
“2008 və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri Azərbaycan-Ukrayna münasibətlərinin siyasi arxitekturasını yaradıb.”
Bu fikri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Onun fikrincə, ərazi bütövlüyü və suverenliyin qarşılıqlı dəstəklənməsi isə bu əməkdaşlığı adi dövlətlərarası münasibətlərdən daha yüksək səviyyəyə qaldırır. “Bu baxımdan Ukrayna Prezidentinin aprelin 25-də Azərbaycana rəsmi səfəri təkcə praktiki əməkdaşlıq gündəliyi ilə deyil, münasibətlərin dərin siyasi fəlsəfəsi ilə də diqqət çəkdi. Bu fəlsəfənin mərkəzində isə qarşılıqlı etimad, suverenliyə hörmət və strateji həmrəylik dayanır.”
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, məhz qeyd olunan bu prinsipial xətt ölkəmizin Prezident İlham Əliyev tərəfindən reallaşdırılan xarici siyasətində ardıcıl şəkildə qorunur: “Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial və etibarlı tərəfdaş kimi mövqelənməsi də dövlət başçısının ardıcıl həyata keçirdiyi bu kursun nəticəsidir. Bu gün bir çox dövlətlərin ölkəmizlə əməkdaşlığa xüsusi önəm verməsi də bununla bağlıdır. Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, son dörd ildə Ukrayna lideri ilə yeddi görüşün keçirilməsi, sadəcə, diplomatik statistika deyil. Bu, siyasi etimadın göstəricisidir. Münxendə keçirilən son görüşdən iki ay sonra Bakıda yeni təmasın baş tutması əlaqələrin dinamik xarakterini nümayiş etdirir. Bu səfər həm də Azərbaycan Prezidentinin beynəlxalq siyasətdə dialoq və balans fəlsəfəsinin effektivliyini göstərdi. Azərbaycan heç vaxt münasibətlərini mövcud vəziyyətin məhdud çərçivəsi daxilində qurmayıb. Məhz buna görə də bu gün Bakı etibarlı tərəfdaş, məsuliyyətli aktor və sözünün sahibi olan dövlət kimi qəbul edilir. Azərbaycan-Ukrayna münasibətlərində bu etimad amili gələcək əməkdaşlığın da əsas təminatıdır. Hökumətlərarası komissiyanın və xarici siyasət məsləhətləşmələrinin davamı ilə bağlı müzakirələr bunun institusional əsaslarının da möhkəmləndiyini göstərir. Nəticə etibarilə, Ukrayna liderinin ölkəmizə səfəri bir daha nümayiş etdirdi ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti təkcə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirmir, eyni zamanda, bu nüfuzu konkret strateji tərəfdaşlıqlara çevirir. Bu isə müasir geosiyasi reallıqlarda Azərbaycanın mühüm üstünlüyüdür” .
Bölməyə aid digər xəbərlər







