
Konstitusiya – dövlətçiliyin hüquqi dayağı, xalqın azadlıq və ədalət ideallarının təcəssümüdür.
Hər bir dövlətin tarixində onun gələcəyinə istiqamət verən, milli varlığını və hüquqi əsaslarını müəyyənləşdirən mühüm sənədlər vardır. Bu sənədlərin ən ali məqamında isə Konstitusiya dayanır. O, sadəcə qanunlar toplusu deyil, dövlətin kimliyini, xalqın iradəsini, cəmiyyətin mənəvi və hüquqi dəyərlərini özündə birləşdirən fundamental sənəddir. Konstitusiya dövlətlə vətəndaş arasında hüquqi münasibətlərin əsasını təşkil etməklə yanaşı, azadlığın, bərabərliyin və ədalətin qorunmasına xidmət edir.
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələri, müstəqillik uğrunda mübarizəsi və milli suverenlik arzusu ölkəmizin Əsas Qanununun qəbulunu tarixi zərurətə çevirmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra yeni siyasi və hüquqi sistemin formalaşdırılması, dövlət idarəçiliyinin möhkəm əsaslar üzərində qurulması mühüm vəzifələrdən biri idi. Məhz bu zərurətdən irəli gələrək, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya layihəsini hazırlayan komissiya yaradılmış və mühüm tarixi işə başlanılmışdır.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Həmin il noyabrın 27-də qüvvəyə minən bu mühüm sənəd ölkəmizin hüquqi dövlət quruculuğunda yeni mərhələnin başlanğıcını qoymuşdur. Konstitusiyanın qəbul edilməsi müstəqilliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsi və demokratik cəmiyyət quruculuğu baxımından əlamətdar hadisə olmuşdur. 1996-cı il noyabrın 1-də imzalanmış fərmana əsasən, noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlanmışdır.
Konstitusiyanın mahiyyətini yalnız onun maddələri ilə izah etmək mümkün deyil. Çünki bu sənədin hər bir müddəasının arxasında insanın hüququ, azadlığı, ləyaqəti və gələcəyə olan inamı dayanır. İnsan hüquq və azadlıqlarının qorunması demokratik dövlətin əsas göstəricilərindəndir. Yaşamaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, fikir və söz azadlığından istifadə etmək hər bir insanın fundamental hüquqları sırasındadır. Konstitusiya bu hüquqların hüquqi təminatını müəyyən edir və hər bir vətəndaşın cəmiyyətdə layiqli yer tutması üçün əsas yaradır.
Əslində, Konstitusiyanın gücü yalnız onun mövcudluğu ilə deyil, prinsiplərinin gündəlik həyatda nə dərəcədə qorunması ilə ölçülür. Qanuna hörmətin olmadığı yerdə ədalətdən, hüquqların qorunmadığı cəmiyyətdə isə həqiqi azadlıqdan danışmaq çətindir. Buna görə də Konstitusiya hər bir vətəndaş üçün yalnız öyrənilməli sənəd deyil, həm də əməl edilməli hüquqi və mənəvi dəyərdir.
Azərbaycan Respublikasının Konstitusiyasında xalq hakimiyyəti, dövlət suverenliyi, qanunların aliliyi, demokratik və dünyəvi dövlət prinsipləri öz əksini tapmışdır. Əsas Qanunun preambulasında dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması, vətəndaş cəmiyyətinin inkişafı, insanların firavan həyatının təmin edilməsi kimi ali məqsədlər bəyan olunur. Bu prinsiplər göstərir ki, dövlətin əsas məqsədi yalnız idarəetmə sistemini formalaşdırmaq deyil, həm də insanın rifahına, cəmiyyətin inkişafına və milli dəyərlərin qorunmasına xidmət etməkdir.
Konstitusiya həm də gələcək nəsillər qarşısında məsuliyyətin ifadəsidir. Bu gün qurulan hüquqi və demokratik dövlətin sabahı gənc nəslin hüquqi düşüncəsindən, vətəndaşlıq mövqeyindən və qanunlara münasibətindən asılıdır. Hüquqlarını bilən, vəzifələrini dərk edən, qanuna hörmətlə yanaşan insan cəmiyyətin inkişafına töhfə verir. Bu baxımdan Konstitusiyanın təbliği və öyrənilməsi, xüsusilə gənclərdə hüquqi maarifləndirmənin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi hesab edirəm ki, Konstitusiyanın mahiyyətini şagirdlərə aşılamaq yalnız hüquqi bilik vermək deyil, həm də onlarda vətənə, dövlətə, insana və ədalətə hörmət hissi formalaşdırmaqdır. Ədəbiyyat insanı mənəvi dəyərlər ətrafında düşündürdüyü kimi, Konstitusiya da cəmiyyətdə bu dəyərlərin hüquqi əsaslarını müəyyən edir. Biri insanın mənəvi dünyasına, digəri isə ictimai həyatın hüquqi nizamına istiqamət verir. Hər ikisinin mərkəzində insan və onun ləyaqəti dayanır.
12 noyabr – Konstitusiya Günü bizim üçün sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün müstəqilliyimizin hüquqi əsaslarını, dövlətçilik tariximizin mühüm mərhələsini və xalqımızın gələcəyə yönəlmiş arzularını xatırladır. Konstitusiya dövlətin hüquqi sütunu, xalqın iradəsinin ifadəsi, sabit və ədalətli cəmiyyət quruculuğunun əsas təminatıdır.
Unutmayaq ki, dövlətin möhkəmliyi yalnız sərhədlərinin bütövlüyü və iqtisadi qüdrəti ilə deyil, həm də qanunlarına olan hörmət, vətəndaşlarının hüquqlarına verdiyi dəyər və ədalət prinsiplərinə sədaqəti ilə ölçülür. Konstitusiya isə bu dəyərlərin yaşamasına xidmət edən ən ali hüquqi təminatdır.
Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəbiyeva Gülnar
Bölməyə aid digər xəbərlər











Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.