01:35 / 02-07-2026
Azərbaycanda Polis Günüdür
Azərbaycan milli mətbuatı cəmiyyətin tərəqqisində mühüm rol oynayır

Azərbaycan milli mətbuatı cəmiyyətin tərəqqisində mühüm rol oynayır

Azərbaycanda 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar gün görkəmli maarifçi və publisist, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin fəaliyyəti ilə bağlıdır. O, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetini nəşr etdirməklə Azərbaycan Milli Mətbuatının əsasını qoymuşdur. “Əkinçi” ana dilində ilk qəzet olmaqla yanaşı, Azərbaycan xalqının maariflənməsində və milli şüurun, özünüdərk hissinin formalaşmasında əhəmiyyətli töhfə vermişdir.
Həsən bəy Zərdabi ona qarşı edilən bütün təzyiqlərə, çətinliklərə baxmayaraq, “Əkinçi” qəzetini nəşr etdirərək cəmiyyəti elmə, təhsilə və inkişafa səsləmişdir. Qəzetdə əksər məqalələr Həsən bəy Zərdabi tərəfindən yazılmış, dövrün tanınmış ziyalılarından əlavə, kəndlilərin və müəllimlərin də məktubları və yazıları yer almışdır. “Əkinçi” mövcud rejimin çoxsaylı təzyiqləri səbəbindən 1877-ci ildə öz fəaliyyətini dayandırmışdır. Qəzetin cəmi 56 nəşri işıq üzü görsə də, o, özündən sonra meydana çıxan mətbuat orqanlarının fəaliyyətinə güclü təsir göstərmiş, Azərbaycan mətbuatının və aydınlarının yetişməsində böyük rol oynamışdır. “Əkinçi” qəzeti Azərbaycan milli mətbuatının bünövrəsini qoyaraq sonrakı dövrdə “Ziya”, “Kəşkül”, “Molla Nəsrəddin” kimi bir çox qəzet və jurnalların yaranmasına böyük zəmin yaratmışdır. Bu qəzetlərin fəaliyyəti “Əkinçi”nin ideya və maarifçilik xəttinin davamı olmuşdur.
Müasir dövrdə rəqəmsal texnologiyalar medianın fəaliyyət strukturunu kökündən dəyişmişdir. İnformasiya artıq yalnız bir istiqamətdə axmır. İnsanlar artıq rəqəmsal cihazlar vasitəsilə xəbərləri anında izləyə, özləri məzmun yarada və mediaya ciddi şəkildə təsir göstərə bilirlər. Rəqəmsal medianın müsbət cəhətlərindən biri də odur ki, o, brendlərə qlobal auditoriya ilə birbaşa ünsiyyət qurmaq şansı verir, bu isə marketinq fəaliyyətinin səmərəliliyini artıraraq brendin güclənməsinə və geniş izləyici kütləsinə çatmasına geniş şərait yaradır.
İnternet xəbərlərin sürətli və operativ şəkildə yayılmasını təmin etsə də, bu bəzən saxta məlumatların, dezinformasiyaların yayılmasına səbəb olur. Buna görə də jurnalistlərdən yüksək peşəkarlıq, obyektivlik, etik prinsiplərə sadiqlik və məlumatların dəqiqləşdirilməsi daha çox tələb olunur. Güclü milli media cəmiyyətin düzgün məlumatlandırılması və milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Müstəqillik illərində Azərbaycan milli mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymağa başlamışdır. Mətbuat sahəsinin inkişafında Ulu öndərimiz Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ümummilli Liderin rəhbərliyi dövründə media sahəsində islahatlar həyata keçirilmiş, azad və peşəkar medianın formalaşmasında əhəmiyyətli addımlar atılmış, jurnalistikanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ulu öndərimiz Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir. Eyni zamanda, Milli Mətbuat Gününün dövlət səviyyəsində qeyd olunması Ümummilli Liderimizin jurnalistika sahəsinə, azad mediaya göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Ulu öndər Heydər Əliyevin böyük siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün də milli mətbuatın inkişafı cənab Prezidentin diqqət mərkəzindədir. Media sahəsində atılan davamlı və inamlı addımlar buna dəlalət edir ki, Azərbaycanın güclənən iqtisadi imkanları milli mətbuatın irəliləyişi yolunda yaranan müəyyən çətinliklərin aradan qaldırılmasına mühüm şərait yaratmışdır. Cənab Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı əsasında “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalist peşəkarlığını artırmaq, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə edilən mühüm tədbirlərdən biri hesab edilmişdir. Bununla yanaşı, cənab Prezident İlham Əliyev bu gün də xarici mediaya münasibətində beynəlxalq informasiya platformalarını Azərbaycanın mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm vasitə kimi qiymətləndirir və müxtəlif xarici KİV-lərə mütəmadi müsahibələr verir. Xüsusilə Qarabağ mövzusunda verdiyi müsahibələrdə Azərbaycanın ərazi bütövlüyü, münaqişənin tarixi, aparılan bərpa-quruculuq işləri və regionda sülh gündəliyi ilə bağlı ölkənin rəsmi mövqeyini beynəlxalq ictimaiyyətə yüksək səviyyədə, layiqincə çatdırır.
Gələcəkdə Azərbaycan milli mətbuatının əsas prioritetləri rəqəmsal transformasiya, peşəkar jurnalist kadrlarının hazırlanması, süni intellekt texnologiyalarından səmərəli istifadə, informasiya təhlükəsizliyi siyasətinin gücləndirilməsi və beynəlxalq media arenasında ölkəmizin mövqeyinin daha da möhkəmləndirilməsi olmalıdır.
Nəticə etibarilə, Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat ənənələri bu gün uğurla davam etdirilir. Azərbaycan milli mətbuatı cəmiyyətin maariflənməsinə, dövlətçiliyin möhkəmlənməsinə və milli maraqların qorunmasına, yeni nəsillərin formalaşmasına xidmət edən mühüm ictimai məktəb olaraq gələcəkdə də öz əhəmiyyətini qoruyacaqdır.
Bakı şəhəri 108 nömrəli tam orta ümumtəhsil məktəbinin
fransız dili müəllimi Şərqiyyə Rzayeva


Tarix: Bu gün, 11:31


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031