İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Qarabağa xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əvvəlcə, qonaqpərvərliyə görə minnətdaram. Ötən il ölkənizə rəsmi səfərimdən və müzakirələrimizdən xoş xatirələr qalır. Məmnunam ki, fəal dialoqu davam etdiririk. Eyni zamanda, şadam ki, Sizi Administrasiyanızın və Hökumətinizin mühüm üzvlərindən ibarət çox böyük nümayəndə heyəti müşayiət edir. Biz də böyük heyətimizlə buradayıq. Bu, işin və ikitərəfli gündəliyin miqyasını, həmçinin irəliləyişi gördüyümüz və əlavə irəliləyişi görmək istədiyimiz həmin istiqamətləri nümayiş etdirir. Elə indicə bir çox məsələlərlə bağlı təkbətək fikir mübadiləsi apardıq, indi isə nümayəndə heyətləri ilə davam edirik. Tam əminəm ki, bu səfər tərəfdaşlığımıza əlavə təkan verəcək.
Sizi Qarabağda qəbul etmək xüsusilə xoşdur. Sabah Siz Bakıda olacaqsınız. Biz, həmçinin hazırda slovak şirkəti tərəfindən tikilən “ağıllı kənd”ə səfər edəcəyik və bu, güclü əlaqələrimizin digər yaxşı nümunəsidir. Hazırda burada, Qarabağda yenidənqurma işləri hökumətimizin əsas prioritetlərindən biridir. Buna görə slovak mütəxəssislərin iştirakı olduqca vacibdir. Bir sözlə, biz bu gün gündəliyimizdə olan bir çox məsələləri əhatə edəcəyik. Bir daha xoş gəlmisiniz və dəvətimi qəbul etdiyinizə görə minnətdaram.
Slovakiya Prezidenti Peter Pelleqrini çıxış edərək dedi: Çox sağ olun, cənab Prezident. Güclü nümayəndə heyəti ilə yenidən Azərbaycanda olmaq bizim üçün böyük şərəfdir və dəvətinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm.
Sizin Bratislavaya səfəriniz mənim də xatirimdədir. Həmin səfər diplomatik münasibətlərimizin tarixində mühüm səfər oldu. Əlbəttə, mən Bakıda deyil, Qarabağda, Şuşada görüşmək təklifinizi çox yüksək dəyərləndirirəm. Biz, həqiqətən, böyük təəssürat altındayıq. Ötən gecədən başlayaraq, cəmi bir neçə saatdır buradayıq və azad ediləndən sonra bir neçə il ərzində görülmüş işlər, həyata keçirilmiş infrastruktur layihələri bizə xoş təəssürat bağışladı. Biz çox fərəhlənirik ki, Slovakiya həmin işlərdə iştirak edir. Həmin mühüm layihələrdə iştirak edən iki xarici şirkətlərdən biri bizik. Ümid edirik ki, slovak ekspertlər gələn illərdə də burada digər yeni layihələrdə iştirak edəcəklər. Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini nümayəndə heyəti üzvlərinin Bakıda öz həmkarları ilə hökumətlərarası komissiyanın yaradılması, iqtisadi sahədə müqavilə-hüquq bazasının genişləndirilməsi ilə bağlı səmərəli danışıqlar apardıqlarını bildirdi.Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, investisiya, təhsil, turizm sahələrində əlaqələrin perspektivləri müzakirə olundu. Söhbət zamanı Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti qeyd olundu.
Geniş tərkibdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə səfər zamanı avtomobilin sükanı arxasına keçərək, qeyri-adi qonaqpərvərlik jesti ilə qonağı təəccübləndirib.Pelleqrini qeyd edib ki, rəsmi proqramın bu formatda davamı olduqca qeyri-adi idi, çünki ev sahibi olan dövlət başçıları, bir qayda olaraq, səfərlər zamanı avtomobili özləri idarə etmirlər.
"Prezident Əliyev və mən proqramımızın növbəti hissəsini olduqca qeyri-adi şəkildə davam etdirdik. Şübhəsiz ki, rəsmi səfər zamanı ev sahibi olan dövlət başçısının şəxsən özünün sükan arxasına keçməsi nadir hallarda baş verir", - Slovakiya Prezidenti yazıb.
O vurğulayıb ki, Azərbaycan liderinin bu qeyri-adi və xoş jestindən qəlbdən təsirlənib.
Pelleqrininin sözlərinə görə, İlham Əliyevin bu addımı iki ölkə arasındakı yaxşı münasibətlərin, onların xalqlarının dostluğunun, eləcə də ikitərəfli tərəfdaşlığın əsasında dayanan qarşılıqlı etimad və hörmətin bariz göstəricisi oldu.
"Mən bu yaddaqalan qonaqpərvərlik nümunəsinə görə Prezident Əliyevə səmimi qəlbdən təşəkkür edirəm", - Slovakiya lideri əlavə edib.
Zabrat qəsəbəsi,71 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Ülkər Tağıyeva
Bölməyə aid digər xəbərlər







