Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı strateji əhəmiyyət daşıyan əsas sahələrdən biridir

Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı strateji əhəmiyyət daşıyan əsas sahələrdən biridir

Ölkənin əlverişli iqlim şəraiti, münbit torpaq ehtiyatları və zəngin aqrar ənənələri kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradır. Son illərdə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində aqrar sektorun inkişafı sürətlənmiş, qeyri-neft sektorunun aparıcı istiqamətlərindən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində saxlanılır. Dövlət proqramları, subsidiya mexanizmləri, güzəştli kreditlər və texniki təminat fermerlərin fəaliyyətinin genişlənməsinə mühüm dəstək verir. Aqrolizinq xidmətlərinin genişləndirilməsi nəticəsində fermerlər müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunur, bu isə məhsuldarlığın artmasına şərait yaradır. Azərbaycanda taxılçılıq, pambıqçılıq, üzümçülük, baramaçılıq, tütünçülük, çayçılıq və heyvandarlıq kimi ənənəvi sahələrin inkişafı istiqamətində mühüm addımlar atılıb. Xüsusilə pambıqçılıq və üzümçülük sahələrində istehsal göstəricilərinin artması regionlarda məşğulluğun yüksəlməsinə və kənd əhalisinin sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərib. Müasir texnologiyaların tətbiqi kənd təsərrüfatında yeni inkişaf mərhələsi formalaşdırır. Rəqəmsal kənd təsərrüfatı sistemləri, damcı suvarma üsulları, ağıllı idarəetmə mexanizmləri və innovativ yanaşmalar məhsuldarlığın yüksəlməsinə imkan verir. İqlim dəyişiklikləri fonunda su ehtiyatlarından səmərəli istifadə edilməsi əsas prioritetlərdən biri kimi müəyyən olunub.
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün də geniş perspektivlər mövcuddur. Həmin ərazilərin münbit torpaqları və zəngin su ehtiyatları aqrar istehsalın genişləndirilməsi baxımından mühüm potensiala malikdir. Hazırda bu bölgələrdə müasir aqroparkların yaradılması, əkin sahələrinin bərpası və infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində işlər aparılır.
Kənd təsərrüfatının inkişafı Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Yerli istehsalın artırılması idxaldan asılılığın azaldılmasına, ixrac potensialının genişlənməsinə və ölkənin iqtisadi dayanıqlığının güclənməsinə xidmət edir.
Bütün bunlar göstərir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və aqrar sektorun modernləşdirilməsi ölkənin davamlı iqtisadi inkişafına mühüm töhfə verir.
Vüqar Musayev – YAP Sabunçu rayon təşkilatının məsləhətçisi


Tarix: Bu gün, 12:51


Bölməyə aid digər xəbərlər