Şuşa tarixi hadisələrə şahidlik edir

Şuşa tarixi hadisələrə şahidlik edir

Azərbaycan öz tarixinin ən əlamətdar mərhələsini yaşayır. Uzun illər işğal altında qalmış torpaqlarımızda indi muxtəlif səviyyəli beynəlxalq tədbirlər keçirilir, ən mötəbər qonaqlar orada qarşılanır. İyulun 14 ölkəmizə səfərə gəlmiş Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Şuşada qarşılanması da bu qəbildən hadisələrdəndir. Ali qonağın qarşılanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatla çıxış edib.
Dövlət başçısı çıxışında bildirib ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir.
"Belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər" - Azərbaycan Prezidenti bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir: "2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir".
Bəyanatda Slovakiyanın Qarabağın bərpasında fəal iştirak etdiyi vurğulanıb. Bildirilib ki, Slovakiya Ağdam rayonunun Baş Qərvənd kəndində “Ağıllı kənd” layihəsini icra edir. "Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm" - Prezident İlham Əliyev deyib.
Ölkə rəhbərləri arasında iqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və prioritet təşkil edən digər sahələr müzakirə edilib: "Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri də bu gün və sabah - daim təmasdadırlar".
Prezident İlham Əliyev bildirib ki, ali qonağın səfəri Bakıda davam edəcək: "Mənim dəvətimi qəbul etdiyi və o cümlədən səfərini Qarabağa etdiyi üçün cənab Prezidentə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bu, bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir".
Münasibətlərin perspektivinə toxunan dövlətimizin başçısı qeyd edib ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək.
"Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır.
Onu da bildirməliyəm ki, Prezident Pelleqrini Azərbaycana ilk dəfə səfər etmir. Deyə bilərəm ki, o, Slovakiyadan olan yüksəkvəzifəli şəxslər arasında birinci insan idi, hələ əvvəlki vəzifədə Azərbaycana səfər etmişdir - həm parlamentin sədri, həm də Baş nazir kimi. Prezident kimi bizim beynəlxalq iqlim konfransında iştirak etmişdir və bu gün də Azərbaycanda rəsmi səfərdədir" - Azərbaycan Prezidenti bildirib.
Azadlığına qovuşmuş Qarabağ zaman keçdikcə daha böyük tarixi hadisələrə şahidlik edəcək. Bunu Azərbaycan dövlətinin və onun rəhbəri, cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət kursu aydın göstərir.

Rüstəmova Gültəkin Tofiq qızı
Bakı şəhəri 113 nömrəli tam orta
ümumtəhsil məktəbinin direktoru


Tarix: Bu gün, 11:26


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031