
Mayın 10-da – Ümummilli Lider Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü təkcə sosial hadisə deyildi. Bu çıxış Azərbaycanın son otuz illik siyasi tarixinin, Qarabağ zəfərinin, postmüharibə quruculuğunun və regional geosiyasi hədəflərinin geniş siyasi manifesti kimi diqqət çəkdi. Cənab Prezidentin nitqi həm daxili auditoriyaya, həm də beynəlxalq dairələrə ünvanlanmış çoxqatlı mesajlarla zəngin idi.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident çıxışını “uzun fasilədən sonra doğma vətənə qayıdış” ifadəsi ilə başladı. Burada əsas vurğu “Böyük Qayıdış” konsepsiyasının artıq real nəticələr verdiyinə yönəlmişdi. Zəngılan artıq yalnız işğaldan azad olunmuş rayon deyil; dövlətin yeni inkişaf modelinin nümayiş etdirildiyi strateji məkan kimi təqdim olunur. Xüsusilə çıxışın məhz Ulu Öndər Heydər Əliyevin doğum gününə təsadüf etməsinin “rəmzi məna” kimi vurğulanması hakimiyyətin siyasi legitimlik xəttini–dahi şəxsiyyətin siyasi kursundan Qarabağ zəfərinə qədər uzanan ideoloji ardıcıllığı ön plana çıxardı. Cənab Prezident açıq şəkildə bildirdi ki, torpaqların azad olunması Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsidir. Bu yanaşma Azərbaycan dövlətçiliyinin son otuz illik tarixini vahid siyasi xətt üzərində təqdim edir: 1993-cü ildə dövlətçiliyin qorunması, iqtisadi və hərbi gücün qurulması, 2020-ci ildə ərazi bütövlüyünün bərpası, 2023-cü ildə tam suverenliyin təmin edilməsi və postmüharibə quruculuğu və reinteqrasiya mərhələsi. Çıxışın mühüm hissəsi 1990-cı illərin əvvəllərindəki siyasi vəziyyətə həsr edildi. Cənab Prezident həmin dövrü anarxiya, hakimiyyətsizlik, xəyanət, vətəndaş müharibəsi təhlükəsi, nizamsız ordu kimi xarakterizə etdi. Bu hissədə məqsəd yalnız tarixi xatırlatmaq deyildi. Burada əsas ideoloji xətt belə qurulurdu: dövlətin xilası Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mümkün olub və bugünkü qələbənin təməli məhz həmin dövrdə qoyulub. Cənab Prezidentin “biz onun davamçıları olaraq vəsiyyətini yerinə yetirdik” fikri hakimiyyətin siyasi varislik konsepsiyasını daha da möhkəmləndirir. Bu, Azərbaycan siyasi diskursunda artıq uzun illərdir formalaşdırılan “davamlı dövlətçilik modeli”nin növbəti təsdiqi kimi çıxış edir. Nitqin ən diqqətçəkən hissələrindən biri İkinci Qarabağ müharibəsinin beynəlxalq kontekstdə təqdimatı oldu. Cənab Prezident xüsusi vurğuladı ki, Azərbaycan böyük dövlətlərin təzyiqlərinə baxmayaraq geri çəkilməyib, ATƏT-in Minsk qrupunun həmsədrləri Bakını dayandırmağa çalışıb, buna rəğmən siyasi iradə və xalq birliyi qələbəni təmin edib. Burada əsas mesaj beynəlxalq auditoriyaya yönəlmişdi: Azərbaycan öz hərbi-siyasi qərarlarını xarici diktə ilə deyil, milli maraqlar əsasında qəbul edən dövlət kimi təqdim olunur. Cənab Prezidentin “öldü var, döndü yoxdur” ifadəsi isə müharibə dövründə formalaşdırılmış milli səfərbərlik ruhunun siyasi simvoluna çevrilmiş mesaj idi.
Millət vəkili onu da bildirib ki, çıxışda Şuşanın azad olunması “müharibənin dönüş nöqtəsi” kimi təqdim edildi. Bunun ardınca Ağdam, Kəlbəcər və Laçının “ultimatum yolu ilə” qaytarılması xüsusi vurğulandı. Cənab Prezident ilk dəfə bu qədər açıq şəkildə Ermənistan ordusunun tam məhv edilə biləcəyi barədə əmrin verildiyini bəyan etdi. Bu ritorika Azərbaycanın hərbi üstünlüyünü, siyasi qətiyyətini, regional güc statusunu
nümayiş etdirmək məqsədi daşıyırdı. Cənab Prezident çıxışında 2023-cü ilin sentyabr əməliyyatlarını ayrıca vurğuladı və “Ermənistan ordusu ikinci dəfə təslim oldu” ifadəsini işlətdi. Bu yanaşma ilə 2020-ci il müharibəsi ərazi bütövlüyünün bərpası, 2023-cü il əməliyyatı isə suverenliyin tam təmin olunması kimi təqdim edilir. Beləliklə, hakim siyasi narrativə görə Qarabağ məsələsi artıq bağlanmış hesab olunur və bundan sonrakı mərhələ “quruculuq və inkişaf” dövrüdür. Cənab Prezidentin çıxışında ən sərt ritorika Ermənistanı dəstəkləyən bəzi Qərb dairələrinə yönəldi. Avropa müşahidə missiyasını açıq şəkildə tənqid etdi, bəzi xarici liderləri “saxta qəhrəmanlıqda” ittiham etdi, Azərbaycanın istənilən hərbi əməliyyatı həyata keçirmək imkanında olduğunu vurğuladı. Bu hissə bir neçə mühüm mesaj daşıyır. Azərbaycan regional hərbi balansda üstün mövqedə olduğunu göstərir, Bakı xarici təzyiqlərin nəticə vermədiyini nümayiş etdirir, Ermənistan daxilində revanşist qüvvələrə xəbərdarlıq edilir. Eyni zamanda cənab Prezident “biz Ermənistanı məhv etmək istəmirik” deməklə rəsmi Bakının sülh gündəliyini qoruduğunu da nümayiş etdirməyə çalışdı. Nitqin böyük hissəsi azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə həsr olundu. Cənab Prezident yollar, körpülər, elektrik stansiyaları, məktəblər, yaşayış kompleksləri, aqroparklar, hava limanları, dəmir yolları haqqında geniş danışdı. Burada əsas ideya belə idi: “İşğalçı dağıdır, sahib isə qurur.” Bu tezis postmüharibə ideoloji xəttinin əsas sütunlarından biridir. Azərbaycan işğaldan azad edilmiş əraziləri yalnız bərpa etmir, onları yeni iqtisadi model əsasında yenidən qurduğunu göstərir.
Cənab Prezidentin çıxışında ən mühüm strateji istiqamətlərdən biri Zəngəzur dəhlizi oldu. Bildirdi ki, Bakı-Zəngilan dəmir yolu yaxın illərdə istifadəyə veriləcək, xətt Naxçıvana qədər uzanacaq, Zəngılan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat qovşağına çevriləcək. Bu hissə göstərir ki, Azərbaycan postmüharibə mərhələsində Qarabağı yalnız təhlükəsizlik məsələsi kimi deyil, böyük regional logistika və iqtisadi layihənin mərkəzi kimi görür. Cənab Prezidentin “əvəzolunmaz beynəlxalq mərkəz” ifadəsi Zəngılanın gələcək strateji statusuna verilən ən açıq siyasi qiymət idi. Çıxışda “Dost Aqropark”, su elektrik stansiyaları və günəş enerjisi layihələrinin xüsusi qeyd olunması təsadüfi deyildi. Azərbaycan azad edilmiş əraziləri yaşıl enerji zonası, yüksək texnologiyalı kənd təsərrüfatı bölgəsi, ağıllı şəhər və kənd modeli kimi inkişaf etdirməyə çalışır. Cənab Prezidentin “dünyada nümunəvi bölgə olacaq” ifadəsi məhz bu strateji baxışın tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin Zəngılandakı çıxışı adi köç mərasimi nitqindən daha geniş siyasi məna daşıyırdı. Bu çıxış Qarabağ zəfərinin siyasi yekunlarını, Ulu Öndər Heydər Əliyev siyasi xəttinin davamlılığını, Azərbaycanın regional liderlik iddiasını, postmüharibə inkişaf strategiyasını, Zəngəzur dəhlizi üzərindən qurulan yeni geosiyasi vizyonu özündə birləşdirən kompleks siyasi manifest kimi yadda qaldı.
Zəngılandan verilən əsas mesaj isə aydın idi: Azərbaycan müharibə mərhələsini arxada qoyaraq artıq qalib dövlət kimi yeni regional düzənin iqtisadi, nəqliyyat və siyasi mərkəzlərindən birini formalaşdırmağa çalışır-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.
Bölməyə aid digər xəbərlər










