
Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub.
İki ölkə arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. XIX əsrdə bir qrup alman ailə Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə verib. Azərbaycanda ilk alman koloniyası Yelenendorf Gəncədən 7-8 kilometr aralıda, Xanarxlar deyilən kənddə (indiki Göygöl şəhəri) salınıb. Sonradan isə Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir torpaqlarında Annenfeld adlı ikinci koloniya yaradılıb. Bugün də Azərbaycan dövləti və xalqı ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.
Almaniya tarixən Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edib, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyib.
Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli dialoq mövcuddur. Eyni zamanda Almaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir. Belə ki, 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır. Bu sənəd eyni zamanda Azərbaycan ilə Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Azərbaycan xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi Almaniya ilə qarşılıqlı hörmətə, milli maraqlara və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin inkişafına daim xüsusi önəm verir.
Cənab Prezident İlham Əliyevin Almaniyaya son səfəri iki ölkə arasında siyasi əlaqələrin intensivləşməsi, iqtisadi əməkdaşlığın genişlənməsi və yeni strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və çoxqütblü xarici siyasət kursu son illərdə ölkəmizin həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu siyasətin növbəti mühüm nəticəsi cənab Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Kansleri Fridrix Merts ilə imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” oldu. Bu sənəd Azərbaycan-Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Bəyannamə iki ölkə arasında əməkdaşlığı ayrı-ayrı sahələr üzrə münasibətlərdən çıxararaq vahid strateji çərçivəyə salır və siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, elm, texnologiya, təhsil və humanitar əməkdaşlıq istiqamətlərini uzunmüddətli inkişaf konsepsiyası ətrafında birləşdirir.
Birgə Bəyannamənin ən mühüm xüsusiyyətlərindən biri əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsidir. Sənəddə yüksəksəviyyəli siyasi dialoqun davam etdirilməsi, nazirlər arasında məsləhətləşmələrin keçirilməsi və Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Bu mexanizmlər münasibətlərin davamlı və sistemli inkişafını təmin edəcək.
Birgə Bəyannamədə ilk dəfə olaraq təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq ayrıca strateji istiqamət kimi öz əksini tapır. Müdafiə sənayesi, hərbi təhsil müəssisələri arasında əməkdaşlıq, ekspert və tələbə mübadiləsi, mina təmizlənməsi, kibertəhlükəsizlik və transmilli təhdidlərə qarşı birgə fəaliyyət münasibətlərin daha geniş təhlükəsizlik müstəvisinə keçdiyini göstərir. Almaniyanın Azərbaycan-Ermənistan normallaşma prosesinə və regionda davamlı sülhün təmin olunmasına dəstəyi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə yalnız Azərbaycan ilə Almaniya arasında münasibətlərin inkişafını əks etdirən sənəd deyil. Bu, Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan uzunmüddətli əməkdaşlıq siyasətinin yeni mərhələsini ifadə edir və ölkəmizin Avropanın siyasi, iqtisadi və enerji məkanında etibarlı, proqnozlaşdırılabilən, məsuliyyətli tərəfdaş statusunu daha da möhkəmləndirir. Eyni zamanda, bu strateji sənəd cənab Prezident İlham Əliyevin qlobal müstəvidə həyata keçirdiyi uğurlu xarici siyasətin geniş miqyasını və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu bir daha nümayiş etdirir.
Maştağa qəsəbəsi C.Cabbarlı adına 187 nömrəli tam orta ümumtəhsil məktəbin əməkdaşı Şəhla Vəliyeva
Bölməyə aid digər xəbərlər










