
Azərbaycan xalqının tarixində elə günlər var ki, onların əhəmiyyəti zaman keçdikcə daha da artır, hər bir yeni nəsil üçün qürur və vətənpərvərlik mənbəyinə çevrilir. 8 Noyabr – Şuşa Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası, milli iradənin təntənəsi, qəhrəmanlıq və tarixi ədalətin zəfəri kimi yaddaşlara əbədi həkk olunub.
Şuşanın azad edilməsi yalnız bir şəhərin işğaldan qurtuluşu deyil, həm də xalqımızın milli-mənəvi dəyərlərinə, tarixi köklərinə və özünəinamına qayıdışının rəmzidir. Bu qələbə Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələnin başlanğıcını qoyub.
Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa əsrlər boyu xalqımızın ictimai-siyasi, mədəni və ədəbi həyatında mühüm rol oynayıb. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan şəhər qısa müddətdə bölgənin mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib.
Şuşa yalnız coğrafi məkan deyil, Azərbaycan xalqının mənəvi dünyasının ayrılmaz hissəsidir. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, böyük xanəndə Bülbülün, görkəmli şairə Xurşidbanu Natəvanın, şair və dramaturq Mir Möhsün Nəvvabın, eləcə də bir çox digər tanınmış şəxsiyyətlərin vətənidir. Şuşanın zəngin musiqi ənənələri, xüsusilə muğam sənəti Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında mühüm rol oynayıb.
Şəhərin tarixi abidələri, məscidləri, karvansaraları, memarlıq nümunələri və təbiət mənzərələri onun özünəməxsus simasını formalaşdırıb. Şuşa xalqımızın yaddaşında həm də milli ruhun, yaradıcılığın və azadlıq istəyinin təcəssümü kimi yaşayır.
1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycan xalqının yaddaşında dərin iz buraxdı. Şəhərin itirilməsi yalnız ərazi itkisi deyil, həm də xalqımızın mədəni irsinə və mənəvi dünyasına vurulan ağır zərbə idi.
İşğal illərində Şuşanın tarixi-mədəni abidələri dağıntılara və vandalizmə məruz qaldı, şəhərin tarixi simasına ciddi ziyan dəydi. Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı Şuşaya qayıdacağına, onun üzərində üçrəngli bayrağımızı yenidən dalğalandıracağına olan inamını heç vaxt itirmədi.
Şuşa həsrəti nəsillər arasında ötürülən bir arzuya, milli birliyimizin və mübarizə əzmimizin ifadəsinə çevrildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazdı. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə başladı.
44 gün davam edən müharibə ərzində ordumuz böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək bir sıra şəhər və kəndlərimizi işğaldan azad etdi. Bu mübarizənin zirvəsi isə 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi oldu.
Şuşanın azadlığı xüsusi hərbi əməliyyatın nəticəsi olmaqla yanaşı, Azərbaycan əsgərinin misilsiz cəsarətinin və fədakarlığının təntənəsi idi. Dağlıq ərazi, sıldırım qayalar və mürəkkəb relyef şəraitində həyata keçirilən əməliyyat dünya hərb tarixində də diqqətəlayiq hadisələrdən biri kimi qiymətləndirilir.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də xalqa müraciətində tarixi qələbəni bu sözlərlə elan etdi:
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Bu sözlər milyonlarla azərbaycanlının qəlbində sevinc, qürur və qələbə hisslərini birləşdirdi. Dövlət başçısının “Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” bəyanatı isə xalqımızın tarixi iradəsinin və milli birliyinin ifadəsinə çevrildi.
Şuşanın azad edilməsinin tarixi əhəmiyyətini nəzərə alan cənab Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla 8 Noyabr Azərbaycanda Zəfər Günü elan edildi. Daha sonra işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi ilə bağlı sərəncama əsasən, 8 Noyabr Şuşa Şəhəri Günü kimi də qeyd olunmağa başladı.
Bu tarix Azərbaycan xalqının yaddaşında həm Zəfər Günü, həm də Şuşanın azadlıq və dirçəliş bayramı kimi xüsusi yer tutur.
Prezident İlham Əliyevin Şuşanın gələcəyi ilə bağlı səsləndirdiyi “Biz bu şəhəri bərpa edəcəyik” fikri bu gün həyata keçirilən quruculuq işlərinin əsas istiqamətini müəyyənləşdirir.
Azad Şuşa artıq yalnız Azərbaycanın tarixi şəhəri deyil, həm də beynəlxalq mədəniyyət və diplomatiya mərkəzinə çevrilməkdədir. Şəhərdə keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları, konfranslar və mədəniyyət layihələri onun dünyaya açılan qapılarını daha da genişləndirir.
2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin tarixi və mədəni əhəmiyyətinin dövlət səviyyəsində təsdiqi idi. 2023-cü ildə Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı olması, 2024-cü ildə isə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı seçilməsi onun beynəlxalq nüfuzunu daha da artırdı.
Şuşada təşkil olunan “Xarıbülbül” musiqi festivalları, Vaqif Poeziya Günləri və digər mədəni tədbirlər Azərbaycan xalqının zəngin irsini nümayiş etdirir, müxtəlif xalqlar arasında mədəni dialoqun inkişafına töhfə verir.
Şuşanın azad edilməsi Azərbaycan xalqının birliyini, həmrəyliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi zamanı cəbhədə döyüşən əsgər və zabitlərimizin qəhrəmanlığı, arxa cəbhədə xalqımızın göstərdiyi dəstək, şəhid ailələrinin və qazilərimizin fədakarlığı bu qələbənin əsasını təşkil etdi.
Cənab Prezident İlham Əliyev 2021-ci ildə Zəfər Günü münasibətilə çıxışında qeyd etmişdir ki, xalqımızın qələbə əzmi, milli birliyi və ölkəmizin iqtisadi-hərbi qüdrəti “Dəmir yumruq” kimi birləşərək düşmənin məğlubiyyətini təmin etdi.
Bu birlik bu gün də ölkəmizin inkişafı və işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində mühüm rol oynayır. Şuşanın dirçəlişi hər bir azərbaycanlının ortaq məsuliyyəti və milli qürur mənbəyidir.
8 Noyabr – Şuşa Şəhəri Günü Azərbaycan xalqının qəhrəmanlıq tarixinin, milli iradəsinin və tarixi ədalətin təntənəsidir. Bu gün biz Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin fədakarlığını minnətdarlıqla xatırlayırıq.
Şuşanın azad edilməsi ilə xalqımız yalnız doğma şəhərinə qayıtmadı, həm də öz tarixi yaddaşına, milli qüruruna və gələcəyə inamına qovuşdu. Bu gün Şuşada aparılan bərpa və quruculuq işləri, sakinlərin doğma yurda qayıdışı və şəhərin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Zəfərin davam edən təntənəsidir.
Şuşa bu gün azad, qurulan və inkişaf edən Azərbaycan dövlətinin rəmzidir. Onun hər küçəsi, hər abidəsi və hər guşəsi xalqımızın qəhrəmanlıq salnaməsini yaşadır.
Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Maştağa qəsəbəsi,C.Cabbarlı adına 187 nömrəli tam orta ümumtəhsil məktəbin riyaziyyat müəllimi Asif Həsənov
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.