
Günəş, külək enerjisi layihələrinin Azərbaycanda xarici investorlar tərəfindən həyata keçirilməsi enerji diplomatiymızın uğurudur. Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Qeyd edək ki, bu stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Layihənin baş podratçısı Çinin “Power China Group”un törəmə şirkəti olan “Power China Huadong Engineering Co., Ltd.”dir. Açılış mərasimində “Düz dörd il bundan əvvəl - 2022-ci ilin yanvar ayında bu salonda bu stansiyanın təməlini qoymuşduq. Bu illər ərzində fəal iş aparılmışdır və bu gün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. İlk növbədə, bu stansiyanın tikintisində əməyi keçmiş bütün insanlara, şirkətlərə təşəkkürümü bildirmək istəyirəm, ilk növbədə, investor olan “ACWA Power” şirkətinə, onun rəhbərliyinə” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu, “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir. Bu stansiyanın tikintisində “Power China” şirkəti podratçı kimi iştirak edir, ancaq digər layihələrdə, o cümlədən investor kimi iştirak edəcək. Şirkətin nəzərdə tutduğu bütün planları Azərbaycanda həyata keçəcəkdir.
240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcək. Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilib. Son 20 ildə enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Həmçinin bu illərdə ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artıb. Bu gün generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə, bu rəqəm daha da artacaq və imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək.
Cənab İlham Əliyev gələcək planlardan da bəhs etdi. Qeyd etdi ki, nəzərə alsaq ki, bizdə bərpaolunan enerji potensialı çox artacaq, əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu “AzərEnerji” öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə Batareya Enerji Saxlanc sistemlərinin sayı daha da çoxalsın və mən xarici investorları da bu işə dəvət edirəm. Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur.
O da məlumdur ki, azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib. Ancaq həmin bölgədə təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyaları inşa ediləcək. Cənab İlham Əliyev bildirdi ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunubdur.
“Bu gün isə biz bu gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun vururuq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük” deyən cənab İlham Əliyev onu da əlavə etdi ki, Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir.
Göründüyü kimi, Azərbaycanın enerji diplomatiyasının uğurları davamlıdır. Malik olduğumuz enerji resurslarından səmərəli istifadə bu uğurlara yol açır. Hazırkı dövrün əsas çağırışlarından biri yaşıl enerjiyə keçiddir. Azərbaycanın bu sahədə malik olduğu imkanların təqdimatı 2024-cü ildə ev sahibliyi etdiyi COP29 iqlim konfransı oldu. Tədbir iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirildi. 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də Azərbaycanın bu sahəyə göstərdiyi diqqətin nümayişi idi.
Bölməyə aid digər xəbərlər








