
Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu ildən-ilə artır. Bu uğurların əsasında Ümummilli Lider, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası dayanır. Bu siyasi kurs bu gün cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyanın etibarlı tərəfdaşlarından biri kimi tanınır, müxtəlif dövlətlərlə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq münasibətlərini davamlı şəkildə inkişaf etdirir.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri də ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərən mühüm hadisələrdən biridir. Şuşa şəhərində keçirilən görüş zamanı cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin perspektivlərini bir daha nümayiş etdirdi.
Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan ilə Slovakiya arasında siyasi dialoq müntəzəm xarakter daşıyır və qarşılıqlı səfərlər münasibətlərin inkişafına mühüm töhfə verir. Dövlət başçısı qeyd etdi ki, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın möhkəm hüquqi-siyasi əsasını formalaşdırmışdır. Bu sənəd yalnız siyasi münasibətlərin deyil, iqtisadiyyat, energetika, sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlığın da genişlənməsinə xidmət edir.
Bəyanatda diqqət çəkən mühüm məqamlardan biri Slovakiyanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpasına verdiyi dəstək oldu. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkətinin həyata keçirdiyi “Ağıllı kənd” layihəsi dost ölkənin Azərbaycanın bərpa-quruculuq prosesinə verdiyi real töhfənin göstəricisidir. Bu layihələr bölgədə müasir infrastrukturun qurulmasına, insanların doğma torpaqlarına qayıdışına və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir.
Cənab Prezident İlham Əliyev çıxışında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, hərbi-texniki əməkdaşlıq və digər istiqamətlərdə görüləcək işlərin hər iki dövlət üçün böyük əhəmiyyət daşıdığını xüsusi vurğuladı. Bu əməkdaşlıq təkcə iki ölkənin maraqlarına deyil, həm də regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir.
Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və prinsipial xarici siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Dövlətimizin sülhə, qarşılıqlı hörmətə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasəti dünyanın bir çox ölkələri tərəfindən yüksək qiymətləndirilir. Bu gün Azərbaycan yalnız regionun deyil, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayan dövlətlərdən biridir.
Şuşada keçirilən bu görüş həm də Azərbaycanın tarixi Zəfərinin yaratdığı yeni reallıqların beynəlxalq səviyyədə qəbul edildiyini göstərir. Müxtəlif ölkələrin rəhbərlərinin Qarabağa səfər etməsi, burada həyata keçirilən yenidənqurma layihələri ilə yaxından tanış olması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verilən dəstəyin bariz nümunəsidir.
Əminliklə demək olar ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik siyasəti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Bu siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan, etibarlı tərəfdaş kimi tanınan və davamlı inkişaf yolunda inamla irəliləyən güclü dövlətə çevrilmişdir. Slovakiya ilə münasibətlərin yüksələn xətt üzrə inkişafı da bu uğurlu siyasətin növbəti parlaq nümunəsidir.
213 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Abbasova Məsumə
Bölməyə aid digər xəbərlər







