
Azərbaycan Respublikasının xarici siyasətində Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi mühüm yer tutur. Bu baxımdan, 27 aprel 2026-cı il tarixində Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə reallaşdırdığı rəsmi səfər iki ölkə arasındakı bağların keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsidir. Səfər çərçivəsində cənab prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda tərəfdaşlığın bütün istiqamətləri üzrə mühüm mesajlar vermişdir.
Dövlətimizin başçısının vurğuladığı kimi, "Bizim indi çox fəal siyasi dialoqumuz var". Bu dialoq təkcə rəsmi görüşlərlə kifayətlənmir, həm də beynəlxalq müstəvidə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləməklə strateji xarakter daşıyır. Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli münasibətlər hər iki xalqın rifahına və regional sabitliyə xidmət edir.
Əməkdaşlığın digər önəmli sahəsi müdafiə sənayesi ilə bağlıdır. Bu istiqamətdə tərəfdaşlıq potensialı yüksək qiymətləndirilir və müasir texnologiyaların tətbiqi sahəsində birgə addımların atılması nəzərdə tutulur. Eyni zamanda, iqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər mövcüddur. Ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, nəqliyyat və yüksək texnologiyalar sahəsində investisiya imkanlarının genişləndirilməsi hər iki tərəf üçün prioritetdir.
Münasibətlərimizin böyük hissəsi energetika sektoruna aiddir. Azərbaycan bu gün Avropanın enerji xəritəsini yenidən formalaşdıran ölkədir. Dövlət başçısının qeyd etdiyi rəqəmlər Azərbaycanın bu sahədəki çəkisini aydın göstərir: "Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür". Çexiya ilə bu sahədəki əməkdaşlıq həm ölkəmizin gəlirlərinin artmasına, həm də tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin olunmasına zəmanət verir.
Azərbaycanın bugünkü beynəlxalq uğurları və iqtisadi qüdrəti Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş uzaqgörən dövlətçilik kursunun nəticəsidir. Bu siyasəti böyük əzmlə davam etdirən cənab prezident İlham Əliyev Azərbaycanı dünya miqyasında etibarlı tərəfdaş və söz sahibi olan bir dövlətə çevirmişdir. Çexiya ilə mövcud olan sıx əlaqələr bu uğurlu yolun növbəti parlaq səhifəsidir.
Zabrat qəsəbəsi, 81 nömrəli tam orta məktəbin
tarix müəllimi Samirə Adilxanova
Bölməyə aid digər xəbərlər









