O, hər zaman andına sadiq qalmış, bütün fəaliyyəti boyu Azərbaycan dövlətçiliyinin inkişafına xidmət etmişdir.
Milli Qurtuluş Günü həm də xalqımızın həmrəyliyinin simvoludur. Məhz xalqın birliyi və Ulu öndər Heydər Əliyevə olan inamı sayəsində ölkədə sabitlik bərpa edildi. Qurtuluşun rəmzləri kimi tarixə düşən mühüm addımlar atıldı: qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, ilk parlament seçkiləri keçirildi, referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi, dünya birliyinə inteqrasiya prosesi sürətləndi, siyasi islahatlara başlanıldı və çoxpartiyalı sistem formalaşdırıldı.
1993-cü ildə əsası qoyulan inkişaf strategiyası sonrakı uğurlarımızın möhkəm təməlini təşkil etdi. Bu yol Azərbaycanı güclü və nüfuzlu dövlətə çevirdi. Tarixi Qələbəyə aparan yol da məhz Milli Qurtuluşdan başladı. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş, regionun lider dövlətlərindən birinə çevrilmişdir.
Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi, Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur. Həqiqətən də, 15 İyun Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin bərpası və gələcək inkişafın başlanğıcı kimi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Ağayeva Xəyalə.
Bölməyə aid digər xəbərlər









