Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq: yeni əməkdaşlıq perspektivləri

Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq:  yeni əməkdaşlıq perspektivləri

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. Bu sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələyə yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bəyannamə 1994-cü və 1998-ci illərdə imzalanmış dostluq və tərəfdaşlıq haqqında birgə bəyannamələrə əsaslanır. Sənəddə tərəflərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq öhdəliyi bir daha təsdiqlənir. 
Strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Tərəflər regional sabitliyin qorunması, ümumi təhlükəsizlik təhdidlərinə qarşı mübarizə, müdafiə sənayesi, hüquq-mühafizə orqanları və sərhəd idarəçiliyi sahələrində əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturlar.
İqtisadi sahədə isə ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və yeni biznes imkanlarının yaradılması prioritet istiqamətlər kimi müəyyənləşdirilir. Xüsusilə bərpaolunan enerji, infrastruktur, logistika və xidmətlər sahəsində əməkdaşlığa diqqət yetirilir. Orta Dəhlizin inkişafına verilən dəstək Azərbaycanın Şərq ilə Qərb arasında mühüm nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, yaşıl enerji, aşağı karbonlu texnologiyalar və maliyyə sektorunda təcrübə mübadiləsi də tərəfdaşlığın mühüm komponentlərindəndir.
Bəyannamədə təhsil, elm və innovasiya sahələrinə də geniş yer ayrılmışdır. Ali və peşə təhsili, rəqəmsal bacarıqların inkişafı, süni intellekt, elmi tədqiqatlar və texnoloji yeniliklər üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Universitetlər və tədqiqat institutları arasında əlaqələrin gücləndirilməsi, eləcə də mədəni və insanlararası mübadilələrin təşviqi iki xalq arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edəcəkdir.
Beləliklə, Azərbaycan və Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə yalnız mövcud əlaqələrin təsdiqi deyil, həm də gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən mühüm siyasi sənəddir. Onun müddəalarının həyata keçirilməsi ikitərəfli münasibətlərin daha da inkişafına, Azərbaycanın beynəlxalq mövqeyinin və iqtisadi imkanlarının güclənməsinə, eləcə də regionda davamlı sülh və sabitliyin təşviqinə töhfə verə bilər.

T. İsgəndərov adına 142№li tam orta  ümumtəhsil məktəbinin müəllimi Leyla İsmayılova


Tarix: Bu gün, 10:01


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30