
Azərbaycana göstərilən müsbət münasibət Tramp–Vens administrasiyası ilə münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Vitse-prezidentin ölkəmizə rəsmi səfəri çərçivəsində ikitərəfli gündəliyə dair mühüm mövzular üzrə müzakirələr aparıldı. Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması son altı ayda görülən intensiv işlərin nəticəsi kimi qiymətləndirilə bilər və bu sənəd Azərbaycan–ABŞ əməkdaşlığında yeni mərhələnin başlanğıcını ifadə edir.
ABŞ kimi güclü bir dövlətlə strateji tərəfdaşlıq Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir. Tramp–Vens administrasiyasının Qafqazda sülh prosesinə verdiyi töhfələr xüsusilə diqqət çəkir. Ermənistan və Azərbaycan arasında Ağ Evdə əldə olunan razılaşmalar regionda sabitliyin formalaşmasına imkan yaratmış və tərəflər artıq sülh şəraitində yaşamağa başlamışdır.
Vitse-prezident Vensin Azərbaycana bugünkü səfəri və səfər çərçivəsində Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması siyasi, iqtisadi və təhlükəsizlik baxımından tarixi hadisə kimi qiymətləndirilə bilər. Görüşlər zamanı tərəflər arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə geniş və məzmunlu müzakirələr aparıldı. Xüsusilə təhlükəsizlik və antiterror sahəsində birgə fəaliyyətin davam etdirilməsi, regional sabitliyin qorunmasında Azərbaycanın rolu və tərəfdaşlığın daha da dərinləşdirilməsi əsas mövzular sırasında yer aldı. Azərbaycanın hazırda öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin etməsi, onların 11-nin NATO üzvü və ABŞ-ın müttəfiqi olması ölkənin strateji əhəmiyyətini bir daha ön plana çıxardı.
Bağlantılar və nəqliyyat sahəsində TRIPP layihəsinin regionda sülhə, əməkdaşlığa və iqtisadi inteqrasiyaya mühüm töhfə verəcəyi vurğulandı. Bu layihənin Azərbaycanın iki hissəsini birləşdirməklə yanaşı, Cənubi Qafqazı Asiya ilə Avropa arasında etibarlı, təhlükəsiz və genişmiqyaslı nəqliyyat dəhlizinə çevirməsi perspektivi xüsusi diqqət mərkəzində saxlanıldı. Müdafiə sənayesi məhsullarının satışı sahəsində yeni səhifənin açılması, təhlükəsizlik əməkdaşlığının praktik müstəvidə dərinləşdirilməsi və birgə layihələrin icrası da gələcək üçün perspektivli istiqamətlər kimi dəyərləndirildi.
Bununla yanaşı, süni intellekt sahəsində əməkdaşlıq ikitərəfli gündəliyin mühüm istiqamətlərindən biri kimi qeyd edildi. Azərbaycanda AI mərkəzlərinin yaradılması, ABŞ-ın aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq qurulması və artıq ilkin nəticələrin əldə olunması tərəflər arasında texnoloji tərəfdaşlığın genişlənməkdə olduğunu göstərir. Rəqəmsal infrastrukturun inkişafı, innovasiya mühitinin gücləndirilməsi və texnologiyaların kommersiyalaşdırılması da qarşılıqlı maraq doğuran sahələr sırasında yer aldı.
Strateji Tərəfdaşlıq Xartiyasında tərəflərin bir-birinin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstək verdikləri bir daha təsdiqlənir. Sənəddə regional bağlantıların inkişafı, enerji, ticarət və tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi, Orta Dəhlizin və TRIPP marşrutunun reallaşdırılması ilə beynəlxalq ticarət və logistika imkanlarının artırılması əsas hədəflər kimi göstərilir. Eyni zamanda, dövlət və özəl sektorun iştirakı ilə iqtisadi sərmayələrin təşviqi, biznes mühitinin yaxşılaşdırılması və ticarət əlaqələrinin genişləndirilməsi vacib istiqamətlər kimi qeyd olunur.
Enerji sahəsində Azərbaycanla ABŞ arasında mövcud əməkdaşlığın “Əsrin müqaviləsi” və Cənub Qaz Dəhlizi kimi layihələrə söykəndiyi vurğulanır və bu təcrübənin yeni enerji təşəbbüsləri ilə davam etdirilməsi nəzərdə tutulur. Neft, qaz və elektrik enerjisi sahələrində təchizat marşrutlarının şaxələndirilməsi, interkonnektor layihələrinin həyata keçirilməsi və mülki nüvə əməkdaşlığının dərinləşdirilməsi də Xartiyada əksini tapmışb. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin möhkəmləndirilməsi regionun enerji təhlükəsizliyinə töhfə verən əsas amillərdən biri kimi şərh olunur.
İqtisadi sərmayələr bölməsində ikitərəfli ticarətin və investisiya axınlarının artırılması, biznes dialoqu platformalarının yaradılması, özəl sektorun fəal iştirakının təşviqi və regional iqtisadi əməkdaşlığın genişləndirilməsi prioritet kimi göstərilir. Xüsusilə süni intellekt, rəqəmsal infrastruktur və kosmik sənaye sahəsində birgə layihələrin həyata keçirilməsi perspektivli istiqamətlər kimi qiymətləndirilir. Bununla yanaşı, kibertəhlükəsizlik, innovasiya körpü platformaları və tədqiqat-inkişaf mexanizmlərinin yaradılması da tərəflərin texnoloji inkişafı sürətləndirmək niyyətindən xəbər verir.
Təhlükəsizlik əməkdaşlığı sahəsində Cənubi Qafqazda sülhün hər iki ölkənin ortaq marağı olduğu qeyd edilir və Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfələr yüksək qiymətləndirilir. Müdafiə sənayesi məhsullarının satışı, terrorizmə qarşı birgə mübarizə, kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunması sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də humanitar minatəmizləmə istiqamətində maliyyə və texnoloji dəstəyin artırılması əsas hədəflər kimi göstərilir.
İnstitusional çərçivə baxımından Xartiyanın icrasını təmin etmək məqsədilə iqtisadiyyat və ticarət, enerji, bağlantılar, süni intellekt, rəqəmsal inkişaf, təhlükəsizlik və müdafiə sahələri üzrə işçi qruplarının yaradılması nəzərdə tutulur. Bu qrupların qısa müddət ərzində konkret layihələr və yol xəritələri hazırlaması planlaşdırılır. Tərəflərin ildə ən azı bir dəfə müntəzəm görüşlər keçirməsi və əlavə dialoq mexanizmlərinin qurulması da sənəddə əksini tapır.
Ümumilikdə, Vitse-prezident Vensin səfəri, aparılan danışıqlar və imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyan, siyasi dialoqu dərinləşdirən, iqtisadi və təhlükəsizlik əməkdaşlığını genişləndirən mühüm hadisə kimi şərh oluna bilər. Bu sənədlər regionda sülhün möhkəmləndirilməsinə, əlaqələrin güclənməsinə və uzunmüddətli tərəfdaşlığın qurulmasına xidmət edən strateji addımlar kimi dəyərləndirilir.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Lalə İsmayılova
Bölməyə aid digər xəbərlər








