Səttar Möhbalıyev: “Ulu Öndər sovet dövründə Azərbaycan dilinə dövlət dili statusu qazandırmaqla müstəqil dövlətçiliyimizin ideoloji bünövrəsini möhkəmləndirdi”

Səttar Möhbalıyev: “Ulu Öndər sovet dövründə Azərbaycan dilinə dövlət dili statusu qazandırmaqla müstəqil dövlətçiliyimizin ideoloji bünövrəsini möhkəmləndirdi”

 “Milli dövlətçilik tariximizin müxtəlif mərhələlərində Azərbaycan dili rəsmi dövlət dili kimi elan olunsa da, bu status uzunömürlü olmayıb. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra dilimiz real mənada dövlət dili səviyyəsinə yüksəldi və inkişafın yeni mərhələsinə qədəm qoydu. 1970-ci illərin ortalarından etibarən SSRİ məkanında dil məsələsi yenidən aktuallaşsa da, bu proses milli dillərin deyil, rus dilinin mövqeyinin gücləndirilməsinə xidmət edirdi. 1977-ci ildə yeni SSRİ Konstitusiyasının qəbulundan sonra isə milli dillərə təzyiqlər daha da artdı. Belə bir mürəkkəb şəraitdə ana dilinin hüquqlarını müdafiə etmək böyük cəsarət tələb edirdi. Buna baxmayaraq, həmin dövrdə Azərbaycan respublikasına rəhbərlik edən Heydər Əliyev bu məsələdə prinsipial mövqe nümayiş etdirdi. 1978-ci il aprelin 2-də keçirilən sessiyada Ulu Öndər yeni Konstitusiyada 73-cü maddənin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” kimi təsbit olunmasını təklif etdi və bu təşəbbüs 1978-ci il aprelin 21-də qəbul edilən Konstitusiyada öz əksini tapdı.” 

Bu fikirləri Milli Məclisin deputatı Səttar Möhbalıyev  aia.az-a açıqlamasında səsləndirib.

        
Millət vəkili vurğulayıb ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi gələcək müstəqil dövlətimizin ideoloji dayaqlarının formalaşdırılması baxımından mühüm addım idi: “Bu qərar Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri kimi qiymətləndirilməlidir. Məhz bu addım sayəsində milli kimliyimizin əsas rəmzlərindən biri qorunub saxlanıldı. Ulu Öndər hər zaman Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib, hətta sovet dövründə rusdilli məktəblərdə belə ana dilində dərsliklərin tətbiqini təşviq edib. Çünki dil hər bir xalqın varlığını müəyyən edən əsas amildir. Xaricdə yaşayan soydaşlarla görüşlərinin birində Ulu Öndərin dil haqqında söylədiyi fikirlər də bunu təsdiqləyir. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra da dil məsələsi daim diqqət mərkəzində saxlanıldı. 1995-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi bu siyasətin davamı oldu. Sonrakı illərdə imzalanan fərman və qanunlar dil siyasətinin daha da təkmilləşdirilməsinə xidmət etdi. Xüsusilə 2001-ci ildə qəbul edilən fərmanlar və 2002-ci ildə təsdiqlənmiş “Dövlət dili haqqında” qanun bu sahədə sistemli yanaşmanı təmin etdi” – deyə, Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.


Tarix: Bu gün, 16:16


Bölməyə aid digər xəbərlər
31-07-2025, 14:58 DİLİN İŞIĞINI QORUMAQ


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930