Azərbaycanın iqtisadi göstəriciləri müsbət istiqamətdə inkişaf edir

Azərbaycanın iqtisadi göstəriciləri müsbət istiqamətdə inkişaf edir

3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Prezident İlham Əliyevin çıxışı ölkənin elmi, iqtisadi və texnoloji inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Bu çıxışda Prezident elm, texnologiya, iqtisadiyyat, dil və milli kimlik sahələrində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası 80 illik fəaliyyət dövründə ölkəmizin intellektual potensialının formalaşmasında mühüm rol oynamışdır. Ulu Öndər Heydər Əliyev alimlərin fəaliyyətini daim dəstəkləmiş, yeni elmi-tədqiqat institutlarının yaradılmasına və elmin inkişafına böyük töhfə vermişdir. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək elmin maddi-texniki bazasının gücləndirilməsini təmin etmiş, Elm Fondu, Milli Strategiya və Dövlət Proqramları vasitəsilə alimlərə dəstək göstərmişdir.
Prezident İlham Əliyev texnoloji inkişafı ölkənin əsas prioritetlərindən biri kimi qiymətləndirir. Onun sözlərinə görə, müasir dövrdə dövlətlərin təhlükəsizliyi və iqtisadi inkişafı onların texnoloji imkanları ilə müəyyən olunur. Süni intellekt artıq Azərbaycanın inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilmiş, dövlət bu sahədə geniş addımlar atmışdır. Prezident alimləri bu istiqamətdə fəal iştirak etməyə çağırmışdır.
Azərbaycanda hərbi sənaye sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Özəl sektorun bu prosesə cəlb olunması ilə hərbi təyinatlı məhsulların istehsalı və ixracı genişlənmişdir. Eyni zamanda, pilotsuz uçuş aparatlarının istehsalı istiqamətində də mühüm irəliləyişlər qeyd edilmişdir. Prezident vurğulamışdır ki, bu sahə həm dövlət, həm də alimlər üçün böyük fəaliyyət meydanıdır.
Prezident İlham Əliyev elmin iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmasının vacibliyini qeyd etmişdir. O, dövlət qurumlarına alimlərlə daha sıx əməkdaşlıq etməyi tapşırmış, elmi nəticələrin praktiki tətbiqinin təmin edilməsinin əhəmiyyətini vurğulamışdır.
Azərbaycanın iqtisadi göstəriciləri müsbət istiqamətdə inkişaf edir. Qeyri-neft sektoru ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmiş, xarici borc 6 faizdən aşağı səviyyədə saxlanılmış, valyuta ehtiyatları isə 80 milyard dolları keçmişdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və enerji layihələri ölkənin dayanıqlı inkişafını təmin edir.
Prezident çıxışında Azərbaycan tarixinin, toponimlərinin və milli kimliyinin qorunmasının əhəmiyyətini xüsusi vurğulamışdır. O, Azərbaycanlıların tarixi torpaqlarına sülh yolu ilə qayıdışının zəruriliyini qeyd etmiş, bu istiqamətdə elmi əsərlərin və xəritələrin hazırlanmasını vacib saymışdır.
Azərbaycan dili xalqın milli kimliyinin əsas göstəricisidir. Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunmasının hər bir vətəndaşın borcu olduğunu qeyd etmişdir. O, dilin təmizliyinin qorunması üçün alimlərə, yazıçılara, jurnalistlərə və ictimaiyyətə çağırış etmişdir.
Azərbaycan 2020-ci ildə qazandığı Şanlı Qələbə ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu Zəfər Azərbaycan xalqının milli qürur mənbəyidir və 2025-ci ilin dekabrında keçiriləcək beşinci ildönüm paradı bu qürurun təntənəsidir.

Zabrat qəsəbəsi, 81 nömrəli tam orta məktəbin
Tarix müəllimi Arzu Abbasova


Tarix: Bu gün, 14:19


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ