
27 Sentyabr 2020-ci il Azərbaycan tarixinin yaddaşına yalnız müharibənin başlandığı gün kimi yazılmadı. Həmin gün illərlə davam edən işğalın, pozulan hüquqların, nəticəsiz qalan danışıqların və gözləntilərin fonunda Azərbaycanın öz haqqını hərbi-siyasi iradə ilə müdafiə etdiyi yeni bir mərhələnin başlanğıcı oldu. Bu tarixdən etibarən xalqın illərlə ürəyində yaşatdığı qayıdış arzusu artıq döyüş meydanında real nəticələrə çevrilməyə başladı.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Bu Zəfər bir gündə yaranmadı. Onun arxasında 30 ilə yaxın davam edən işğal, nəticəsiz danışıqlar, beynəlxalq hüququn işləməməsi, doğma yurdlarından didərgin salınmış yüz minlərlə insanın nisgili və Azərbaycan xalqının torpaqlarına qayıtmaq əzmi dayanırdı. Ona görə də 27 Sentyabrı yalnız müharibənin başladığı gün kimi qiymətləndirmək bu tarixin mahiyyətini tam ifadə etmir. Bu tarix həm də illərlə davam edən səbrin tükəndiyi, milli iradənin hərəkətə keçdiyi və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək yolunda tarixi qərar verdiyi gündür. Rəsmi İrəvanın Azərbaycana qarşı uzun illər davam etdirdiyi siyasət, torpaqlarımızın işğalı, yaşayış məntəqələrinin dağıdılması və azərbaycanlı əhalinin öz doğma yurdlarından qovulması Qarabağ münaqişəsini dərinləşdirən əsas amillərdən idi. 1948-1956-cı illərdə Ermənistandakı tarixi torpaqlarından azərbaycanlıların deportasiyası, 1987-ci ildən başlayaraq yeni deportasiya dalğası və 1988-ci ildə Qarabağ ətrafında baş verən hadisələr xalqımızın yaddaşında ağır izlər buraxdı. İşğal illərində Azərbaycan ərazilərinin böyük hissəsi nəzarətdən çıxarıldı. Yaşayış məntəqələri dağıdıldı, insanlar öldürüldü, yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Xocalı faciəsi isə bu dövrün ən ağır səhifələrindən biri kimi xalqımızın yaddaşına həkk olundu. Bütün bunlara baxmayaraq, Azərbaycan uzun illər ərzində məsələnin sülh yolu ilə həllinə çalışdı. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların çıxarılması tələb olunurdu. Lakin bu qətnamələrin icrası təmin edilmədi. Danışıqlar prosesi uzandıqca işğal faktı da uzanırdı. Azərbaycan isə öz mövqeyini dəyişmirdi: ərazi bütövlüyü bərpa edilməli, məcburi köçkünlər doğma yurdlarına qayıtmalı idi.
2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Tovuz hadisələri Azərbaycanın işğalla barışmadığını bir daha göstərdi. Lakin gərginlik bununla bitmədi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyunca Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə atəş açması vəziyyəti yeni mərhələyə gətirdi. Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dinc sakinlər də həlak oldular. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçdi. Beləliklə, 44 günlük Vətən müharibəsi başladı. Bu müharibə Azərbaycan xalqının milli iradəsinin, ordunun döyüş qabiliyyətinin və dövlətin siyasi qətiyyətinin birliyini bütün dünyaya göstərdi. Döyüşlərin gedişində Azərbaycan Ordusu bir sıra şəhər, qəsəbə və kəndləri işğaldan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və nəhayət Şuşanın azad olunması müharibənin taleyində mühüm mərhələlər oldu. Xüsusilə Şuşanın azad edilməsi Zəfərin rəmzinə çevrildi. Azərbaycan Ordusunun Şuşaya daxil olması hərbi əməliyyatların gedişində dönüş yaratdı. Ardınca imzalanan 10 noyabr 2020-ci il bəyanatı ilə hərbi əməliyyatlar dayandırıldı. Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi.
Millət vəkili onu da deyib ki, 2022-ci il avqustun 26-da Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə həmin proses də tamamlandı. Beləliklə, 27 Sentyabrda başlayan yol Azərbaycan üçün yalnız hərbi qələbə ilə deyil, uzun illər davam edən işğalın sona çatması ilə nəticələndi. 44 günlük müharibənin ən böyük mənəvi gücü xalq–ordu–dövlət birliyi idi. Müharibə günlərində Azərbaycan cəmiyyətində bir amal vardı: Vətən torpaqları azad edilməlidir. “Öldü var, döndü yoxdur” ifadəsi həmin günlərin ruhunu xarakterizə edən şüarlardan birinə çevrilmişdi. Əsgər səngərdə, ailələr evdə, insanlar müxtəlif sahələrdə eyni məqsədə xidmət edirdilər. Cənab Prezident İlham Əliyev bu Qələbənin əsasını təşkil edən amillərdən danışarkən qəhrəman əsgər və zabitlərin fədakarlığını xüsusi qeyd etmişdir: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.” Bu cümlələr 27 Sentyabrın mahiyyətinə də işıq salır. Çünki həmin gün başlayan mübarizənin arxasında Azərbaycan əsgərinin iradəsi, şəhidlərin müqəddəs fədakarlığı və xalqın sarsılmaz birliyi dayanırdı. 27 Sentyabr buna görə tariximizin adi səhifəsi deyil. Bu tarix Azərbaycan xalqının “torpaq” anlayışına necə böyük məna verdiyini göstərən gündür. Bu tarix bizə sübut etdi ki, illərlə gözlənilən ədalət bir gün bərpa oluna bilər. Bu tarix Zəfərin başlanğıc nöqtəsinə çevrildi. Ən başlıcası, 27 Sentyabr bizə bir həqiqəti əbədi olaraq xatırlatdı: Vətən uğrunda verilən mübarizənin ən böyük gücü xalqın öz dövlətinə və Ordusuna olan inamıdır-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.
Bölməyə aid digər xəbərlər









Təsisçi və baş redaktor: Eminov Mehman Niftalı oğlu
Tel: 050 577 95 98
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.