

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Kavelaşvili birgə mətbuat konfransında çıxış edərək iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq, səmimi dostluq və qardaşlıq əlaqələrinin perspektivlərini bir daha nümayiş etdirdilər. Bu çıxışlar təkcə diplomatik formalıq deyil, eyni zamanda regionda sabitliyin və inkişafın əsas dayağı olan əməkdaşlıq nümunəsi idi.
Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, cənab Prezident İlham Əliyevin sözləri bir daha təsdiqlədi ki, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər sadəcə qonşuluqdan ibarət deyil, dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslanır: “Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.” Təsadüfi deyil ki, Gürcüstan Prezidentinin ilk rəsmi səfərinin Azərbaycana edilməsi siyasi baxımdan mühüm rəmzi mənaya malikdir. Cənab Prezident İlham Əliyev bunu yüksək dəyərləndirərək bildirdi ki, bu addım artıq bir ənənəyə çevrilib və xalqlarımızın bir-birinə olan bağlılığını nümayiş etdirir: “Çünki adətən seçkilərdən sonra birinci səfər rəmzi xarakter daşıyır və bu səfər Azərbaycana edilib.” İki ölkə arasında həyata keçirilmiş və hazırda davam edən iqtisadi və enerji layihələri təkcə regional deyil, qlobal əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyev bu əməkdaşlığı vurğulayaraq qeyd etdi: “Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, nəqliyyat, kommunikasiya layihələri... nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir.” Cənab Prezident onu da bildirdi ki, “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.” Bu cür layihələr təkcə iqtisadi deyil, siyasi sabitliyin də əsas təminatçısı kimi çıxış edir. Regionda sülh və təhlükəsizliyin bərqərar olunması məsələsində də hər iki ölkə ortaq mövqedən çıxış edir. Cənab Prezident İlham Əliyev bu məqamda ümidlərini belə ifadə etdi: “Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq.” Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləməsi siyasi dialoqun nə dərəcədə güclü və səmərəli olduğunu göstərir. Bu, bölgənin gələcəyi üçün strateji bir yanaşmadır və sabitlik, qarşılıqlı hörmət və inkişaf üzərində qurulmuş bir əməkdaşlıq modelidir. Cənab Prezident İlham Əliyev onu da deyib ki, “Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək. Mən bir daha cənab Prezidentə təşəkkürümü bildirirəm. Əminəm ki, Azərbaycan xalqı da onun qərarını yüksək qiymətləndirəcək. Çünki adətən seçkilərdən sonra birinci səfər rəmzi xarakter daşıyır və bu səfər Azərbaycana edilib. Eyni zamanda, Gürcüstanın Baş naziri də seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana edib. Yəni, bu, artıq gözəl ənənəyə çevrilib. Buna görə bir daha Sizə təşəkkürümü bildirirəm və fəaliyyətinizdə yeni uğurlar arzulayıram”. Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin çıxışı təkcə iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyətini deyil, həm də bu münasibətlərin gələcək inkişaf strategiyasını ortaya qoyur. Bu əlaqələr siyasi diplomatiyanın bir nümunəsi olmaqla yanaşı, həm də regionun gələcəyi üçün ümidi ifadə edir-deyə E. Süleymanov fikrini yekunlaşdırıb..
Bölməyə aid digər xəbərlər