Azərbaycan-Özbəkistan münasibətləri strateji əhəmiyyət kəsb edir

Azərbaycan-Özbəkistan münasibətləri strateji əhəmiyyət kəsb edir

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər ölkələrimiz arasında çoxşaxəli münasibətlərin artıq strateji xarakter aldığını təsdiq edir. Son illərdə yüksək səviyyəli siyasi dialoq əldə edilən nəticələrin əsas şərtlərindən birinə çevrilib. Müntəzəm qarşılıqlı səfərlər və dövlət başçıları arasında sıx təmaslar münasibətlərin ardıcıl siyasi iradəyə söykəndiyini təsdiqləyir. Müttəfiqlik səviyyəsinə yüksələn əlaqələr qarşılıqlı etimadın konkret layihələrdə ifadəsinə imkan yaradır. Bu baxımdan iqtisadi əməkdaşlığın göstəriciləri xüsusilə diqqət çəkir. Belə ki, qarşılıqlı iqtisadi əlaqələr artıq mövcud imkanların sadəcə istifadəsi ilə kifayətlənmir, yeni inkişaf mərhələsinə keçir. Bu prosesdə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin xüsusi çəkisi var. 500 milyon dollar ümumi kapitalla yaradılmış bu platforma hər iki ölkədə perspektivli layihələrin maliyyələşdirilməsinə imkan yaradır. İnvestisiya əməkdaşlığının belə institusional mexanizm üzərində qurulması biznes əlaqələrinin təsadüfi təşəbbüslərdən sistemli tərəfdaşlığa çevrilməsi deməkdir.
        
Qeyd bolunmalıdır ki, birgə istehsal layihələri də iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi xüsusi önəm daşıyır. Bu gün avtomobil sənayesində “Chevrolet” və “Isuzu” markaları üzrə əməkdaşlıq iki ölkənin imkanlarının necə birləşdirilə bildiyini nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərin bərpasında Özbəkistanın iştirakı isə iqtisadi əməkdaşlığa xüsusi mənəvi məzmun qazandırır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi qardaşlığın yalnız siyasi sənədlərdə deyil, gündəlik həyatın özündə də hiss edildiyini göstərən nümunədir. Əlaqələrin coğrafiyası da genişlənir. Özbəkistan investisiyalı şirkətlərin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərməsi, Azərbaycan şirkətlərinin isə Daşkənd və digər ərazilərdə layihələr həyata keçirməsi qarşılıqlı iqtisadi marağın balanslı xarakter daşıdığını göstərir. Turizm, təhsil, media və regionlararası əməkdaşlıq da iqtisadi tərəfdaşlığın sosial dayaqlarını möhkəmləndirir. Xüsusilə qardaşlaşmış şəhərlər arasında əlaqələrin genişlənməsi diqqətəlayiqdir. Bakı ilə Daşkənddən başlayaraq müxtəlif Azərbaycan və Özbəkistan şəhərlərinin tərəfdaşlığı xalqlar arasındakı münasibətlərin bütün səviyyələrə – şəhərlərə, icmalara və insanlara qədər yayılmasına şərait yaradır. Bu, gələcək nəsillərin bir-birini daha yaxından tanıması üçün mühüm zəmin formalaşdırır.
        
Beləliklə, Prezident İlham Əliyevin müsahibəsində əksini tapan mənzərə Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız bu günün uğurlarına deyil, sabahın daha böyük imkanlarına söykəndiyini göstərir. Siyasi etimad iqtisadi layihələri, iqtisadi əməkdaşlıq humanitar yaxınlığı, humanitar əlaqələr isə xalqların qarşılıqlı rəğbətini daha da gücləndirir. Məhz bu bütövlük Azərbaycan və Özbəkistan müttəfiqliyini regional əməkdaşlığın mühüm dayaqlarından birinə çevirir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri.


Tarix: Bu gün, 11:03


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31