Azərbaycan Cənubi Qafqazda sülhün təminatçısıdır

Azərbaycan Cənubi Qafqazda sülhün təminatçısıdır

Azərbaycanın böyük tədbirlərə ev sahibliyi etməsi ölkənin Türk dünyası ilə Qafqaz arasında tarixi və mədəni əlaqələrə malik olması ilə də bağlıdır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi olduğunu diqqətə çatdırmışdır. Qafqaz Albaniyasının tarixi, qədim Atabəylər dövlətinin irsi və Azərbaycanın çoxəsrlik mədəni inkişafı bu coğrafiyanın tarixi əlaqələrinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Türk dünyası və İslam aləmi ilə münasibətlərində mədəni irsin qorunması xüsusi yer tutur. XV əsrin görkəmli mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın Bakıda keçirilməsi bu siyasətin mühüm nümunəsidir. Yəhya Bakuvinin irsi Azərbaycan fəlsəfi və sufi düşüncə tarixinin mühüm səhifələrindən birini təşkil edir. Onun yaradıcılığının beynəlxalq elmi müzakirələrə çıxarılması Azərbaycanın mədəni irsinin tanıdılması, elmi əməkdaşlığın inkişafı və ortaq mənəvi dəyərlərin öyrənilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin irsi ölkəmizin tarixi-mədəni zənginliyini nümayiş etdirir. Bu irs yalnız milli sərvət deyil, eyni zamanda Türk və İslam sivilizasiyalarının qarşılıqlı əlaqələrinin öyrənilməsi üçün mühüm mənbədir. Mədəni diplomatiyanın əsas istiqamətlərindən biri də məhz belə dəyərlərin beynəlxalq elmi və ictimai mühitdə tanıdılmasıdır.
Prezident cənab İlham Əliyev çıxışında dini liderlərin sülh və əmin-amanlığa çağırışlarının xüsusi əhəmiyyət daşıdığını bildirmişdir. Bu yanaşma din xadimlərinin yalnız dini icmaların mənəvi həyatında deyil, cəmiyyətlərarası münasibətlərin və qarşılıqlı etimadın möhkəmləndirilməsində də rolunu önə çıxarır. Müxtəlif ölkələrin dini rəhbərlərinin bir araya gəlməsi qarşılıqlı anlaşılmazlıqların dialoq yolu ilə aradan qaldırılması, dini dəyərlərdən sülh və əməkdaşlıq naminə istifadə edilməsi üçün imkanlar yaradır. Azərbaycanın bu istiqamətdə təşəbbüsləri Türk dünyası və İslam ölkələri arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Dini liderlərin toplantılarının ənənəvi xarakter alması ilə bağlı irəli sürülən təşəbbüs fikir mübadiləsinin davamlılığını, ortaq problemlərin müzakirəsini və birgə fəaliyyət imkanlarının genişləndirilməsini nəzərdə tutur. Belə platformalar dini və mədəni diplomatiyanın inkişafına, xalqlar arasında qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edə bilər. Prezidentin çıxışında Qarabağ və Şərqi Zəngəzura səfər edəcək nümayəndə heyətinin diqqətinə çatdırılan məsələlər Azərbaycanın dövlət siyasətinin digər mühüm istiqamətini təşkil edir. İşğaldan azad edilmiş ərazilərin bərpası, şəhər və kəndlərdə həyatın yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və dini-mədəni abidələrin bərpası bu siyasətin əsas komponentləridir.
Əfləddin Həsənov-Sabunçu bələdiyyəsinin sədri


Tarix: Bu gün, 11:01


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930