
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın dövlətçilik tarixində mühüm yer tutan, müstəqilliyimizin, suverenliyimizin və hüquqi dövlət quruculuğunun əsasını təşkil edən ən ali hüquqi sənəddir. Hər bir müstəqil dövlətin inkişafında onun Konstitusiyası mühüm rol oynayır. Çünki Konstitusiya dövlətin idarəçilik prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, cəmiyyətin həyatının əsas istiqamətlərini müəyyən edir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edilmişdir. Bu tarixi hadisə müstəqil Azərbaycanın siyasi və hüquqi həyatında yeni mərhələnin başlanğıcı olmuşdur. Konstitusiyanın hazırlanmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Onun rəhbərliyi ilə hazırlanmış bu mühüm sənəd xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli dəyərlərini və ümumbəşəri prinsipləri özündə birləşdirmişdir.
Ulu öndər Heydər Əliyev Konstitusiyanın əhəmiyyətini belə ifadə etmişdir: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir”. Bu fikir Konstitusiyanın yalnız hüquqi sənəd deyil, həm də dövlətin gələcəyini müəyyənləşdirən fundamental sənəd olduğunu göstərir.
Bu gün cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlətçilik ənənələri inkişaf etdirilir, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atılır. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası dövlətimizin müstəqillik tarixində yeni bir mərhələ açmışdır. Bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi xüsusi tarixi və siyasi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasına, qanunun aliliyinin təmin edilməsinə, dövlət və cəmiyyət münasibətlərinin tənzimlənməsinə xidmət edir. Konstitusiyaya hörmət etmək, onun müddəalarına əməl etmək hər bir vətəndaşın hüquqi və mənəvi məsuliyyətidir.
Bu gün Konstitusiya Gününü qeyd edərkən müstəqilliyimizin və dövlətçiliyimizin hansı tarixi yollardan keçdiyini xatırlamaq, hüquqlarımızı və vəzifələrimizi dərindən dərk etmək vacibdir. Xüsusilə gənc nəslin hüquqi biliklərinin artırılması, onlarda vətənə, dövlətə və qanunlara hörmət hissinin formalaşdırılması təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdəndir.
Nəticə etibarilə, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin möhkəm hüquqi dayağı, milli birliyimizin və gələcəyə inamımızın ifadəsidir. Konstitusiyamıza sahib çıxmaq, onun prinsiplərinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.
213 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Abbasova Məsumə
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.