
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının açılış mərasimində iştirak etmişdir.
Mingəçevirdə İstilik Elektrik Stansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etməyə başlayanda vəziyyəti təhlil edərkən gördü ki, Azərbaycanın energetika sisteminə çox böyük investisiyalar qoyulmalıdır. Bütün məsələlər təhlil olunandan sonra sovet rəhbərliyi qarşısında məsələ qaldırıldı. Onun davamlı və çox məqsədyönlü fəaliyyəti nəticəsində Sovet İttifaqının rəhbərliyi Azərbaycana böyük sərmayənin qoyuluşuna icazə verdi.
Əlbəttə bu, tarixi hadisədir. Çünki o vaxt mərkəzləşdirilmiş fondlardan respublikaya vəsait cəlb etmək çox böyük çətinliklərlə başa gəlirdi. Nəzərə alsaq ki, Heydər Əliyev yeni rəhbər idi və onun dərhal belə bir təşəbbüslə çıxış etməsi sovet rəhbərliyində bir çoxlarını təəccübləndirmişdi. Ancaq bütün bunlara baxmayaraq, onun fəaliyyəti və yorulmaz səyləri nəticəsində 1971-ci ildə bu stansiyanın tikintisi haqqında qərar qəbul edildi, Azərbaycana mərkəzləşdirilmiş fondlardan böyük vəsait qoyulmağa və stansiyanın tikilməsinə başlandı.
Qeyd edək ki, tikintisinə 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanan “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku 1981-ci il oktyabrın 20-də, sonuncu - 8-ci blok isə 1990-cı ildə istismara verilib. Öz dövrü üçün nəhəng infrastruktur layihəsi olan və respublikanın energetika sistemində xüsusi əhəmiyyəti ilə seçilən “Azərbaycan” İES elə o vaxtdan ölkənin elektrik enerjisinə tələbatının qarşılanmasında hər zaman birinciliyini qoruyub saxlayıb. Lakin 2018-ci il iyulun 3-də stansiyada baş vermiş qəza nəticəsində ölkənin yarıdan çoxu qaranlıqda qaldı. 330 kilovoltluq yarımstansiyasındakı cərəyan transformatorunda baş verən qəza nəticəsində təxminən min kiloqrama qədər yağ ətrafa axmışdı, yaxınlıqdakı elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq güclü yanğına səbəb olmuşdu. Nəticədə bir-birinin ardınca baş verən qəzalar ölkənin enerji sisteminə ciddi ziyan vurmuşdu.
İki il ərzində həyata keçirilən proqram çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasında bütün parametrlər üzrə tikinti və bərpa işləri sürətlə aparılıb. Əsas diqqət həm də “Azərbaycan” İstilik Elektrik Stansiyasının hər biri ayrıca elektrik stansiyası statusuna malik 8 blokunun yenidən qurulmasına yönəlib. Blokların təbii təsirlərdən qorunması və ən əsası da itkilərin azaldılması üçün izolyasiya işləri görülüb. Yenidəqurma proqramı çərçivəsində yararsız metal konstruksiyalar yenilənib, yük məhdudiyyətinə təsir edən regenerativ hava qızdırıcılarının daxili elementləri dəyişdirilib, turbin qurğularında zədələnmiş işçi kürəklər, hidrogen və yağ istilik mübadilə aparatları da təzələnib. Kimya sexi müasir tipli əks-osmos sutəmizləyici texnologiyaya əsasən yenidən qurulub, reagent təsərrüfatı yenilənib, əlavə ehtiyat su çənləri yaradılıb.
Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan ağır illərdə, müstəqilliyin ilk illərində ayaqda dayana bildi.
“Azərbaycan” İES ölkənin elektrik enerjisinə olan tələbatının 40 faizini ödəyir. Stansiyada istehsal edilən elektrik enerjisi respublikanın enerji sisteminə 330 və 500 kilovoltluq elektrik verilişi xətləri ilə ötürülür.
“8 Noyabr” Elektrik Stansiyasının xalqımıza və dövlətimizə uğur və rifah gətirməsini arzu edirik.
Bölməyə aid digər xəbərlər