Konstitusiya müstəqil dövlətimizin hüquqi təməli və xalqımızın sarsılmaz iradəsinin ifadəsidir

Konstitusiya müstəqil dövlətimizin hüquqi təməli və xalqımızın sarsılmaz iradəsinin ifadəsidir

Hər bir dövlətin taleyində elə tarixi günlər olur ki, onlar xalqın gələcəyini müəyyənləşdirir. 1995-ci il noyabrın 12-si məhz belə günlərdəndir. Həmin gün ümumxalq referendumu yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilmişdir. Ulu öndər Heydər Əliyev bu sənədin mahiyyətini belə ifadə etmişdir: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” Doğrudan da, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycanın ilk Əsas Qanunudur və ölkəmizdə insan hüquq və azadlıqlarının, qanunun aliliyinin hüquqi əsasını müəyyən edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Konstitusiyanın tarixi əhəmiyyətini belə qiymətləndirmişdir: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.” Konstitusiyaya əsasən Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublikadır, dövlət hakimiyyəti isə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin bölünməsi prinsipi əsasında həyata keçirilir.
Cənab Prezident İlham Əliyev həmçinin qeyd etmişdir: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.” Layihənin hazırlanması üçün Ulu öndərin sədrliyi ilə Konstitusiya Komissiyası yaradılmış, layihə geniş ümumxalq müzakirəsindən keçirilmişdir. Referendum 1995-ci il noyabrın 12-də Milli Məclisə ilk seçkilərlə eyni gündə keçirilmişdir.
Ölkəmizin konstitusiya quruluşunun tarixi çoxəsrlik dövlətçilik ənənələrimizlə bağlıdır. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi xalqımızın dövlətçilik təcrübəsində mühüm mərhələ olmuşdur. Sovet dövründə 1921, 1937 və 1978-ci illərdə qəbul edilmiş konstitusiyalar isə dövrün siyasi sisteminin tələblərini əks etdirmişdir. 1991-ci il oktyabrın 18-də qəbul edilən Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı müstəqil dövlətçiliyimizin hüquqi əsasını qoymuşdur. Lakin ölkədə yaranmış ağır siyasi böhran həmin illərdə dövlət quruculuğunu çətinləşdirirdi. Xalqın israrlı tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəni vətəndaş qarşıdurmasından və parçalanma təhlükəsindən xilas etdi, sabitliyi təmin etdi və yeni Konstitusiyanın hazırlanmasına rəhbərlik etdi.
Konstitusiya qəbul edildikdən sonra hər il noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Bu bayram təkcə təqvim tarixi deyil, həm də dövlətimizin hüquqi əsaslarına, qanunun aliliyinə və vətəndaş məsuliyyətinə bağlılığın rəmzidir. Məktəblərdə keçirilən tədbirlər, dərs saatları və açıq söhbətlər şagirdlərdə vətəndaşlıq mövqeyinin, hüquqi şüurun və Vətənə məhəbbət hissinin formalaşmasına xidmət edir.
Konstitusiyanın aliliyinin təmin edilməsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xüsusi rol oynayır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan bu məhkəmə 1998-ci ildə fəaliyyətə başlamışdır. O, qanunların və digər normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunu yoxlayır, insan hüquq və azadlıqlarının qorunmasına təminat verir. Bu gün də Konstitusiya Məhkəməsi hüquqi dövlət quruculuğunun mühüm təminatçısı kimi fəaliyyətini uğurla davam etdirir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf yolu keçmişdir. Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası, işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işləri Konstitusiya çərçivəsində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Bu tarixi mərhələni nəzərə alaraq 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Həmin il ərzində keçirilən tədbirlər Konstitusiyanın əhəmiyyətini, dövlət suverenliyinin dəyərini və hüquqi mədəniyyətin yüksəldilməsi zərurətini bir daha cəmiyyətin diqqətinə çatdırmışdır.
Nəticə olaraq qeyd etmək lazımdır ki, Konstitusiyamız Azərbaycan xalqının azadlıq, müstəqillik və dövlətçilik ideallarının hüquqi təcəssümüdür. Bizim vəzifəmiz gənc nəslə bu dəyərləri çatdırmaq, onları qanunlara hörmət ruhunda tərbiyə etmək və Azərbaycanın Konstitusiyasına sədaqətli vətəndaşlar yetişdirməkdir.
Telman İsgəndərov adına 142 nömrəli tam orta ümumtəhsil məktəbi,
İnformatika müəllimi,
Günay Məmmədova


Tarix: Dünən, 11:36


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30