Sahibə Abbasova: Təhsildə Fədakar Zəhməti və Sosial Dəstəyilə Nümunəvi Direktor

 

Azərbaycan təhsilinin inkişafında özünəməxsus iz qoyan şəxsiyyətlər arasında 54 №-li tam orta məktəbin direktoru Sahibə Abbasovanın adı xüsusi ehtiramla çəkilir. O, 2006-2007-ci tədris ilindən etibarən bu məktəbə rəhbərlik edir və ötən illər ərzində öz peşəkarlığı, zəhmətkeşliyi və insanpərvər fəaliyyəti ilə həm təhsil ictimaiyyətinin, həm də valideyn və şagirdlərin dərin rəğbətini qazanıb.

Sahibə Abbasova fəaliyyətə başladığı gündən məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsinə, tədrisin keyfiyyətinin yüksəldilməsinə, müəllim kollektivinin peşəkar inkişafına və şagirdlərin hərtərəfli formalaşmasına xüsusi diqqət yetirib. Onun rəhbərliyi ilə məktəbdə yeni pedaqoji texnologiyalar tətbiq edilmiş, təhsil müəssisəsinin müasir dövrün tələblərinə cavab verən modelə çevrilməsi istiqamətində mühüm addımlar atılmışdır. Məktəbdə bilik yarışları, olimpiadalar, elmi-praktik konfranslar və müxtəlif layihələr mütəmadi təşkil olunaraq şagirdlərin dünyagörüşü və bacarıqları inkişaf etdirilib.

Sahibə xanım yalnız məktəbin daxili inkişafına deyil, eyni zamanda cəmiyyətin sosial həssas təbəqələrinin qayğılarına da biganə qalmayıb. O, şəhid ailələrinin, Qarabağ qazilərinin övladlarına və aztəminatlı ailələrdən olan şagirdlərə hər zaman xüsusi qayğı və diqqət göstərir. Onların təhsil alması üçün zəruri şərait yaradılması, sosial dəstəyin təmin olunması və bu ailələrin daim mənəvi baxımdan diqqət mərkəzində saxlanılması onun prinsiplərindən biri olub. Sahibə Abbasovanın təşəbbüsü ilə məktəbdə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, vətənpərvərlik ruhunun aşılanmasına yönəlmiş layihələr həyata keçirilir. O, hər zaman şəhid ailələrinin yanında olub, onların qayğıları ilə yaxından maraqlanıb və yardım əlini uzadıb.

Sahibə Abbasovanın təhsil sahəsindəki səmərəli fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adına layiq görülərək, bu sahədəki əvəzsiz xidmətlərinə görə dövlət mükafatı ilə təltif edilib. Bu yüksək mükafat onun illərdir davam edən fədakar əməyinin, təhsilimizin inkişafına verdiyi dəyərli töhfələrin təntənəli bir təsdiqidir.

Sahibə xanım eyni zamanda beynəlxalq təcrübənin mənimsənilməsinə də böyük önəm verir. O, müxtəlif ölkələrdə keçirilən beynəlxalq kurslarda iştirak edərək, müasir tədris metodları üzrə biliklərini artırmış, aldığı sertifikatlarla öz peşəkar inkişaf yolunu daha da zənginləşdirmişdir. Bu təcrübəni məktəbdə tətbiq etməklə həm müəllimlərin, həm də şagirdlərin inkişafına töhfə verir.

Fəaliyyət sahəsi təkcə təhsil mühiti ilə məhdudlaşmayan Sahibə Abbasova, ictimai-siyasi həyatda da fəaldır. O, Nəsimi Rayon YAP təşkilatının İdarə Heyətinin üzvü kimi rayonun ictimai həyatında mühüm rol oynayır, dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğində yaxından iştirak edir. Dövlətin inkişaf strategiyasına uyğun olaraq təhsildə yenilikçi yanaşmaları, sosial layihələri və ictimai təşəbbüsləri ilə daim öndə gedir.

Bugünkü gündə Sahibə Abbasova pedaqoji kollektivin və şagirdlərin örnək götürdüyü bir rəhbər, böyük ürək sahibi, vətəninə və xalqına sədaqətlə xidmət edən ziyalı bir qadın kimi cəmiyyətimizdə dərin hörmət qazanıb. Onun fəaliyyəti həm peşəkarlıq nümunəsi, həm də yüksək insani dəyərlərin təcəssümü kimi dəyərləndirilir.


Tarix: 21-06-2025, 11:38


Bölməyə aid digər xəbərlər