Tağıyev Nicat Fəxrəddin oğlu 1987-ci ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuşdur. 1993-cü ildə kənd orta məktəbinin 1-ci sinfinə qəbul olunmuş, 2004-cü ildə isə 11 illik təhsilini uğurla başa vurmuşdur.
2005-ci ildə hərbi xidmətə yollanan Nicat Tağıyev, 2007-ci ildə əsgərliyini layiqincə başa vuraraq mülki həyata qayıtmışdır. Uşaqlıqdan dənizçi olmaq arzusu ilə yaşayan Nicatın taleyi də onu məhz bu sahəyə yönəltmişdir.
Belə ki, 2009-cu ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanmasında matros vəzifəsində əmək fəaliyyətinə başlamışdır. O, bu vəzifədə çalışdığı müddətdə öz məsuliyyəti, zəhmətkeşliyi və peşəkarlığı ilə seçilmiş, üzərinə düşən vəzifələri daim şərəflə və ləyaqətlə yerinə yetirmişdir.
Göstərdiyi yüksək nəticələr və qazandığı təcrübə sayəsində 2019-cu ildə kapitanın böyük köməkçisi vəzifəsinə yüksəlmişdir. Öz üzərində daim çalışan Nicat Tağıyev 2018-ci ildə Həştərxan Dövlət Universitetinə qəbul olunmuş, gəmi sürücülüyü ixtisası üzrə təhsil almış və 2022-ci ildə ali təhsilini uğurla başa vurmuşdur.
Peşəkar inkişaf yolunu davam etdirən Nicat Tağıyev 2023-cü ildə gəmi kapitanı vəzifəsinə təyin olunmuşdur. Hazırda o, bu məsuliyyətli və şərəfli peşədə fəaliyyətini uğurla davam etdirir.
Ağcabədi torpağının yetirməsi olan Nicat Tağıyev öz zəhməti, əzmkarlığı və peşəsinə olan sevgisi ilə gənclərə örnək olan dənizçilərdən biridir.
Bölməyə aid digər xəbərlər








