Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlətçilik irsimizin təcəssümüdür

Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlətçilik irsimizin təcəssümüdür

Azərbaycan xalqının dövlətçilik tarixində üçrəngli bayrağımızın özünəməxsus və müqəddəs yeri vardır. O, xalqımızın azadlıq iradəsini, milli kimliyini, tarixi yaddaşını və müstəqil yaşamaq arzusunu özündə birləşdirən ən mühüm dövlət rəmzidir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü hər bir vətəndaşa bu müqəddəs dəyərin tarixini xatırladır, Vətənə bağlılıq və milli qürur hissini daha da gücləndirir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayraq dövlət müstəqilliyimizin ilk rəmzlərindən biri olmuşdur. 1918-ci il noyabrın 9-da qəbul edilən bayrağımızın rəngləri xalqımızın mənəvi dünyasını və inkişaf istiqamətini ifadə edir: mavi rəng türk mənşəyimizi, qırmızı rəng müasirlik və demokratik inkişaf amalını, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi simvolizə edir. Aypara və səkkizguşəli ulduz isə bayrağımızın tarixi-mənəvi məzmununu tamamlayır.
Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə milli rəmzlərimizin yenidən ucaldılması zərurəti meydana çıxdı. Bu prosesdə Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd olunmalıdır. 1990-cı il noyabrın 17-də onun təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi barədə mühüm qərar verildi. Bu addım milli dövlətçilik irsinin bərpasına və üçrəngli bayrağın ümumxalq rəmzinə çevrilməsinə güclü təkan oldu. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağı yenidən Dövlət Bayrağı kimi qəbul etdi.
Ulu öndər Heydər Əliyev dövlət rəmzlərinə münasibətdə yüksək məsuliyyət və ehtiram nümunəsi göstərmiş, bayrağımızı müstəqil dövlətçiliyimizin əsas atributlarından biri kimi dəyərləndirmişdir. Onun siyasi irsi və dövlətçilik fəlsəfəsi gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, Vətəninə sadiq vətəndaşlar kimi yetişdirilməsinin vacibliyini ön plana çəkir. Bu gün də dövlət rəmzlərimizə hörmət, milli birlik və azərbaycançılıq ideyası həmin irsin mühüm istiqamətlərindəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçilik ənənələrinin davam etdirilməsinə, milli rəmzlərimizin uca tutulmasına və ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Cənab Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir. Bu qərar bayrağımıza ümumxalq ehtiramının daha da güclənməsinə və dövlət rəmzlərimizin təbliğinin genişlənməsinə mühüm töhfə vermişdir.
Bu gün üçrəngli bayrağımız ölkəmizin suverenliyini, xalqımızın birliyini və dövlətimizin gücünü nümayiş etdirir. Bayrağımızın beynəlxalq tədbirlərdə, idman yarışlarında və rəsmi mərasimlərdə yüksəklərdə dalğalanması hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə üçrəngli bayrağımızın ölkəmizin bütün ərazilərində dalğalanması dövlətçilik tariximizin əlamətdar hadisələrindəndir.
Bayrağa sevgi yalnız onu seyr etmək və bayram günlərində ucaltmaq deyil. Bu sevgi Vətənə sədaqətdə, dövlət qanunlarına hörmətdə, cəmiyyət qarşısında məsuliyyətdə və ölkənin inkişafına töhfə verməkdə ifadə olunur. Xüsusilə təhsil müəssisələrində şagirdlərə Dövlət Bayrağının tarixi, rənglərinin mənası və dövlət rəmzlərinə hörmətin əhəmiyyəti izah edilməlidir. Məktəbdə keçirilən maarifləndirici tədbirlər, söhbətlər və yaradıcı fəaliyyətlər uşaqlarda milli mənlik şüurunun, vətənpərvərlik hissinin və vətəndaşlıq məsuliyyətinin formalaşmasına kömək edir.
İbtidai siniflərdən başlayaraq uşaqlara bayrağımızın hər bir rənginin daşıdığı məna sadə və anlaşıqlı şəkildə öyrədilməli, onlarda milli dəyərlərə sevgi və hörmət aşılanmalıdır. Çünki bu gün dövlət rəmzlərinə ehtiramla böyüyən uşaqlar sabah ölkəmizin gələcəyini formalaşdıracaq məsuliyyətli vətəndaşlardır.
Üçrəngli bayrağımız keçmişimizlə gələcəyimizi birləşdirən, müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzidir. Ulu öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ənənələri və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən inkişaf yolu bayrağımızın daim uca tutulmasının əhəmiyyətini bir daha göstərir. Bayrağımız hər zaman yüksəklərdə dalğalansın, müstəqilliyimiz əbədi olsun!
Səbinə Nəsirli
 
Bakı şəhəri, Cavid Nurməmmədov adına 108 nömrəli tam orta ümumtəhsil məktəbinin
 ibtidai siniflər üzrə məktəb psixoloqu


Tarix: 5-11-2026, 12:11


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30