Şuşa – Zəfərimizin tacı, milli qürurumuzun ünvanı

Şuşa – Zəfərimizin tacı, milli qürurumuzun ünvanı

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev


Azərbaycan tarixində elə günlər var ki, onlar xalqımızın yaddaşında əbədi yaşayır. 8 Noyabr – Şuşanın azad edildiyi gün də belə tarixi günlərdəndir. Bu Zəfər xalqımızın birliyinin, Vətən sevgisinin və sarsılmaz iradəsinin təntənəsinə çevrildi.
Şuşa Azərbaycan xalqı üçün sadəcə bir şəhər deyil, milli mədəniyyətimizin, musiqimizin və ədəbiyyatımızın beşiyidir. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbül kimi görkəmli şəxsiyyətlərin yetişdiyi bu şəhər tarixən Azərbaycanın ictimai və mədəni həyatında mühüm yer tutub.
Qarabağ Zəfərinə aparan yolun təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, güclü ordu quruculuğu və milli birliyin möhkəmləndirilməsi dayanır. Bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın illərlə gözlədiyi tarixi Qələbəyə yol açdı.
44 günlük müharibənin ən mühüm hadisələrindən biri Şuşa əməliyyatı oldu. Azərbaycan əsgərləri çətin dağlıq şəraitdə böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək 2020-ci il noyabrın 8-də şəhəri işğaldan azad etdilər. Prezident İlham Əliyevin həmin gün xalqa müraciətində səsləndirdiyi “Şuşanı azad etdik! Bu, böyük Qələbədir!” sözləri hər bir azərbaycanlının qəlbində xüsusi yer tutdu.
Şuşanın azad olunmasından sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. 2021-ci il martın 20-də Cıdır düzündə Novruz tonqalının alovlandırılması doğma torpaqlara qayıdışın rəmzinə çevrildi. Tarixi abidələr, muzeylər və mədəniyyət ocaqları bərpa edildi, yeni yaşayış kompleksləri, yollar və sosial obyektlər inşa olundu. Şuşanın 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi şəhərin gələcək inkişafı üçün mühüm mərhələ oldu.
2024-cü ildə Şuşada “İslam dünyasının mədəniyyət paytaxtı” tədbirləri və VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirildi. Həmin ilin may ayında şəhərin ilk yaşayış kompleksinin açılması və sakinlərin doğma yurdlarına qayıtması Böyük Qayıdışın sevindirici nəticələrindən biri oldu. 2025–2026-cı illərdə də şəhərdə quruculuq işləri və beynəlxalq tədbirlər davam etdirildi. Şuşanın 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi onun beynəlxalq nüfuzunun artmasının göstəricisidir.
Bu gün Şuşa öz tarixi şöhrətinə qovuşur. Onun küçələrində yenidən musiqi səslənir, tarixi abidələri bərpa olunur, sakinləri doğma evlərində yeni həyat qururlar. Bütün bunlar Azərbaycanın qazandığı tarixi Qələbənin davamıdır.
Şuşanın tarixi gələcək nəsillərə düzgün çatdırılmalıdır. Müəllim olaraq hesab edirəm ki, şagirdlərimiz Vətənimizin qəhrəmanlıq tarixini bilməli, şəhidlərimizin fədakarlığını unutmamalı, doğma torpağa sevgi və bağlılıq ruhunda böyüməlidirlər. Çünki Vətəni sevmək onun tarixini bilməkdən və milli dəyərlərini qorumaqdan başlayır.
8 Noyabr xalqımızın yaddaşında daim qürur və minnətdarlıq hissi ilə yaşayacaq. Şuşanın azadlığı Azərbaycanın gücünün, birliyinin və sarsılmaz iradəsinin tarixi təcəssümüdür.
Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Bakı şəhəri, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Novruzova Sevinc.


Tarix: Bu gün, 11:12


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30