AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI MÜSTƏQİL DÖVLƏTÇİLİYİMİZİN VƏ HÜQUQİ DƏYƏRLƏRİMİZİN TƏMƏLİDİR

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI MÜSTƏQİL DÖVLƏTÇİLİYİMİZİN VƏ HÜQUQİ DƏYƏRLƏRİMİZİN TƏMƏLİDİR

Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan əlamətdar günlərdən biri də 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günüdür. Bu tarix müstəqil dövlətimizin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyimizin möhkəmlənməsini və demokratik inkişaf yolunun müəyyən edilməsini təcəssüm etdirir.
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri dəyərlərə əsaslanan ali hüquqi sənəddir. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmişdir. Həmin il noyabrın 27-də qüvvəyə minən Konstitusiya dövlət quruculuğunun möhkəm hüquqi təməlini yaratmışdır.
Ulu Öndər Heydər Əliyev Konstitusiyanın hazırlanmasına və qəbuluna xüsusi diqqət yetirərək Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun əsasları formalaşmışdır. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, dövlətin və cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.
Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasına, qanunun aliliyinin təmin edilməsinə, dövlət hakimiyyətinin təşkilinə və cəmiyyətin demokratik prinsiplər əsasında inkişafına xidmət edir. Əsas Qanunda insan hüquq və azadlıqları, bərabərlik, ədalət, dövlət müstəqilliyi və xalq hakimiyyəti kimi mühüm prinsiplər öz əksini tapmışdır.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlətçilik ənənələri davam etdirilir, hüquqi və demokratik inkişaf istiqamətində mühüm addımlar atılır. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, milli dövlətçilik ənənələrinə və ümumbəşəri prinsiplərə əsaslanaraq güclü dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.
Konstitusiyanın aliliyinin təmin olunmasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də mühüm rol oynayır. Konstitusiya Məhkəməsi Əsas Qanunun müddəalarının şərh edilməsi və konstitusiya nəzarətinin həyata keçirilməsi vasitəsilə ölkədə hüquqi dövlət prinsiplərinin qorunmasına töhfə verir.
Konstitusiyamızın əsas məqsədlərindən biri Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, vətəndaş cəmiyyətinin inkişafına şərait yaratmaq, hər bir insanın layiqli həyat səviyyəsini təmin etməkdir. Bu ali sənəd yalnız hüquqi normalar toplusu deyil, həm də xalqımızın milli iradəsini, dövlətçilik düşüncəsini və gələcəyə olan inamını ifadə edir.
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu il Konstitusiyamızın və dövlət suverenliyimizin xalqımızın həyatında tutduğu mühüm yerin daha dərindən dərk olunmasına, hüquqi maarifləndirmənin gücləndirilməsinə xidmət etmişdir.
Xüsusilə gənc nəslin Konstitusiyanın mahiyyətini, hüquq və vəzifələrini dərindən öyrənməsi mühüm əhəmiyyət kəsb edir. Məktəblərdə keçirilən maarifləndirici tədbirlər, dəyirmi masalar, müzakirələr və təqdimatlar şagirdlərdə hüquqi biliklərin formalaşmasına, dövlətçilik ənənələrinə hörmət və vətənpərvərlik hisslərinin güclənməsinə kömək edir.
Hər bir Azərbaycan vətəndaşı Konstitusiyaya hörmətlə yanaşmalı, qanunlara əməl etməli, öz hüquq və vəzifələrini bilməli, dövlətimizin inkişafına öz töhfəsini verməlidir. Çünki güclü dövlətin əsasını qanunun aliliyi, vətəndaş məsuliyyəti və milli birlik təşkil edir.
Nəticə etibarilə, 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın müstəqillik tarixində mühüm əhəmiyyətə malikdir. Konstitusiyamız dövlətimizin hüquqi dayağı, milli birliyimizin və suverenliyimizin rəmzidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolu və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanın gələcək nəsillər üçün daha güclü, müasir və qüdrətli dövlət kimi inkişafına xidmət edir.
Konstitusiyamız müstəqilliyimizin təminatı, hüquqlarımızın qoruyucusu və gələcəyimizin etibarlı təminatıdır!
Sabunçu rayonu M.Əsabir adına 259nömrəli tam orta ümumitəhsil məktəbin fizika
müəllimi  Həsənli Mətanət


Tarix: Dünən, 11:32


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30