Azərbaycan və Böyük Britaniya Strateji Tərəfdaşlığı: Yeni İnkişaf Mərhələsi və Əməkdaşlıq Perspektivləri

Azərbaycan və Böyük Britaniya Strateji Tərəfdaşlığı: Yeni İnkişaf Mərhələsi və Əməkdaşlıq Perspektivləri

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasındakı münasibətlərdə yeni və mühüm bir mərhələnin əsasını qoyur. Bu tarixi sənəd tərəflər arasındakı uzunmüddətli əlaqələrə, xüsusilə       1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə və 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanır.
Bəyannamə təsdiqləyir ki, davamlı və etibarlı tərəfdaşlıq qarşılıqlı etimad, səmimilik və güclü insanlararası əlaqələr üzərində qurulur. Hər iki dövlət uzunmüddətli sabitlik və rifahın təməli kimi dayanıqlı iqtisadi artımı, açıq ticarəti, investisiyaları və innovasiyaları əsas prioritet kimi qəbul edir.
Birgə Bəyannamədə tərəflərin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi birmənalı şəkildə ifadə olunur. Sənəddə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, eləcə də dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət prinsiplərinə qəti sadiqlik təsdiq edilir.
Eyni zamanda, bəyannamədə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti xüsusi vurğulanır. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sülh addımları alqışlanır və Böyük Britaniyanın ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq səylərinə dəstəyi bir daha təsdiqlənir.
Regional sülh və sabitliyin qorunması məqsədilə tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi təhdidlərin qarşısını almaq qabiliyyətlərinin artırılması üzrə uzunmüddətli öhdəliklər qəbul etmişlər. Bu istiqamətdə yüksək səviyyəli qarşılıqlı fəaliyyətin davamlılığı və beynəlxalq məsələlər üzrə koordinasiyanın dərinləşdirilməsi nəzərdə tutulur.
Bundan əlavə, təlim, potensialın artırılması və müdafiə sənayesi sahəsində birgə təşəbbüslərin imkanları araşdırılacaqdır. Qanunun aliliyini və institusional dayanıqlılığı möhkəmləndirmək üçün hüquq-mühafizə orqanları arasında tərəfdaşlıq, sərhəd idarəçiliyi, eləcə də məhkəmə və hüquqi əməkdaşlıq daha da genişləndiriləcəkdir.
İqtisadi sahədə tərəflər ikitərəfli ticarət və investisiya əlaqələrini dərinləşdirmək, inklüziv və şaxələndirilmiş iqtisadi artımı təşviq etmək niyyətindədirlər. Bərpaolunan enerji, infrastruktur və xidmətlər kimi prioritet sektorlarda uzunmüddətli kommersiya tərəfdaşlıqları və bizneslərarası əlaqələr təşviq olunacaqdır. Bu prosesdə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın rolu əsas platforma kimi xüsusi əhəmiyyət daşıyır.
Regional və beynəlxalq bağlantıların əhəmiyyətini nəzərə alaraq, tərəflər nəqliyyat, logistika və infrastruktur layihələri ilə yanaşı, Orta Dəhlizin inkişafına da dəstək verəcəklər. Eyni zamanda, iqlim dəyişikliyinə davamlılıq və enerji təhlükəsizliyi məqsədilə bərpaolunan enerjinin inkişafı, yaşıl maliyyələşdirmə, aşağı karbonlu texnologiyalar və kapital bazarlarında əməkdaşlıq dərinləşdiriləcəkdir.
Bəyannamədə təhsil, elm, tədqiqat və innovasiyanın müasir və rəqabətədavamlı iqtisadiyyatların təməli olduğu qəbul edilir. Əmək bazarının və müasir idarəetmənin tələblərinə uyğun olaraq ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı sahəsində əməkdaşlıq gücləndiriləcəkdir.
Süni intellekt, rəqəmsal idarəetmə və həyat elmləri sahələrində universitetlər, tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlıq təşviq ediləcəkdir. Həmçinin, iki vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlaşmanı və mədəni əlaqələri möhkəmləndirən insanlararası mübadilələr və peşəkar şəbəkələr dəstəklənəcəkdir.
2026-cı il noyabrın 12-də imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan və Böyük Britaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir. Sənəd təhlükəsizlik, iqtisadi şaxələndirmə, yaşıl enerji keçidi, Orta Dəhliz və rəqəmsal innovasiyalar kimi strateji sahələri əhatə etməklə hər iki ölkənin uzunmüddətli sabitliyinə və rifahına mühüm töhfə verəcəkdir.
Bakı şəhər, Sabunçu rayon K.Məmmədov adına 209 nömrəli tam orta ümumtəhsil məktəbin tarix müəllimi: Həsənova Aytən


Tarix: Bu gün, 10:05


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30